İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva İrəvandakı səfirindən narazıdır? 

Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini dəyişdirməyə hazırlaşa bilər. Erməni mediasının yazdığına görə, artıq onun yerinə yeni namizəd axtarışı aparılır.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, məqsəd yeni səfiri müəyyənləşdirmək və Kopırkinin 2027-ci ilin yanvarınadək Ermənistandakı diplomatik missiyasını başa vurmasını təmin etməkdir.

“Hraparak” daha diqqətçəkən bir iddia da irəli sürür. Qəzetin yazdığına görə, həm Ermənistanda, həm də Rusiyada müəyyən dairələr Kopırkini bu ölkədə fəaliyyət göstərmiş “ən uğursuz Rusiya səfiri” hesab edirlər.

Nəşr bunu Kopırkinin Ermənistan hakimiyyəti ilə tərəfdaş münasibətlər qura bilməməsi, eyni zamanda Rusiyaya yaxın erməni siyasi dairələri ilə kifayət qədər sıx əlaqələr yaratmaması ilə izah edir. Qəzetin mənbələri hətta Ermənistanda anti-Rusiya əhvalının güclənməsində səfirin də müəyyən məsuliyyət daşıdığı qənaətindədirlər.

Kopırkin 2018-ci ilin aprelindən Rusiyanın Ermənistandakı səfiridir və artıq doqquzuncu ildir bu vəzifəni tutur.

“Hraparak” mümkün dəyişikliyi Ermənistanın Moskvadakı səfirini dəyişməsi ilə də əlaqələndirərək, bunun qarşılıqlı diplomatik rotasiya kimi qiymətləndirildiyini yazır.

Hələlik Rusiya tərəfi Kopırkinin geri çağırılması və ya onun yerinə yeni səfir təyin olunması barədə rəsmi açıqlama verməyib. Üstəlik, diplomat fəaliyyətini davam etdirir: sentyabrın 11-də Ermənistan parlamentində həm hakim, həm də müxalif siyasi qüvvələrin nümayəndələri ilə görüşüb, sentyabrın 19-da isə Zəngəzur və Aqaraq mis-molibden kombinatlarına səfər edib.

Buna görə “Hraparak”ın məlumatı hazırda mümkün kadr dəyişikliyi barədə media iddiası kimi qiymətləndirilməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR