İnsanlara hürriyət, millətlərə istiqlal!

“İctimaiyyətdə çaşqınlıq yaratmaq…” - Deputatdan XƏBƏRDARLIQ

Deputat Azay Quliyev Milli Məclisin iclasında yaz sessiyasının işlər planına dair təkliflər irəli sürüb.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, son vaxtlar “rəqəmsal klonlaşdırma” və ya “deepfake” texnologiyalarından istifadə etməklə törədilən hüquqazidd əməllər sürətlə artmaqdadır:

“Xüsusi narahatlıq yaradan hal odur ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, dövlət rəsmiləri, millət vəkilləri də bu cür rəqəmsal hücumlara, hətta deyərdim ki, rəqəmsal terrora məruz qalır, onların səs və görüntüləri təqlid edilir, adlarından saxta video-müraciətlər, bəyanatlar və yazılı açıqlamalar hazırlanaraq sosial şəbəkələr vasitəsilə geniş şəkildə yayılır.

İnformasiya müharibəsinin təhlükəli alətinə çevrilən bu saxta kontentlərin əsas məqsədi ictimaiyyətdə çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etmək, dövlət orqanlarına inamsızlıq formalaşdırmaq, ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə xələl gətirməkdir. Lakin bu təhlükələrin qarşısını effektiv şəkildə almaq üçün qanuni mexanizmlərimiz yetərli deyil.

Mövcud qanunvericiliyimizdə “rəqəmsal klonlaşdırma” və ya “deepfake” kimi anlayışlar ayrıca hüquqi kateqoriya kimi tam və müasir çağırışlara uyğun olaraq sistemli şəkildə tənzimlənmir.

Bu boşluqdan istifadə edən maraqlı dairələr və şəxslər, o cümlədən “Meta”, “YouTube”, “X”, “TikTok” kimi sosial media platformaları Azərbaycanın informasiya məkanında istədiyi kimi fəaliyyət göstərir, lakin buna görə görə heç bir hüquqi məsuliyyət daşımırlar”.

AZAY.jpg (88 KB)

Azay Quliyev əlavə edib ki, məhz bu səbəbdən Milli Məclisin yaz sessiyasının işlər planına “Rəqəmsal təhlükəsizlik haqqında” qanunun hazırlanmasının daxil edilməsini təklif edir:

“Qanunun adı fərqli də ola bilər, lakin onun əsas mahiyyəti aydın olmalıdır, qanun deepfake texnologiyalardan istifadə edilməklə saxta audio, video və digər rəqəmsal materialların hazırlanması və yayılmasına görə konkret hüquqi məsuliyyət müəyyən etməlidir.

Birincisi, ilk növbədə, şəxsin razılığı olmadan səsinin, görüntüsünün və davranışının süni zəkadan istifadə etməklə klonlaşıdırılması qanunla cinayət hesab hesab edilməlidir.

Artıq bir çox ölkələrdə, o cümlədən Böyük Britaniya və Avropa İttifaqında bu cür qanunazidd əməllərə görə 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

İkincisi, bundan başqa, süni zəka ilə yaradılmış bütün audio, video və vizual materialların məcburi şəkildə etiketlənməsi qanunda tələb kimi qoyulmalı, “bu məzmun süni zəka ilə yaradılıb” xəbərdarlığı açıq və aydın formada göstərilməlidir. Əgər belə bir məcburi xəbərdarlıq tələbi qoyulmasa, bu cür materialların hansının doğru, hansının “fake” olduğunu müəyyən etmək adi vətəndaş üçün çox çətin olacaq.

Üçüncüsü, bu gün deepfake materialları qədər təhlükəli olan məsələlərdən biri də riskli alqoritmlərin nəzarətsiz və şəffaflıqdan kənar şəkildə geniş yayılmasıdır”.

Deputat bildirib ki, bu alqoritmlər istədiyi zərərli kontenti prioritetləşdiririr və təşviq edir:

“Nəticədə insanın düşüncə tərzi, dünyagörüşü və maraq dairəsi tədricən, lakin sistemli şəkildə həmin alqoritmə uyğun formalaşdırılır, ictimai rəy fərdlərin azad seçimi əsasında deyil, alqoritmik yönləndirmə yolu ilə manipulyasiya olunur. Məhz bu səbəbdən Azərbaycanın informasiya məkanında bu cür riskli və manipulyativ alqoritmlərin yayılmasının qarşısı qanunla alınmalı və bu cür alqoritmilərin qadağan olunması sosial media platformalarının hüquqi öhdəlikləri sırasına daxil edilməlidir.

Əlbəttə, qanun layihəsində tənzimləyizi müddəalar, xarici şirkətlərin ölkə ərazisində qeydiyyatı, onlara münasibətdə tətbiq edilə biləcək inzibati tədbirlər, sanksiyalar və digər hüquqi mexanizmlər də nəzərdə tutulmalıdır”.

Azay Quliyev deyib ki, milli qanunvericiliyimizi bu çağırışlara uyğunlaşdırmaq dövlətimizin təhlükəsizliyinin və informasiya suverenliyinin qorunması baxımından həyati əhəmiyyət daşıyır:

“Bu təklifin yaz sessiyası zamanı nəzərə alınacağına ümid edir, diqqətinizə görə təşəkkür edirəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR