Onlayn ictimai-siyasi qəzet
İranla ABŞ arasında gərginliyin daha da artacağı təqdirdə qarşıdurmanın Avropa ərazisinə keçə biləcəyi bildirilir. Tehran Avropada yerləşən ABŞ obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tehran ABŞ-la münasibətlərin daha da kəskinləşməsi halında Avropadakı Amerika hərbi infrastrukturu və onun fəaliyyətinə dəstək verən obyektləri mümkün hədəflər sırasında nəzərdən keçirir.
FT bildirir ki, belə ssenarinin aktuallaşması tərəflər arasında mövcud qarşılıqlı anlaşma memorandumunun müddətinin başa çatmasından sonra münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı ola bilər.
Mümkün istiqamətlərdən biri Bolqarıstandır. Qəzetin məlumatına görə, ötən ay Bolqarıstan hakimiyyəti ABŞ təyyarələrinin ölkə ərazisində yerləşən Bezmer aviabazasından yanacaq doldurmaq məqsədilə istifadə etməsinə icazə verib. Bu səbəbdən Bolqarıstan ərazisinin İranın nəzərdən keçirdiyi mümkün hədəflər sırasında olduğu bildirilir.
FT-nin mənbələri Kipr ərazisinin də mümkün hədəflər sırasında nəzərdən keçirildiyini bildiriblər.
Beləliklə, söhbət İranın bütövlükdə Avropa ölkələrinə hücum planından deyil, ABŞ-la qarşıdurmanın genişlənəcəyi halda Avropa ərazisindəki Amerika obyektlərinin hədəfə alınması ehtimalından gedir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ