İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul, yoxsa Alyaska? Zelenski - Putin görüşü harada baş tuta bilər?

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə birbaşa danışıqlara hazır olduqlarını açıqlayıb. Onun sözlərinə görə, sülh prosesinin ilk mərhələsi ABŞ və Avropa ölkələrinin iştirakı ilə aparılmalı, bundan sonra isə Kiyev və Moskva arasında birbaşa təmaslar mümkün ola bilər.

Bəs Zelenskinin Rusiya ilə birbaşa danışıqlara hazır olduğunu bəyan etməsi əvvəlki mövqelərlə müqayisədə hansı dəyişiklikləri göstərir?

Qərbin vasitəçi kimi çıxış etməsi Moskva üçün qəbulolunan formatdırmı?

Bu proses 2026-cı ilə qədər münaqişənin dondurulması ssenarisinə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb:

"Ukrayna rəhbərliyi əvvəldən Rusiya ilə münasibətlərin normallaşmasına razı idi. Daha dəqiq desək, Rusiya ilə birbaşa danışıqların aparılmasına hazır olduğunu dəfələrlə bəyan etmişdi. Lakin Rusiya tərəfi bu təkliflərdən imtina edib. Hazırkı situasiya da bunu açıq şəkildə göstərir. ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən son görüş də məhz ona dəlalət edir ki, Ukrayna tərəfi yenidən Rusiya ilə birbaşa danışıqlara hazırdır. Ancaq buna baxmayaraq, Rusiya tərəfindən yenə də sərt və qeyri-konstruktiv mövqenin şahidi oluruq.

Rusiya müxtəlif arqumentlər irəli sürür, hətta Ukrayna rəhbərliyinin legitim olmadığını iddia etməyə qədər gedib çıxır. Moskva bildirir ki, Ukraynada müəyyən müddətdir seçkilər keçirilməyib və buna görə də Zelenski hakimiyyəti tam legitim sayılmır, bu səbəbdən də onunla danışıqlar aparmaq mümkün deyil. Bununla yanaşı, Rusiya əlavə və olduqca ağır tələblər irəli sürür. Məsələn, Ukrayna ordusunun Donetsk və Luqansk, yəni Donbas bölgəsindən tamamilə çıxarılmasını, eləcə də hazırda Rusiya tərəfindən işğal olunmamış şəhərlərin də Moskvanın nəzarətinə verilməsini tələb edir.

Bu cür şərtlər və tələblər danışıqların keçirilməsini faktiki olaraq əsassız və mümkünsüz hala gətirir".

Politoloq qeyd edib ki, bununla belə, görüşün baş tutacağı ilə bağlı müəyyən ümidlər də mövcuddur:

"Belə ki, son dövrlərdə ABŞ Prezidenti Donald Trampın həm Zelenski, həm də Vladimir Putinlə intensiv təmasları və danışıqları bu istiqamətdə müəyyən nikbinlik yaradır.
Çox böyük ehtimalla mümkün görüş Türkiyənin İstanbul şəhərində, Trampın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə keçirilə bilər. Digər bir ehtimal isə görüşün ABŞ-ın Alyaska ştatında, yenə Donald Trampın vasitəçiliyi ilə Zelenski və Putin arasında baş tutmasıdır. Bununla yanaşı, üçtərəfli telefon danışığının keçirilməsi variantı da gündəmdədir".

Politoloqun fikrincə, Ukrayna və Rusiya liderləri vasitəçi olmadan birbaşa danışıqlara başlaması və ya birbaşa telefon əlaqəsi qurması mümkün görünmür:

"Böyük ehtimalla bu proses Donald Trampın vasitəçiliyi ilə həyata keçiriləcək. Danışıqların əsas mərhələsinin ilin birinci rübündə baş tutacağı gözlənilir. ABŞ-nin əsas hədəfi də məhz ilin birinci rübünə qədər Kiyev və Moskva arasında əlaqələrin bərpasına nail olmaq və atəşkəsin təmin edilməsidir. Bu istiqamətdə artıq müəyyən addımlar atılır və diplomatik səylər davam etdirilir".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR