Onlayn ictimai-siyasi qəzet
Deputat Ceyhun Məmmədovla Ərdəbil səfərindən danışmışıq.
Musavat.com-un xəbər verdiyi kimi, ötən həftə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən ənənəvi “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” tədbirlərində iştirak edib. Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil ediblər.
Ceyhun bəyin çox maraqlı səfər təəssüratları var. Həm müşahidələrini bölüşməsini istədik, həm də Azərbaycana münasibətdə bəzən əndazəni aşan çevrələrlə bağlı o tayda hansı yanaşmaların olmasına aydınlıq gətirməyə çalışdıq.

Musavat.com müsahibənin ilk bölümünü təqdim edir:
- Ceyhun bəy, Ərdəbil səfərinizlə bağlı maraqlı paylaşımlarınız oldu, səfər qeydlərinizi oxuduq. Amma mənə elə gəlir ki, hər şeyi yazmamısınız. Nələri yazmamısınız, bölüşməmisiniz, bəlkə onlardan başlayaq? Xüsusilə də İranda yaşananlar və İran-Azərbaycan münasibətlərinin hazırkı durumunda demədiklərinizi açıqlamanızı istərdik. Mümkündürmü?
- Ümumiyyətlə, mən düşünürəm ki, biz İran-Azərbaycan münasibətlərindən bəhs edərkən hazırkı münasibətlərimizi və əlaqələrimizi mütləq nəzərə almalıyıq. Birincisi, bildiyiniz kimi, biz bir müddət İranla çox gərgin bir dövrü, mərhələni yaşadıq və artıq münasibətlərimiz normallaşıb. Bu münasibətlərin normallaşmasında xüsusilə cənab Prezidentin rolunu və qətiyyətli prinsipial mövqeyini qeyd etmək lazımdır. Yəni bu səfərin baş tutması və həyata keçməsi bilavasitə cənab Prezidentin təşəbbüsü və eyni zamanda İran-Azərbaycan münasibətlərinə göstərilən növbəti etimadın göstəricisi idi.
- Deməli, ən yüksək səviyyədə bu səfər razılığı olmuşdu, eləmi?
- Bəli, bu səfər razılaşdırılmışdı. O mənada biz bunu xüsusi qeyd edirik ki, bu səfər xüsusi önəm və əhəmiyyət daşıyan bir səfər idi. Bilirsiniz ki, hazırkı dövrdə İran hələ də müharibə şəraitindədir. Bunu nəzərə almalıyıq ki, İran böyük qonşumuzdur, bizim ortaq tariximiz, ortaq dəyərlərimiz var. Eyni zamanda ən birincisi, bunu nəzərə almalıyıq ki, orada 40 milyon azərbaycanlı yaşayır. Misal üçün, bizim getdiyimiz Ərdəbil şəhərində hamı Azərbaycan dilində danışırdı. Ərdəbil Azərbaycan şəhəridir, azərbaycanlıların yaşadığı bir şəhərdir.
- İrana səfər edərkən riskləri nəzərə aldınızmı? Düzdür, əməliyyatlar səngimişdi, amma yenə də…
- Təbii ki, yəni müharibə gedən bir ölkəyə getmək…Həmin ərəfədə kimə desən ki, “mən İrana gedirəm”, bir çoxu deyərdi ki, nə üçün və ya getmə. Açığını desəm, mən gedəndə heç kimə bu barədə məlumat vermədim. Yəni bir-iki ailə üzvümdən başqa heç kimə demədim, çünki bilirdim ki, narahatlıq keçirəcəklər.

- Milli Məclisin saytında məlumat yayılmışdı…
- Hə, axşam məlumat yayıldı, mətbuatda da getdi və artıq çox adam bildi. Mənə çox yazanlar oldu ki, siz ora getmisiniz. Təbii, biz də bir az narahat idik ki, müharibə gedən ölkəyə gedirik, necə olacaq deyə düşünürdük.
- Quru yolla?
- Bəli, Astaradan getdik.
- Yəqin xüsusi icazə əsasında olub, quru yollar bağlıdır axı…
- Bəli, Nazirlər Kabinetinin xüsusi icazəsi ilə biz yola düşdük. Yəni Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və mən. Təbii ki, biz İranı bilirdik, tanıyırdıq... Ona görə müəyyən narahatlıq var idi, amma bizim daxilimizdə də inam, əminlik var idi ki, hər şey yaxşı olacaq və biz bu səfərə mütləq getməliyik. Birincisi, bu, dövlətimiz tərəfindən bizə göstərilən etimad idi. Yəni parlamentdən mən gedirdim, Akademiyanın prezidenti, mədəniyyət nazirinin müavini... Üstəlik, etimad göstərildiyi üçün burada hansısa başqa bir fikir ola bilməzdi. Məndən soruşuldu ki, belə bir səfər var, sizin mövqeyiniz necədir? Dedim, mən problemsiz gedərəm, nə vaxt desəniz, hazıram. Təbii ki, müəyyən narahatlıqlar var idi. Amma İranda iki gün qaldıq.
- Ərdəbildə…
- Bəli. Özümüzü yad ölkədə, yad şəhərdə hiss etmirdik. Çox isti qarşılandıq...Xüsusilə də qeyd etmək istəyirəm ki, bizi harada görürdülərsə, qabağımıza qaçırdılar, “qurban olum sizə”, “xoş gəlmisiniz”, “nə yaxşı gəlmisiniz”, deyirdilər. Hər yerdə cənab Prezidentə olan sevgini, məhəbbəti gördük. Ərdəbildə ümumiyyətlə, müharibə, demək olar ki, hiss olunmurdu. Həyat öz axarında, iş yerləri, bolluq... Hansısa bir prosesdə dayanma-filan müşahidə olunmurdu. Təbii ki, biz soruşduq, insanlarda müəyyən gərginliyin, narahatlığın olması təbii idi, ona görə ki, müharibə gedir...
- Ərdəbilə də raketlər düşmüşdü, deyəsən…
- Ərdəbilə yox, Təbrizə zərbələr endirilmişdi.
- İtkilər olmuşdu?
- Yox. Əsasən hərbi hissələr, İrandakı hərbi strukturlar vurulurdu. Ən çox diqqətimizi çəkən o idi ki, getdiyimiz yolboyu, təxminən 100 kilometrə yaxın yol bizim kəndlərimizlə bitişik idi. Oradan Lerik və Astara ərazisi açıq-aydın görünürdü. Ümumiyyətlə, o dediyimiz yer Heyran adlanan bir yerdir. Çox gözəl, füsunkar təbiəti var və sərhədboyu Azərbaycan Respublikasının kəndlərini müşahidə edirdik.
- Savalan dağını da…
- Bəli, Savalan dağını da. O da başqa bir duyğudur. Ümumən götürdükdə, keçirilən tədbirlər də çox faydalı oldu.

- Sizcə, indiki gərgin situasiyada Ərdəbildə belə bir tədbirin keçirilməsinə çoxmu zərurət var idi?
- Birinci, onu qeyd etmək lazımdır ki, bu tədbir illərdir keçirilir. Azərbaycan nümayəndə heyəti ilk dəfə idi iştirak edirdi. İranda, demək olar ki, tədbirlər, görüşlər, rəsmi prosedurlar dayanmayıb, əvvəl necə keçirilirdisə, indi də o şəkildə davam etdirilir. Məsələn, biz Ərdəbildə olduğumuz vaxtda İranın mədəniyyət naziri də orada idi, orada müxtəlif açılışlarda iştirak edirdi.
- Tədbirlərdə dünyanın başqa ölkələrindən kimsə iştirak edirdimi?
- Türkiyədən nümayəndə heyəti var idi, onlar iştirak edirdi. Başqa ölkələrdən də bir neçə yerdən dəvət olunmuşdu. Amma əsas iştirakçı, əsas diqqət göstərilən tərəf azərbaycanlılar idi.
- Bu tədbirin keçirildiyi günlərdə belə məlumat yayıldı ki, İranda Şah İsmayıl Xətaini yenə də “fars sərkərdəsi” elan ediblər. Deyəsən bu məsələlərdə İranla heç vaxt “ulduzumuz barışmayacaq”, eləmi? Mübahisəli vəziyyət oldumu bununla bağlı?
- Yox. Biz burdan gedəndə qarşımıza məqsəd qoymuşduq ki, hansısa konflikt yaranmasın, belə hallar baş verməsin. Yəni biz Ərdəbilə humanitar missiya kimi getmişdik və orada münasibətləri normallaşdırmaq məqsədini və hədəfini qarşımıza qoymuşduq. Yəni biz ora getməmişdik ki, hansısa qarşıdurma yaradaq. Onu da qeyd etmək lazımdır ki, İran tərəfi də orada hansısa bir formada, xüsusi bir şəkildə bu qabartmanı etmədi. Yəni farslaşdırmaq və s. ilə bağlı... İranlıların yanaşması ondan ibarət idi və biz də o məsələnin üzərində durduq ki, ortaq dəyərlərdən çıxış edirik. Yəni biz ora getməmişdik ki, konflikti daha da dərinləşdirək. Amma biz çıxışlarımızda, elə mən telekanallara müsahibəmdə xüsusilə onu qeyd etdim ki, Şah İsmayıl Xətai Azərbaycanın böyük dövlət xadimidir, siyasi liderdir. Bilirsiniz, bu ixtilaflar var, olacaq. Bu kimi məsələlərdə biz ortaq dəyərlər prinsipindən çıxış etməliyik.
- İranda da bu arqumentləri qəbul edirlərmi?
- Mən düşünürəm ki, bəli, qəbul edirlər. Çünki qəbul etməlidirlər. Şah İsmayıl Xətai azərbaycanlı olub. Ona görə orada kiminsə bu məsələni mübahisə predmetinə çevirməsinin mənası yoxdur. İran tərəfi də bunu anlayırdı. Mənim İran parlamentinin 4 deputatı ilə söhbətim oldu. O söhbətdə də geniş müzakirələr oldu. Biz bütün bu məsələlərin hamısını qeyd etdik. Yəni əslində, İranın son illər bizə münasibəti xeyli dəyişib.
- Yaxşılığa doğru?
- Bəli. İllər öncə İranın Ermənistanla münasibəti daha yüksək idi. İndi isə İranın Ermənistanla münasibəti o qədər də yaxşı deyil.
- Amma bu yaxınlarda yenidən başladılar, özü də Qafanda...
- Yox, o, təbiidir, amma hazırda onların arasında bir sıra məsələlərdə ciddi fikir ayrılığı var. Onu qeyd edim ki, müharibə dövründə cənab Prezidentin Pezeşkiana dəfələrlə zəng etməsi, Azərbaycandakı İran səfirliyinə gedib başsağlığı verməsi, İrana humanitar yardım üçün koridor açılması, Sahibə xanımın (Qafarovanın – red.) dini liderin dəfnində iştirakı... Bütün bunlar İranın yanaşmasına və mövqeyinə çox ciddi təsir edib. Yəni İran anlayır ki, Azərbaycan bir dost, qardaş ölkə kimi həmin çətin günlərdə onun yanında oldu. Ona görə də bunu dərk edirlər və eyni zamanda onlar da bilirlər ki, bizimlə münasibətləri, əlaqələri daha da inkişaf etdirmələrinə böyük ehtiyac var.
- Məsələn, İran parlamentinin deputatları ilə görüşdən hansı qənaətə gəldiniz? Yəqin azərbaycanlılar idi onlar, eləmi? Onların Azərbaycana münasibəti necə idi? Vaxtaşırı İran parlamentindən Azərbaycanın təhdid olunmasına, əsassız yerə ittihamlar irəli sürülməsinə müqavimət göstərməyə gücləri çatmır, yoxsa necə?
- Yox, bilirsiniz, burada reallıqlar var, o reallıqları biz nəzərə almalıyıq ki, zaman-zaman Azərbaycan parlamentində də İrana qarşı fikirlər səslənib, onlardan da bizə qarşı səslənib. Mən bunu bir neçə dəfə demişəm, İrandakı azərbaycanlıların bir hissəsinin yanaşması fərqlidir. Onlar deyirlər ki, “Bu dövlət də bizim dövlətdir”. Yəni İran dövlətindən söhbət gedir. Deyirlər başçı bizdəndir, ali dini lider bizdəndir. Ona görə də onlar o dövləti özününkü hesab edir və həmçinin dövlət siyasəti var. Münasibətlər gərginləşəndə, təbii ki, biz də onları tənqid etmişik, onlar da bizi tənqid ediblər. Hazırkı proseslər fonunda bunlar təbiidir.

- Amma onlar Azərbaycana qarşı əsassız iddialar irəli sürür, ittihamlar səsləndirirlər...
Elşad Paşasoy,
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ