Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda siyasi qarşıdurma yenidən sərtləşir. Ölkənin sabiq prezidenti Mixail Saakaşvili məhkəmədə çıxışı zamanı hakimiyyətə, xüsusilə hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı kəskin ittihamlar səsləndirib. “Mişa” İvanişvilinin idarəçilik modelini tənqid edərək onun nəinki siyasi sahədə, hətta özünün yaratdığı sistem daxilində də effektiv idarəçilik nümayiş etdirə bilmədiyini iddia edib.
Saakaşvili məhkəmədə çıxışında Gürcüstanın gələcək siyasi mənzərəsi ilə bağlı da iddialı açıqlamalar verib. O, ölkənin “qeyri-funksional diktatorun rəhbərlik etdiyi qeyri-funksional dövlətə” çevrilə biləcəyi barədə xəbərdarlıq edib və hakimiyyətin siyasətini Rusiyanın Gürcüstan cəmiyyətinə təlqin etdiyi düşüncələrlə əlaqələndirib. Sabiq prezident həmçinin ölkədə təhlükəsizlik, narkotik və cinayətkarlıqla bağlı problemlərin yenidən aradan qaldırılacağını bildirib.
Saakaşvilinin çıxışının ən diqqətçəkən hissəsi isə Gürcüstanda hakimiyyət dəyişikliyi ilə bağlı proqnozu olub. O, ölkənin dəyişikliklərə əvvəlkindən daha hazır olduğunu iddia edib və hazırkı hakimiyyətin “qaçılmaz” şəkildə devriləcəyini bildirib.
Onun açıqlamaları nə dərəcədə real siyasi proseslərin göstəricisidir? İvanişvili hakimiyyətinin qarşısında həqiqətən ciddi siyasi dəyişiklik təhlükəsi varmı? Saakaşvilinin məhkəmə zalından verdiyi bu mesajlar Gürcüstan cəmiyyətində hansı reaksiyanı yarada bilər?

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirib ki, Gürcüstan siyasətində hazırda iki əsas siyasi xəttin mövcudluğundan danışmaq mümkündür:
“Bunlardan biri İvanişvili xəttidir. Bu xətt daha çox geosiyasi reallıqları, ölkənin ümumi təhlükəsizlik məsələlərini və iqtisadi-ticarət əlaqələrinin inkişafını önə çəkir. Gürcüstanın təhlükəsizliyinin təmin olunması üçün müxtəlif ölkələrlə münasibətlərin aqressiv qarşıdurma üzərindən deyil, daha çox yumşaq və praqmatik şəkildə tənzimlənməsini müdafiə edir. İkinci xətt isə daha çox Saakaşvili siyasi xəttinə yaxın olan və Qərb dəyərlərini ön plana çıxaran yanaşmadır. Bu siyasi xətt Gürcüstanın Rusiyanın Cənubi Qafqazdakı təsirindən sığortalanması üçün Qərblə, xüsusilə də Avropa və ABŞ-la münasibətlərin daha da dərinləşdirilməsini əsas istiqamət kimi görür. Hazırkı siyasi vəziyyətdə Saakaşvili xəttindən gələn çağırışları da bu kontekstdə qiymətləndirmək lazımdır. Bu çıxışlar daha çox Qərbyönlü siyasi düşərgəni ayaqda saxlamaq məqsədi daşıya bilər. Çünki indiki mərhələdə Qərbin Cənubi Qafqaza əvvəlki kimi açıq və genişmiqyaslı müdaxilə imkanları məhduddur. Xüsusilə ABŞ hazırda Yaxın Şərqdə ciddi problemlərlə, o cümlədən Hörmüz boğazı ətrafında yaranmış təhlükəsizlik məsələləri ilə qarşı-qarşıyadır. Bu səbəbdən Saakaşvili xəttinin səsləndirdiyi müraciətlərin bir hissəsini daha çox öz siyasi elektoratını və Qərbyönlü düşərgəni konsolidasiya etmək cəhdi kimi qiymətləndirmək mümkündür”.
Siyasi şərhçi hesab edir ki, Gürcüstan cəmiyyətində Saakaşvili xəttinə münasibətdə müəyyən ehtiyatlılığın mövcudluğunu da nəzərə almaq lazımdır:
“Bunun əsas səbəblərindən biri 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə bağlı yaddaşdır. Həmin müharibə Gürcüstan üçün ciddi siyasi və ərazi nəticələrə gətirib çıxardı. Buna görə də Gürcüstan cəmiyyətinin müəyyən hissəsində Saakaşvili dövrünün xarici siyasət kursunun ölkəni yenidən hərbi qarşıdurmaya sürükləyə biləcəyi ilə bağlı narahatlıq qalmaqdadır. Beləliklə, Gürcüstan siyasətində əsas mübahisə yalnız Qərb və Rusiya arasında seçim məsələsi deyil. Burada həm də təhlükəsizliyin hansı üsulla təmin ediləcəyi, geosiyasi risklərin necə idarə olunacağı və ölkənin iqtisadi maraqları ilə xarici siyasət prioritetlərinin necə uzlaşdırılacağı məsələsi dayanır”.
Cavanşir Abbaslı
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ