Onlayn ictimai-siyasi qəzet
Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın İran parlamentində ratifikasiyası İranın mənafeyinə uyğundur. Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi İran prezidenti Məsud Pezeşkianın jurnalistlərlə təşkil olunan mətbuat konfransında deyib. “Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya 2018 və 2019-cu illərdə o vaxtkı hökumət tərəfindən qərarın verilməsi məqsədilə İran parlamentinə göndərilib. Dörd sahilyanı ölkə sözügedən konvensiyanı qəbul edib. İranın bu konvensiyanı qəbul etməsi parlamentin ratifikasiyasından asılıdır”, - deyə o qeyd edib. Əraqçi bildirib ki, Rusiya kimi ölkələr bu konvensiyanın dərhal icra olunmasını istəyir. İranlı nazir daha sonra qeyd edib ki, sözügedən konvensiyada dənizdə İranın payı məsələsi irəli sürülmür. Bu məsələ ikitərəfli və üçtərəfli formatda müzakirələrə bağlıdır.

Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5 sahilyanı ölkə - Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir. 2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) 5-ci sammitində dövlət başçıları tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalanıb. Konvensiya 4 ölkənin parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində ratifikasiya olunmayıb.
Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada ölkələrin payı ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması nəzərdə tutulub. İranlı nazir isə deyir ki, sözügedən konvensiyada dənizdə İranın payı məsələsi irəli sürülmür.
Söhbət nədən gedir və niyə parlament ratifikasiya etmir?
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a deyib ki, Xəzərlə bağlı ilk hüquqi razılaşma Rusiya imperiyası ilə Qacarlar xanədanı arasında bağlanmış 1813-cü il Gülüstan müqaviləsində nəzərdə tutulub. “Bu müqaviləyə görə Qacarlar xanədanı Xəzər dənizində hərbi donanma saxlamaq hüququndan məhrum edilib. Eyni subyektlər arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsində də həmin müddəa qüvvəsini saxladı. 1921-ci il Sovet-İran Dostluq müqaviləsi əvvəlki müqavilələrinin bir sıra müddəalarını ləğv etdi və Xəzərin statusunda yeni hüquqi mərhələ yaratdı. Bu müqaviləyə görə Xəzər faktiki olaraq iki sahilyanı dövlətin - Rusiya və İranın istifadəsində olan su hövzəsi kimi müəyyən olundu, gəmiçilik və hərbi-dəniz fəaliyyəti baxımından hər iki tərəfin hüquq bərabərliyini təsbit edildi və İranın Xəzərdə hərbi gəmi saxlamaq hüququ bərpa edildi, üçüncü dövlətlərin Xəzərdə hərbi və ya digər fəaliyyətinə ciddi məhdudiyyət qoyuldu. Nəhayət 1940-cı ildə SSRİ ilə İran arasında bağlanmış Ticarət və Gəmiçilik müqaviləsinə görə Xəzərdə yalnız SSRİ və İranın ticarət və gəmiçilik hüquqları təsbit edildi. Xəzər faktiki olaraq qapalı su hövzəsi kimi qəbul edildi və sahilyanı olmayan dövlətlərin burada gəmiçilik hüququ məhdudlaşdırıldı. Xəzərin 10 dəniz mili enində milli balıqçılıq zonaları nəzərdə tutulurdu və bu 10 millik zolaqlardan kənarda balıqçılıq və digər istifadə məsələləri iki ölkənin ümumi istifadə məkanı elan olundu”,_ deyə Əlibəyli qeyd edib.
Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra uzun müddətli müzakirə və mübahisədən sonra 2018-ci ildə beş sahilyanı dövlət tərəfindən Xəzərin statusuna dair Konvensiya imzalandı: “Konvensiyanı imzalayan dövlətlərdən 4-ü onu ratifikasiya etsə də İran indiyə qədər konvensiyanı ratifikasiya etməyib. Bir neçə gün bundan əvvəl Xəzərin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasının İran parlamentində ratifikasiyası məsələsinin yenidən gündəmə gətirilməsi ilk baxışda texniki-hüquqi məsələ təsiri bağışlaya bilər. Əslində isə söhbət Xəzərdə regional güc balansına təsir göstərə biləcək kifayət qədər ciddi siyasi qərardan gedir. Bu baxımdan İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması xüsusilə diqqətçəkəndir: nazir bir tərəfdən konvensiyanın İranın milli maraqlarına uyğun olduğunu bildirir, digər tərəfdən isə vurğulayır ki, sənəddə İranın Xəzərdəki konkret payı müəyyənləşdirilmir və bu məsələ ikitərəfli, yaxud üçtərəfli danışıqlar yolu ilə həll olunmalıdır”.

Hüquqşünas bildirib ki, Xəzər haqqında konvensiyada təkcə İranın deyil, heç bir sahilyanı dövlətin Xəzərdəki konkret payı müəyyənləşmir: “Konvensiya yalnız Xəzərin dibinin necə bölüşdürüləcəyinin hüquqi çərçivəsini yaratdı. Konvensiyasının 8-ci maddəsinə əsasən Xəzərin dibi və yeraltı sərvətlərinin sektorlara bölünməsi qonşu və qarşı-qarşıya sahilləri olan dövlətlərin razılaşması ilə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulur. Bu müddəa əslində mövcud praktikanı nəzərə alır. Belə ki, 2001-2003-cü illərdə əvvəlcə Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya ayrı-ayrılıqda ikitərəfli qaydada, sonra isə həmin dövlətlər birlikdə üçtərəfli qaydada öz aralarında Xəzərin dibinin sektorlara bölünməsi barədə razılaşma imzalayıblar. Əraqçinin bu açıqlamasını İranın konvensiyadan imtina etmədiyini, lakin Xəzərinin dibinin delimitasiyası məsələsinə daha aktiv yanaşacağı barədə mesaj kimi qiymətləndirmək olar”.
Onun fikrincə, açıqlamanın verildiyi zaman da maraqlı görünür: “İran müasir geosiyasi şəraitdə Yaxın Şərqdə gərginlik, ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi, Ukrayna dronlarının Və ABŞ raketlərinin Xəzərdə görünməsi kontekstində artıq konvensiyadan kənarda qalmağın riskli olduğunu görür. Xəzər indi yalnız enerji ehtiyatları və balıqçılıq məsələsi deyil. Bu dəniz Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin, Şimal–Cənub dəhlizinin, Mərkəzi Asiya ilə əlaqələrin və regional enerji marşrutlarının mühüm hissəsinə çevrilir. Belə şəraitdə İranın Xəzərin hüquqi rejimini müəyyən edən əsas sənəddən kənarda qalması artıq üstünlükdən daha çox çatışmazlığa çevrilə bilər. İran ratifikasiya ilə Xəzərin statusunun gələcək elementlərinin formalaşmasında təsirini, Xəzərin dibinin delimitasiya məsələsində ayrıca danışıqlar aparmaq imkanımı saxlayır”.

Siyasi şərhçi bu məsələdə Rusiya amilini də nəzərə almağı vacib sayır: “Rusiya uzun müddətdir ki, Xəzərin hüquqi statusu məsələsinin yekunlaşdırılmasında maraqlıdır. Belə ki, Rusiya üçün Xəzər həm təhlükəsizlik, həm də geosiyasi nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır. Konvensiyanın əsas müddəalarından biri Xəzərdə hərbi fəaliyyətlə bağlı xüsusi rejim yaratmaq və sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin Xəzərdə iştirakını istisna etməkdir. Bu, Rusiyanın strateji maraqlarına tam uyğun gəlir. Çünki Rusiya Xəzəri özünün cənub təhlükəsizlik perimetrinin bir hissəsi kimi görür. İranın konvensiyanı ratifikasiya etməsi isə Rusiyanın arzuladığı hüquqi statusun tamamlanmasına kömək edəcək. Bir neçə gün sonra Tehranda Xəzəryanı dövlətlərin sammitinin keçiriləcəyi gözlənilir. Rusiya hələ keçən ilin dekabrında İranın bu sammitə qədər ratifikasiya etməsinə ümid etdiyini açıqlamışdı. Bu amili də əhəmiyyətli hesab etmək olar: İranın ratifikasiyasının məhz indi – Tehranda Xəzəryanı ölkələrin sammiti ərəfəsində gündəmə gətirilməsi sırf hüquqi deyil, həm də ciddi geosiyasi zamanlama təsiri bağışlayır. Lakin İran ratifikasiya məsələsinin Rusiyanın tələbi ilə gündəmə gətitildiyini etiraf etmək və Rusiyaya güzəşt kimi təqdim etmək istəmir. Bu məsələnin sırf Tehranın milli maraqları ilə əsaslandırıldığı görüntüsünü yaratmaq istəyir”.
Q.Əlibəyli qeyd edib ki, konvensiyanın ratifikasiyasının gündəmə gətirilməsini Azərbaycan və Türkmənistan amili ilə də əlaqələndirmək olar: “Xəzərin cənub hissəsində İranın əsas qonşularından biri Azərbaycan, cənubi şərq istiqamətində isə Türkmənistandır. Hər 2 dövlətin Xəzərdə böyük enerji infrastrukturu, neft-qaz yataqları, dəniz platformaları və beynəlxalq enerji layihələri mövcuddur. Bu isə İranla Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi və dəniz sərhədləri məsələsini prinsipial mövzuya çevirir. İran konvensiyanı ratifikasiya etməklə onun yaratdığı ümumi hüquqi çərçivədən istifadə etməklə Azərbaycan və Türkmənistanla danışıqlara daha müəyyən hüquqi platformada daxil ola bilər. İranın Xəzərin hüquqi statusu üzrə ümumi konvensiyadan kənarda qalması Türkmənistan və Azərbaycanla ayrı-ayrı mübahisələrdə onun mövqeyini uzunmüddətli perspektivdə daha mürəkkəb vəziyyətə sala bilər. İndiki qeyri-müəyyənlik uzandıqca məsələ hüquqi mübahisədən daha çox siyasi qarşıdurma mövzusuna çevrilə bilərdi. Və nəhayət bu məsələyə Şimal–Cənub dəhlizi kontekstindən də yanaşmaq olar. Burada Xəzərin hüquqi statusu ilə İranın iqtisadi maraqları birbaşa birləşdiyini görmək olar. Belə ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran üçün strateji əhəmiyyət daşıyır. Rusiya ilə İran arasında yükdaşımaların artması, Xəzər limanlarının əhəmiyyətinin yüksəlməsi və Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının inkişafı Xəzəri İranın regional iqtisadi siyasətində daha vacib mövqeyə gətirir. Bu mənada İran bu prosesin içində olmaq istəyirsə, Xəzərin hüquqi rejiminin müəyyən edilməsində də tam hüquqlu iştirakçı olmalıdır. Başqa sözlə, Xəzərin hüquqi statusu məsələsi artıq Tehran üçün yalnız suverenlik məsələsi deyil, həm də tranzit və iqtisadi gəlir məsələsidir. Buna görə də ratifikasiya İranın iqtisadi maraqlarına da xidmət edə bilər. Beləliklə Konvensiyanı ratifikasiya etmək indiki vəziyyətlə nisbətən İrana bəzi üstünlüklər verir. İran Xəzərin hüquqi rejiminin tamhüquqlu iştirakçısına çevrilir, gələcək delimitasiya danışıqları üçün hüquqi platformanı qəbul etmiş olur, Rusiya və digər Xəzəryanı dövlətlərlə münasibətlərində əlavə hüquqi qeyri-müəyyənlik aradan qalxır. Bunlardan başqa, Xəzərdə xarici dövlətlərin hərbi iştirakına qarşı ümumi prinsip İranın da təhlükəsizlik maraqlarına xidmət etmiş olur”.
Q.Əlibəyli onu da diqqətə çatdırıb ki, İran parlamenti ratifikasiya etsə, Bakı-Tehran münasibətlərində Xəzər məsələsinin yeni mərhələyə keçməsi ehtimalı yüksəkdir: “Ratifikasiyadan sonra əsas məsələ Xəzərin dibinin delimitasiyası olacağı şübhəsizdir. Bu isə öz növbəsində daha mürəkkəb prosesdir. Burada söhbət siyasi bəyanatlardan yox, konkret koordinatlardan, dəniz dibindən, enerji yataqlarından və qarşılıqlı hüquqi arqumentlərdən gedəcək. Başqa sözlə, İranın ratifikasiyası Xəzər məsələsinin sonu deyil, Azərbaycan–İran delimitasiya danışıqlarının yeni başlanğıcı ola bilər. Lakin bu məsələdə Azərbaycan, Rusiya və Qazaxıstan presidentinin əsas götürülmüsi mümkün hesab oluna bilər. Bu, həm də beynəlxalq praktikaya uyğundur. Beləliklə, İranın Xəzərin statusu haqqında konvensiyanı ratifikasiya etməyə hazırlaşmasını bu məsələdə İranın öz əvvəlki mövqeyindən geri çəkilməsi və Xəzərin statusu məsələsinin qəti həll olunması kimi qiymətləndirmək bir o qədər də düzgün olmazdı. Bu daha çox taktikanın dəyişdirilməsi və diplomatik manevr təsiri bağışlayır. İran tərəfindən Konvensiyanın ratifikasiyasını Xəzər uğrunda hüquqi mübarizənin başa çatması yox, yeni mərhələyə keçməsi kimi qiymətləndirmək daha düzgün olardı”.
Cavanşir Abbaslı
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ