Onlayn ictimai-siyasi qəzet
Musavat.com son xəbər verir ki, hazırda efirdə Sevinç Telmanqızı ilə “Gündəm xəbəri” proqramında Amerika–İsrail–İran müharibəsinin son inkişafları müzakirə olunur.
Artıq 24 gündür davam edən və bu gün etibarilə 25-ci günə keçən müharibə bütün şiddəti ilə davam edir. Bölgə faktiki olaraq barıt çəlləyinə çevrilib. Lakin eyni zamanda diplomatik və hərbi müstəvidə müəyyən yeni məqamlar da ortaya çıxıb.
Məlumata görə, ABŞ prezidenti Tramp İranın mühüm sənaye və xüsusilə neft obyektlərinə zərbələrin endirilməməsi ilə bağlı 5 günlük moratorium elan edib. Bu qərarın İranla mümkün danışıqların aparılması ilə əlaqədar olduğu bildirilir. Rəsmi Tehran bu danışıqları inkar etsə də, paralel olaraq öz şərtlərini açıqladığı barədə məlumatlar yayılıb.
Digər tərəfdən, İsrail və ABŞ tərəfindən həyata keçirilən intensiv bombardmanlar davam edir. Hücumların coğrafiyası genişlənərək İranın Azərbaycan vilayətlərini də əhatə edir. Təbriz, Ərdəbil və digər bölgələrdə partlayışlar qeydə alınıb.
İddialara görə, zərbələr əsasən SEPAH və Bəsic strukturlarına, eləcə də İranın teokratik sisteminə bağlı obyektlərə yönəlib. Buna baxmayaraq, bölgədə gərginlik yüksək olaraq qalır və mülki əhali arasında narahatlıq artır.
Xüsusilə Ərdəbildə vəziyyətin gərgin olduğu, şəhərdə sosial hərəkətliliyin artdığı, əhalinin baş verənlərə reaksiyasının gücləndiyi bildirilir.
Müharibənin gedişatı, tərəflərin mövqeyi və mümkün ssenarilər barədə ən son məlumatları hazırda Sevinç Telmanqızının təqdimatında canlı yayımda izləmək mümkündür.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ