Onlayn ictimai-siyasi qəzet
Korrupsiya ilə mübarizədə ən vacib məsələlərdən biri qanun pozuntuları barədə məlumat verən şəxslərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsidir. Təcrübə göstərir ki, korrupsiya faktlarını ifşa edən şəxslər bir çox hallarda iş yerində təzyiqlərlə, təhdidlərlə, vəzifədən uzaqlaşdırılmaq və ya digər qisas xarakterli tədbirlərlə üzləşirlər. Məhz bu səbəbdən Azərbaycan qanunvericiliyində korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsinə xüsusi yer ayrılıb və onların hüquqlarının qorunması üçün ayrıca mexanizmlər müəyyən edilib.
Vəkil Sadiq Əfəndiyev Musavat.com-a açıqlamasında bildirib ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsinə yönəlmiş tədbirlər Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun 11-2-ci maddəsində nəzərdə tutulub: “Qanunda nəzərdə tutulan tədbirlər məlumat verən şəxsin konfidensiallığının qorunmasını, ona və yaxın qohumlarına qarşı hədə-qorxu, təzyiq və digər qanunsuz təsirlərin qadağan edilməsini, əmək münasibətləri sahəsində qisas xarakterli tədbirlərdən müdafiəni, təhlükəsizlik tədbirlərinin tətbiqi imkanını, pozulmuş hüquqların inzibati və məhkəmə qaydasında müdafiəsini təmin etməklə, qanunun tələblərini pozan şəxslərin məsuliyyətinin müəyyən edilməsinə yönəlib. Bununla yanaşı, nəzərə alınmalıdır ki, göstərilən müdafiə mexanizmləri bilə-bilə yalan məlumat verən və ya qanunsuz fayda əldə etmək məqsədi güdən şəxslərə şamil olunmur.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçinin əmək hüquqlarının qorunmasına yönəlmiş normada qeyd edilir ki, işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür”.
Vəkil bildirir ki, diqqəti cəlb edən əsas məqam xüsusi prosessual müdafiə mexanizminin müəyyən edilməsidir: “Belə ki, məlumat verən şəxs ona qarşı qisas almaq məqsədilə işəgötürən tərəfindən hər hansı tədbirin tətbiq edildiyinə dair dəlillər irəli sürdükdə, həmin dəlillərin təkzib edilməsi və yaxud tətbiq olunmuş tədbirin onun korrupsiya ilə bağlı verdiyi məlumatla əlaqədar, yəni qisas xarakterli olmadığının sübuta yetirilməsi vəzifəsi işəgötürənin üzərinə düşür. Bununla qanunverici qisas xarakterli davranışların sübut edilməsində işçinin üzləşə biləcəyi çətinlikləri nəzərə alaraq ümumi sübutetmə qaydasından müəyyən mənada kənara çıxaraq məlumat verən şəxsin təqdim etdiyi ilkin dəlillərin əsaslılığı prezumpsiyasından çıxış edir və əksinin sübut olunması yükünü qarşı tərəfin üzərinə qoyur. Bu yanaşma korrupsiya ilə bağlı məlumat vermiş şəxslərin qisas xarakterli təqib və təzyiqlərdən daha effektiv müdafiəsinə xidmət edir”.
Şahanə Rəhimli
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ