Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) xaricdə yaşayan və Kremlə qarşı fəaliyyət göstərən Rusiya müxalifətinin nümayəndələrinə ünvanlanmış sərt bəyanat yayıb. Xüsusi xidmət müxalifləri İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası ilə əməkdaşlıq etmiş qüvvələrlə müqayisə edərək onların taleyinin əvvəlcədən müəyyənləşdirildiyini bildirib.
Musavat.com xəbər verir ki, FTX xaricdəki Rusiya müxalifətini “Vlasovçular 2.0” adlandırıb və onlara qarşı mümkün repressiyalara işarə edib.
Bəyanatda Rusiyanın məğlubiyyətini arzulayan şəxslərin adbaad müəyyən edildiyi vurğulanıb. Xüsusi xidmətin əməkdaşı həmin şəxslərin hər addımının izlənildiyini və onların taleyinin artıq həll olunduğunu bildirib.
FTX-nin açıqlaması Böyük Britaniyada yaşayan Rusiya vətəndaşı Kseniya Maksimovaya qarşı cinayət işinin başlanması ilə eyni vaxta təsadüf edib. Rusiya xüsusi xidməti onu terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham edir.
FTX-nin məlumatına görə, Maksimova Böyük Britaniyada fəaliyyət göstərən Russian Democratic Society UK təşkilatının nümayəndəsi və Rusiyanın Müharibə Əleyhinə Komitəsinin konsuludur. O, Ukraynaya maliyyə yardımı toplamaqda ittiham olunur.
Rusiya xüsusi xidməti iddia edir ki, Russian Democratic Society UK təşkilatı Rusiyada hakimiyyətin zorakılıq yolu ilə ələ keçirilməsini və konstitusiya quruluşunun dəyişdirilməsini planlaşdıran şəxslərin çıxış etdiyi platformaya çevrilib. FTX bu şəxslər arasında Müharibə Əleyhinə Komitənin və Korrupsiya ilə Mübarizə Fondunun nümayəndələrini də göstərib.
Bəyanatın sonunda xüsusi xidmət Londondan idarə olunduğunu iddia etdiyi terror fəaliyyətinin qarşısını almaq üçün xaricə köçmüş Rusiya vətəndaşlarına qarşı tədbirləri davam etdirəcəyini açıqlayıb.
Eyni zamanda Rusiyanın dövlət informasiya agentlikləri FTX əməkdaşının videomüraciətini yayıblar. Üzü göstərilməyən və səsi dəyişdirilən əməkdaş Böyük Britaniyanı xaricdəki Rusiya müxalifətini birləşdirməyə çalışmaqda ittiham edib.
Onun sözlərinə görə, London Rusiya hakimiyyətinə alternativ siyasi mərkəz yaratmağa çalışır. FTX əməkdaşı Ukraynanı dəstəkləyən və Rusiyadan köçmüş müxalifləri “Vlasovçular 2.0” adlandırıb.
Videomüraciətin sonunda isə daha sərt ifadələr səsləndirilib:
“Onların hər addımını görürük. Taleləri artıq həll olunub. Xruşşovun banderovçulara amnistiya verməklə etdiyi səhvləri təkrarlamayacağıq”.
Bu cür ifadələr Rusiya rəhbərliyinin əvvəlki açıqlamalarında da səsləndirilib. Vladimir Putin 2024-cü ilin martında Ukrayna tərəfində döyüşən rusiyalı könüllüləri xain adlandırmış, onların harada olmalarından asılı olmayaraq cəzalandırılacaqlarını bildirmişdi.
FTX-nin indiki bəyanatı keçmiş xüsusi xidmət əməkdaşı Aleksandr Litvinenkonun 2006-cı ildə Londonda zəhərlənərək öldürülməsi, keçmiş Rusiya hərbi kəşfiyyatçısı Sergey Skripal və qızının 2018-ci ildə Britaniyada zəhərlənməsi, eləcə də Ukraynaya hərbi helikopterlə keçən rusiyalı pilot Maksim Kuzminovun 2024-cü ildə İspaniyada qətlə yetirilməsi hadisələrini yenidən gündəmə gətirir.
Rusiya rəsmiləri əvvəllər həmin şəxsləri də xəyanətdə ittiham etmişdilər. Bununla belə, FTX-nin son bəyanatı konkret şəxslərə qarşı yeni sui-qəsd planının mövcudluğunu təsdiqləmir.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ