İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məmurlar ana dilində doğru-dürüst danışa bilməlidir” – Qulu Məhərrəmli ilə MÜSAHİBƏ

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Bu əlamətdar gün münasibətilə Musavat.com-un əməkdaşı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli ilə söhbətləşib.

Müsahibəni təqdim edirik:

– 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik. Sizcə, bu gün Azərbaycan dilinin vəziyyətini necə qiymətləndirmək olar? 

– Əvvəla, belə bir xüsusi günün, yəni Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis olunması çox önəmlidir. Yəni ən azından şəxsən belə bir gündə biz ana dili haqqında, milli kimlik, milli özünəməxsusluq, milli düşüncə haqqında düşünürük və bu, insanların düşünməsi, ana dilinə münasibətini yenidən nəzərdən keçirməsi üçün çox önəmli bir impulsdur. Yəni çox bəlağətli ifadələr işlədirik ki, ana dili bizim varlığımızdır, ruhumuzun ifadəsidir. Bunlar həqiqətən gerçəkdir.

Azərbaycan dilindəki problemlərə diqqət yetirmək üçün də önəmli bir gündür. Bu problemlər, əlbəttə, bəzilərinin həyəcan təbili çaldığı qədər dərin deyil, amma var. Birinci növbədə, yeni nəslin ana dilinə münasibəti, bu dildə danışmaq, yazmaq, özünü düzgün ifadə etmək, dilin qaydalarına bələd olmaq və ona əməl etmək baxımından müəyyən problemlər var. Bu, əlbəttə ki, çox düşündürücüdür. Orta məktəblər, ali məktəblər dil məsələsini ikinci plana keçirə bilməz. Onun üçün də ana dili ilə bağlı həm tədrisin, həm o dilin işləkliyinin artırılması, dövlət idarələrində Azərbaycan dilinin işləkliyi, məmurların ana dilində doğru-dürüst danışa bilməsi – bunlar hamısı ciddi məsələlərdir. Bu, həm rəsmi sənədlərdə, həm də dövlət başçısının çıxışlarında bu və ya başqa formada ifadə olunan tələblərdir. 

F4AXg7DO0fs2PLG57cH76H5aNsJPq9eBf33IaPHE_1200.jpg (297 KB)

– Media dilində vəziyyət sizi qane edirmi? Televiziya, xəbər saytları və sosial media platformalarında Azərbaycan dilinin ədəbi normalarına nə dərəcədə əməl olunur?

– Bu gün ana dilində ən mürəkkəb və həm də ən çevik proseslər mətbuat, televiziya-radio dilində gedir. Çünki dilin ön cəbhəsi mətbuatdır, televiziyadır, radiodur. Yəni burada hər şey güzgü kimi əks olunur. Burada da tendensiyalar müxtəlifdir. Yəni yaxşı cəhət odur ki, müxtəlif laylarda dil çox aktiv şəkildə işlənir, üslublar rəngarəng şəkildə özünü göstərir. Amma eyni zamanda problemlər də var. Problemlər birinci növbədə həmkarlarımızın Azərbaycan dilini yaxşı bilməmələridir, dil bazalarının zəif olmağıdır, xüsusən leksik layı zəif bilmələridir. Dilin işlənməsində, sintaktik quruluşda müəyyən problemlər var. Televiziya-radioda həm də eyni zamanda intonasiya, tələffüz, vurğu nöqsanları özünü göstərir. Hesab edirəm ki, müəyyən monitorinqlərlə, məşğələlərlə bunları da aradan qaldırmaq mümkündür. Məsələn, Teleradio Akademiyası 6 ay müddətində media dilində Azərbaycan dilinin işlənməsi mövzusunda bir layihə apardı, xoşa gəldi. Yəni mətbuat nümayəndələri, saytda çalışanlar orada iştirak edirdilər. Sonda da bir kitab ortaya çıxardılar. Bu cür addımların atılması, əlbəttə ki, vacibdir. Yəni mətbuatda işləmək dilə çox mükəmməl şəkildə yiyələnmək deməkdir. Sosial şəbəkələrlə müqayisə aparmaq olmaz, çünki sosial şəbəkələr qaydası olmayan məkandır. Burada dilin işlənməsi, əlbəttə ki, çox bərbaddır. Yəni istər şəxsi yazışmalarda, şərh yazılarında, statuslarda bəzən görürsən ki, dilin qaydalarına əməl etməyə çalışırlar, amma dil bilgisi zəifliyindən nöqsanlara yol verirlər. Yenə də hər şey gəlib dayanır ana dilinin qaydalarını mükəmməl bilməməyə. Bu sahədə bizim problemlərimiz var. Hesab edirəm ki, həm orta məktəbdə, həm də ali məktəbdə dil tədrisi yüksəldilməlidir. Qeyri-ixtisas fənlərində, yəni ancaq humanitar sahələrdə deyil, dəqiq fənlərdə də nitq mədəniyyəti fənninin keçirilməsinə ehtiyac var. Arada bir bu tədris olunurdu, sonra nəsə onu dayandırdılar, proqramdan çıxardılar, amma bərpa etməyə ehtiyac var.

– Dilimizdə yeni sözlərin yaradılması və terminlərin Azərbaycan dilinə uyğunlaşdırılması prosesini necə qiymətləndirirsiniz? 

– Termin sözünün latıncadan tərcüməsi sərhəd deməkdir. Yəni o, işlək ədəbi dil ilə sahə elminin leksik bazası arasında bir sərhəddir. Ona görə bizim üçün işlək olan ədəbi dildə anlaşılan və dilin qaydalarına uyğun sözlərin işlənməsidir. Bəziləri alınma sözlərdən çox narahat olur, amma bundan narahat olmağa dəyməz. Çünki dil canlı mexanizmdir, söz alır, sözləri işlədir, cilalayır və öz fonduna keçirir. Amma söhbət yerli-yersiz alınma sözlərdən istifadə edəndən gedir. Yəni bəzi adamlar terminologiya ilə danışır, savadlı görünmək üçün müəyyən xarici terminlərdən istifadə edir. Bu, bəzən çox gülünc vəziyyət yaradır və mənanı ifadə etmir. Hansı sözü işlətməli? Bunun ən yaxşı reseptini Üzeyir Hacıbəyli verib. Hacıbəyli deyib ki, dilin öz sözü, yoxsa alınma söz – hansını işlətməli? Yanaşma çox dəqiqdir. Deyir ki, mənanı, semantikanı hansı söz daha dəqiq ifadə edirsə, o işlənməlidir. Ona görə ki, misal üçün, elə söz var, ana dilində o sözü tam ifadə etmir. Ona görə də uyğun sözü tapıb işlətmək çox önəmlidir.

Hazırda dilin zənginləşməsinin bir yolu da digər türk dillərindən alınan sözlərdir ki, bunlar alınma sözlər sayılmır, amma bütün hallarda o sözlər də fikri, mənanı, hadisəni və əşyanı ifadə etməkdə yardımçı olur. Ona görə də dilin zənginləşməsi prosesi bu şəkildə gedir və hesab edirəm ki, həm problemləri görməliyik, yolların həllinə çalışmalıyıq, həm də dilimizin doğru-dürüst işlənməsinə nail olmalıyıq.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR