Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi gündəmə ildırım kimi düşdü və ciddi rezonans doğurdu. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı tərəflər ABŞ prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar. Həmçinin, tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.
Bildirilir ki, söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər. Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, telefon zəngindən əvvəl Nikol Paşinyan Vaşinqton razılaşmalarının ildönümü münasibətilə Azərbaycan və erməni xalqlarına təbrik də ünvanlamış, eyni zamanda etiraf etmişdi ki, 8 avqusta qədər Ermənistan dalan vəziyyətində olub.

Deputat Sahib Alıyev günün əsas mövzusu ilə bağlı Musavat.com-a bunları bildirib:
“Mən bu zəngi bir növ minnətdarlıq zəngi sayıram. Çünki birincisi, regiona sülhü gətirən Azərbaycan Prezidentidir. İkincisi, bir il ərzində Ermənistanın bizim neft məhsulları ilə təmini, tranzit yüklərin ərazimizdən keçməklə ora və əks istiqamətdə daşınmasına qoyulan qadağanın aradan götürülməsi və sair dövlətimizin sülh gündəliyinə verdiyi töhfədir”.
Deputat hesab edir ki, haqqında söhbət gedən digər məsələlərin - TRIPP marşrutunun icrası, sülh prosesinin irəlilədilməsi isə ilk növbədə Ermənistandan asılıdır:
“Rəsmi İrəvan sözdə buna hazır olduğunu bildirir. Bəs əməldə necə? Fikrimcə, bu suala birmənalı cavab vermək çətindir. Düzdür, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsində zamanında həvəsləndirildikləri işğalçılıqdan miras qalan obyektiv geosiyasi çətinliklər var. Amma Azərbaycan öz örnəyində göstərib ki, siyasi iradə ortaya qoyanda istənilən çətinliyi aşmaq mümkündür. Özü də o maneələri ki, biz dəf etdik, indi Ermənistanın üzləşdiyi onların yanında heç nədir. Üstəlik, həmin maneələrin dəf olunmasında zamanında bizə maneə törədənlərin önəmli bir hissəsi indi Ermənistanın yanındadırlar.
Bir sözlə, top qarşı tərəfin meydançasındadır və biz gözləyirik”.

Politoloq Elxan Şahinoğlu isə Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın sülh sazişinin paraflanmasının birinci ildönümündə Prezident İlham Əliyevə zəng etməsinin bir neçə məqsədi olub:
“Birinci məqsəd – həm beynəlxalq aləmə, həm də Ermənistan ictimaiyyətinə göstərməkdir ki, sülh quruculuğu uğurla davam edir. Burada həqiqət var. Elə zəng sırasında xəbər yayıldı ki, Azərbaycan növbəti yüklərin öz ərazisindən tranzitlə keçməsinə şərait yaradıb, yenə də Azərbaycandan yanacaq göndərilir. Bu, Paşinyanın bir məqsədidir ki, sülh quruculuğu davam edir, Cənubi Qafqazda sabitlik var, əməkdaşlıq var, itki yoxdur. İlk məqsədi beynəlxalq aləmə və öz ictimaiyyətinə bunu belə təqdim etməkdir”.
E.Şahinoğlu ikinci mühüm məsələ barədə bunları söyləyib:
“Biz düşünürdük ki, Nikol Paşinyan parlament seçkilərindən sonra konstitusiya dəyişikliyi prosesini də sürətləndirəcək, referendum keçiriləcək. Düzdür, deputat sayı hələ referendumu keçirmək üçün Paşinyana imkan vermir, amma alternativlər də var. Paşinyan son açıqlamalarının birində qeyri-müəyyən şəkildə referendumun gələn il keçirilə biləcəyini də söylədi. Görünür, Paşinyan bu mövzu ətrafında da İlham Əliyevlə fikir mübadiləsi aparıb. Biz hədəflərimizə çatmışıq, ərazi bütövlüyümüzü təmin etmişik. Sülh sazişinin paraflanmasından sonra onun imzalanması daha çox Ermənistanın özünə lazımdır. Yəni bu ətrafda da ola bilsin Paşinyanın məqsədi olub ki, İlham Əliyevlə fikir mübadiləsi aparsın”.

Politoloq digər mühüm məqama da diqqət çəkib:
“Digər bir məqsədi də ola bilər. Paşinyan gizlətməmişdi ki, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək istəyir. Bundan əvvəlki sammit may ayında İrəvanda keçirildi və Azərbaycan Prezidenti onlayn şəkildə sammitə qatılıb çıxış etmişdi. Paşinyan isə Bakıya gəlmək istəyir. Yəni İlham Əliyevə zəng etmək, təmasları genişləndirmək gələn il Bakıda keçiriləcək toplantıda iştirak marağından da irəli gələ bilər. Amma daha yaxşı olardı ki, əgər Paşinyan Bakıdakı sammitdə iştirak etmək istəyirsə, bundan əvvəl referendum keçirilsin və sülh sazişi imzalansın. Bu halda, bəli, böyük ehtimalla Paşinyanın Bakıda iştirakı məqbul sayıla biləcək”.
Elxan Şahinoğlu başqa bir məqamdan da bəhs edib:
“Paşinyan ilk dəfə belə bir zəng etməklə nümayiş etdirmək istəyir ki, bir dövlət Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb, qətliamlar törədib, indi sülh quruculuğunda ilk dəfə belə bir zəng təşəbbüsü ilə çıxış edir. Yəqin ona da ümid edir ki, növbəti zəngi gələcək müddətdə məhz İlham Əliyev ona edəcək. Bu da sülh quruculuğuna təkan verəcək. Yəni onun bu kimi məqsədləri olub”.
E.Paşasoy,
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ