Onlayn ictimai-siyasi qəzet
Ermənistanda aparılan sorğunun nəticələrinə görə, vətəndaşların əhəmiyyətli əksəriyyəti Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalmağa davam etməli olduğuna inanır. Gallup Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan 22-24 sentyabr tarixlərində 1001 vətəndaş arasında aparılan sorğunun nəticələrini təqdim edib. Məlumatlara görə, respondentlərin 39,7%-i hərbi bazanın Ermənistanın təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu bildirib. Digər 24,7%-i isə bazanın Ermənistanda qalmalı olduğunu, lakin onun yerləşməsi məsələsinə yenidən baxılmalı olduğunu bildirib. Beləliklə, müxtəlif ifadələrlə respondentlərin ümumilikdə 64,4%-i Ermənistanda hərbi bazanın qalmasının tərəfdarıdır.

Eyni zamanda, respondentlərin 28,9%-i əks fikir bildirib və Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmalı olduğuna inanıb. Sorğu iştirakçılarının 6,8%-i suala dəqiq cavab verə bilməyib. Bu nəticələr Paşinyan hökumətinin mövqeyinə təsir edəcəkmi? Baş nazir bildirmişdi ki, günü sabah rus bazası çıxsın, etiraz etməyəcəklər. Amma son sorğu fərqli mənzərəni ortaya qoyur - ermənilər hələ də rusların təhlükəsizliyə qarantiya olduğuna inanır. Rusiyalı milyarder də demişdi ki, rus bazası çıxarsa, Ermənistan yiyəsiz qalacaq və türklər yerini tutacaq. O halda, bu cəmiyyət Azərbaycan və Türkiyə ilə yaxınlaşmaya necə yanaşacaq? Sorğu 102-ci bazanın ölkədə qalacağına işarədirmi?
Hərbi ekspert Ramil Məmmədli sorğunun nəticələrindən təəccüblənmir. Onun Musavat.com-a dediyinə görə, hələ də ermənilər rus hərbçilərinə təhlükəsizliyin qarantiyası kimi görür.

"44 günlük müharibədən sonra Paşinyan Rusiya və KTMT-ni ittiham edir ki, onları qorumayıblar. Bu təbliğat indi də davam edir. Məqsəd Qərb qarşısında götürülən öhdəliyin yerinə yetirilməsidir, yəni Rusiyanın Ermənistanda hərbi varlığına son qoymaq məqsədi var. Amma erməni cəmiyyəti Paşinyan və tərəfdarları kimi düşünmür. Çünki ermənilərin canında türk xofu var. Biz razılaşmalıyıq ki, bir yandan revanş hissləri güclənir, bir yandan türkofobiya artır. Bu şəraitdə isə rus bazasının getməsi ermənilərin müdafiəsiz qalacağı, türklərin gələcəyi kimi təqdim olunur. Təbii ki, bu propoqanda ermənilərə təsir edir. Amma hökumət başqa təbliğat aparır və xalqı Gümrüdəki bazaya ehtiyac qalmadığına inandırmaq istəyir. Zənnimcə, Paşinyan Qərbdən ciddi təhlükəsizlik qarantiyası almayana qədər 102-ci baza evakuasiya olunmayacaq", - deyə Ramil Məmmədli belə proqnozlaşdırır.
Hərbi analitikin fikrincə, erməni cəmiyyəti də o zaman rusların gedişinə razı olacaq ki, Qərbdən ciddi təhlükəsizlik zəmanəti veriləcək, yaxud hansısa hərbi missiya ölkəyə yerləşəcək: "Paşinyan bu təminatı qopara bilərsə, xalq da onunla həmfikir olacaq. İndi isə bu, mümkün deyil və hər nə qədər sülh içində yaşadığımızı desək də, qarşı tərəfdə Azərbaycan və Türkiyə qorxusu var. Bu narahatlıq yalnız o halda aradan qalxa bilər ki, ticarət artsın, gediş-gəliş olsun və onlar anlasınlar ki, biz sülh şəraitində əməkdaşlığın tərəfdarıyıq. Eyni zamanda, Rusiyanın hərbi bazası 2044-cü ilə qədər orada mövcud olacaq və bu barədə müqavilə imzalanıb. Odur ki, tərəflərin birgə razılığı əsasında vaxtından tez Gümrünü tərk edə bilərlər. Rusiya isə təzyiq göstərir və Putinin son çıxışı görünür ki, erməni cəmiyyətinə təsir edib".
Emil Salamoğlu
Musavat.com
28 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ