Onlayn ictimai-siyasi qəzet
İranda hökumətin əsas iqtisadi dayaqlarından biri hesab olunan neft sektorunda gözlənilməz kadr dəyişikliyi baş verib. Ölkənin neft naziri Möhsün Paknejad vəzifəsindən istefa verib. Prezident Məsud Pezeşkian onun istefasını qəbul edib və Milli İran Neft Şirkətinin baş direktoru Həmid Bovardı neft naziri vəzifəsinin müvəqqəti icrasına təyin edib. Rəsmi məlumata görə, Paknejad istefa qərarını şəxsi səbəblərlə əsaslandırıb.
Paknejad 2024-cü ilin avqustundan İranın neft siyasətinə rəhbərlik edirdi. Onun vəzifədən ayrılması isə İranın enerji sektorunun ciddi təzyiqlərlə üzləşdiyi bir vaxta təsadüf edir. ABŞ sanksiyalarının neft sənayesinə təsiri, ölkənin neft ixracı və gəlirlərinin vəziyyəti, həmçinin davam edən ABŞ-İran qarşıdurmasının iqtisadi nəticələri Tehran üçün enerji məsələsini daha da həssaslaşdırıb.
Maraqlıdır ki, Paknejadın istefasından əvvəl İran mediasına verdiyi açıqlamada ölkənin satdığı neftdən əldə olunan gəlirlərin daxil olmağa davam etdiyini bildirməsi də diqqət çəkib. Bununla belə, onun gedişinin arxasında yalnız şəxsi səbəblərin dayanıb-dayanmadığı barədə əlavə rəsmi izahat verilməyib. İran mediasında müxtəlif ehtimallar səsləndirilsə də, bunlar rəsmi şəkildə təsdiqlənməyib.
Yeni nazir səlahiyyətlərini müvəqqəti icra edəcək Həmid Bovard isə İranın neft sektoruna yad isim deyil. O, uzun müddət Milli İran Neft Şirkətinə rəhbərlik edib və indi ölkənin ən mühüm iqtisadi sahələrindən birinin idarəçiliyini üzərinə götürüb. Onun qarşısında əsas məsələlərdən biri sanksiyalar və regional qarşıdurma şəraitində neft hasilatı və ixracının davamlılığını qorumaq olacaq.
Paknejadın istefası şəxsi qərardır? Bu, İranın enerji siyasətində yeni mərhələnin başlanğıcından xəbər verir?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib:
"Paknejadın istefasını yalnız "şəxsi səbəblər"lə izah etmək inandırıcı deyil. Amma bunu İranın enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi təqdim etmək də tələsik nəticə olar. Məncə, Tehran kursu dəyişmir, sadəcə böhranın yükünü bir şəxsin çiyinlərindən götürür. Bunun bir neçə səbəbi var. Birincisi, Paknejad qazanılması mümkün olmayan bir mövqedə idi. "Bloomberg"in ilkin tanker izləmə hesablamalarına görə, İranın xam neft yükləmələri avqustdakı gündəlik təxminən 250 min bareldən sentyabrda sıfıra düşüb və bu, fevralda müharibə başlayandan bəri ilk haldır. "Kpler" və "Vortexa" da eyni nəticəni qeydə alıb. Yəni nazirlik artıq nefti satmır, əvvəlcədən yüklənmiş ehtiyatları xərcləyir. Nazirin "satılan neftin pulu daxil olur" açıqlaması da buradan qaynaqlanır. İran bəzi Çin müştərilərini Asiya sularında üzən anbarlarda saxlanılan, əvvəlcədən yüklənmiş neftlə təmin etməyə davam edir. "Kpler" sentyabrın sonunda blokada zonasından kənarda təxminən 15 milyon barel İran nefti olduğunu hesablayıb. Bu o deməkdir ki, gəlir axını var, amma onun mənbəyi tükənir. Bu ehtiyat bitəndə "pul daxil olur" cümləsini deyəcək nazir tapmaq çətin olacaq. İkincisi, daxili cəbhədə də vəziyyət ağırdır. Ölkədə inflyasiya sürətlə alıcılıq qabiliyyətini əridir, rial son iki ayda dollar qarşısında dəyərinin təxminən 25%-ni itirib. Belə məqamda hökumətə günahı üzərinə götürəcək fiqur lazımdır. Üstəlik, "Iran International"ın yazdığına görə, istefa "əmanətçi" adlanan vasitəçilər üzərindən neft satışı, yüklərin pulunun geri qayıtmaması və deputatların nazirin fəaliyyətinə tənqidi ətrafında həftələrlə davam edən mübahisələrdən sonra gəlib. Deməli, parlamentdə etimadsızlıq səsverməsi ilə üzləşmək əvəzinə "könüllü istefa" həm nazir, həm də Pezeşkian üçün daha az ağrılı yol idi. Lakin bunu qəti fakt kimi təqdim etmək düzgün olmaz. Bu mübahisələrin istefaya birbaşa səbəb olduğuna dair təsdiqlənmiş sübut hələ ki yoxdur. Üçüncüsü, Bovard yeni xəttin deyil, köhnə komandanın adamıdır. Bovard Milli İran Neft Şirkətinə 29 avqust 2024-cü ildə məhz Paknejadın təyinatı ilə rəhbər gəlib. Yəni gedən nazirin yerinə onun öz komandasından olan şəxs keçir. Əgər Tehran həqiqətən kursu dəyişmək istəsəydi, nazirliyə siyasi çəkisi olan, kənardan gələn fiqur gətirərdi. Bu, dəyişiklik deyil, davamlılıq siqnalıdır. Status da müvəqqətidir. Deməli, hökumət hələ son sözünü deməyib. Dördüncüsü, İranın neft siyasəti nazirin kabinetində yazılmır. İxrac marşrutları, sanksiyalardan yayınma sxemləri, Hörmüz kartı - bütün bunlar Ali Milli Təhlükəsizlik Şurası və ali rəhbərlik səviyyəsində həll olunur. Bu baxımdan, ad dəyişsə də, tənlik eyni qalır. Hətta təcrübəli neft rəhbəri də ixrac marşrutlarını və tankerlərə çıxışı inzibati kadr dəyişikliyi ilə bərpa edə bilməz".
Siyasi təhlilçinin sözlərinə əsasən, Həmid Bovardın real manevr sahəsi daxili mətbəxlə məhdudlaşır:
"O, vasitəçilərin necə seçildiyinə, borcu olan əmanətçilərə yük verilib-verilməməsinə, onlardan hansı ödəniş zəmanətlərinin tələb olunduğuna və gecikmiş gəlirlərin necə geri alındığına daha çox təsir göstərə bilər. Yəni Bovard blokadanı yox, yalnız "qara dəlik"ləri bağlaya bilər. Məncə, əsas sual blokadanın nə qədər davam edəcəyidir. "Bloomberg"in məlumatına görə, İran rəsmiləri noyabrdakı ABŞ aralıq seçkilərindən əvvəl razılaşmanın əldə olunacağına şübhə ilə yanaşırlar. Deməli, Tehran ən azı növbəti bir ay ərzində üzən anbarlardakı ehtiyatla yaşamalı olacaq. Əgər bu müddətdə digər iqtisadi nazirlərdə də istefalar zənciri başlayarsa, bu artıq Pezeşkian hökumətinə qarşı daha geniş təzyiqin əlaməti olacaq. Tək istefa olaraq qalarsa, Paknejad sadəcə blokadanın ilk siyasi "qurbanı" kimi yadda qalacaq. Paknejad getdi, amma blokada yerindədir".
Cavanşir Abbaslı
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ