İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdə ölü tapılan aktyor Serhat Kılıçın sevgilisinin ifadəsi ortaya çıxdı

İstanbulun Kağıthane rayonunda evində ölü tapılan aktyor Serhat Kılıçın sevgilisi Özlem Esmergülün polisə verdiyi ifadə üzə çıxıb. Esmergül bildirib ki, Kılıç ölümündən iki gün əvvəl boyun yırtığı səbəbindən şiddətli ağrılar keçirib, çoxlu dərman qəbul edib və ağrılarının səngimədiyini deyib.

Esmergülün sözlərinə görə, Kılıç sentyabrın 3-də saat 11:00-da çəkilişə getməli olub. Lakin aktyor boyun ağrıları səbəbindən özünü yaxşı hiss etmədiyini və çəkilişə gedə bilməyəcəyini bildirib.

O, sevgilisi ilə telefon danışığında çoxlu dərman qəbul etdiyini, buna baxmayaraq ağrılarının davam etdiyini və çox əziyyət çəkdiyini deyib. Daha sonra meneceri ilə danışaraq çəkilişə niyə getmədiyi barədə məlumat verəcəyini bildirib.

“Ağlamaq səsi ilə zəng edib setdən qovulduğunu dedi”

Esmergül bildirib ki, həmin gün saat 16:00 radələrində Kılıç ona yenidən zəng edib. Aktyorun səsinin ağlamaq üzrə olduğunu deyən Esmergül onun çəkilişdən uzaqlaşdırıldığını və buna görə çox üzüldüyünü söyləyib.

Kılıçın ağrılarının nə etsə də keçmədiyini və əhvalı pis olduğu üçün heç kimlə görüşmək istəmədiyini dediyi bildirilib.

Esmergül onun tək qalmaq istədiyini düşündüyünü və buna görə üzərinə getmədiyini qeyd edib. Bununla belə, mesaj və zənglərlə ona dəstək olmağa çalışdığını, lakin Kılıçın heç birinə cavab vermədiyini bildirib.

Evə gedəndə onu hərəkətsiz vəziyyətdə tapıb

Esmergül ifadəsində sentyabrın 5-də saat 17:00 radələrində Kılıça yenidən zəng etdiyini, lakin telefonunun bağlı olduğunu deyib. Bundan narahat olaraq onun Nurtepe məhəlləsindəki evinə getdiyini bildirib.

Evin ehtiyat açarının onda olduğunu deyən Esmergül içəri daxil olduqda Kılıçı qonaq otağındakı təkli kresloda hərəkətsiz vəziyyətdə gördüyünü söyləyib.

Əvvəlcə onun yatdığını düşündüyünü bildirən Esmergül Kılıça səsləndiyini və qolundan tutaraq silkələdiyini deyib. Aktyorun bədəninin soyuq olduğunu və heç bir reaksiya vermədiyini gördükdən sonra vəziyyəti onun bacısı Sinem Kılıça xəbər verib, daha sonra 112-yə zəng edərək təcili yardım çağırıb.

“Yüksək təzyiqi, qastrit və boyun yırtığı vardı”

Esmergül Kılıçın yüksək təzyiq, qastrit və boyun yırtığından əziyyət çəkdiyini bildirib. Onun boyun yırtığı üçün yaşıl reseptlə verilən dərmandan, həmçinin təzyiq dərmanından istifadə etdiyini deyib.

Kılıçın alkoqol və ya hər hansı maddə asılılığının olmadığını bildirən Esmergül aktyorun nə vaxt və hansı səbəbdən öldüyünü bilmədiyini də qeyd edib.

Hadisə sentyabrın 5-də İstanbulun Kağıthane rayonunun Nurtepe məhəlləsində baş verib. Kılıçdan xəbər ala bilməyən sevgilisi onun evinə gedib və aktyoru salondakı kresloda hərəkətsiz vəziyyətdə tapıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Tibbi müayinə zamanı Kılıçın öldüyü müəyyənləşib.

Aktyorun meyiti araşdırmalar aparıldıqdan sonra dəfn üçün Adli Tibb Müəssisəsinin morquna göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR