İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektromobillərdə görünməz TƏHLÜKƏ: Qardaş ölkədə də QADAĞAN EDİLDİ

Elektromobillərin müasir kamera, sensor və internet bağlantısı imkanları müdafiə sənayesində yeni təhlükəsizlik qaydalarının tətbiqini zəruri edib.

Musavat.com xəbər verir ki, Türkiyə də daxil olmaqla, bir çox ölkədə xarici mənşəli və məlumat toplama özəlliyi olan avtomobillərin hərbi obyektlərə girişinə qadağa və məhdudiyyətlər qoyulmağa başlanıb.

Türkiyənin ASELSAN, ROKETSAN, HAVELSAN və TUSAŞ Motor Sənayesi (TEI) müəssisələri xarici elektrikli avtomobillərin kampuslarına girişini təhlükəsizlik səbəbindən məhdudlaşdırıb.

TEI-nin Baş direktoru Mahmut Faruk Akşit nəqliyyat vasitələrindəki kamera və sensorların ətraf ərazinin xəritəsini çıxarmaq qabiliyyətinə malik olduğuna diqqət çəkərək, xarici elektrikli avtomobillərin əraziyə buraxılmadığını açıqlayıb.

"Türkiye" qəzetinin məlumatına görə, Akşit bu avtomobillərin topladığı məlumatlara nəzarət edə bilmədiklərini, bunun da böyük təhlükəsizlik riski yaratdığını bildirib.

Polşa ordusu 2026-cı ilin fevralında Çin istehsalı olan avtomobillərin mühafizə olunan hərbi obyektlərə girişini qadağan edib. Qərara avtomobillərin kamera, mikrafon, məkan təyini və məlumat toplama sistemlərindən qaynaqlana biləcək kəşfiyyat riskləri səbəb olub.

Həmçinin hərbi heyətin xidməti telefonlarını Çin istehsalı avtomobillərin multimediya sistemlərinə qoşması da qadağan edilib.

Almaniyada Çin istehsalı olan avtomobillərin bəzi hərbi və kəşfiyyat obyektlərinin avtonəqliyyat dayanacaqlarına girişinə icazə verilmir. Bu avtomobillərin sürücüləri başqa park zonalarına yönləndirilir.

Çexiyada isə Çində istehsal olunan bəzi "Tesla" və "Volvo" modelləri də daxil olmaqla, müəyyən avtomobillərin hərbi obyektlərə daxil olmasına məhdudiyyət qoyulub. Ölkədə fəaliyyət göstərən ORLEN qrupuna bağlı şirkət də dörd strateji sənaye obyektinə Çin istehsalı olan avtomobillərin girişini qadağan edib.

Böyük Britaniyada bütün hərbi obyektləri əhatə edən ümumi qadağa olmasa da, bəzi müdafiə qurumları elektrikli avtomobillər üçün daha sərt təhlükəsizlik qaydaları tətbiq edir.

İsveçrədə internetə daim bağlı olan nəqliyyat vasitələrinin mühüm hərbi obyektlərin yaxınlığında istifadəsinə dair məhdudiyyətlər mövcuddur.

Fransada isə hərbi əks-kəşfiyyat xidmətinin BYD və "Tesla" markalı avtomobillərin yarada biləcəyi məlumat təhlükəsizliyi riskləri ilə bağlı xəbərdarlıq etdiyi bildirilir. Lakin ölkədə bu avtomobilləri əhatə edən ümumi hərbi obyekt qadağası hələ ki tətbiq olunmur.

ABŞ-da xarici ölkələrlə əlaqəli avtomobillərin hərbi obyektlərdə istifadəsini məhdudlaşdırmağa yönəlmiş hüquqi tənzimləmələr gündəmdədir. Hazırlanan müdafiə qanun layihəsində müəyyən avtomobillərin 2027-ci ildən etibarən hərbi obyektlərdə qadağan edilməsinə dair müddəalar yer alır.

Çin isə hələ 2021-ci ildə "Tesla" avtomobillərinin hərbi obyektlərdə istifadəsinə məhdudiyyət tətbiq etmişdi. Avtomobillərin məlumat təhlükəsizliyi standartlarına uyğunluğuna dair qiymətləndirmələrdən sonra bu məhdudiyyətlər qismən yumşaldılıb.

Təhlükəsizlik tədbirlərinin əsasında yeni nəsil avtomobillərin ətrafı vidoqeydə ala bilməsi, məkan koordinatlarını yaddaşda saxlaması və topladığı məlumatları internet vasitəsilə mərkəzə ötürmək imkanı dayanır.

Mütəxəssislər bu xüsusiyyətlərin xüsusilə hərbi zonalarda və müdafiə sənayesi obyektlərində məxfi məlumatların sızması riskini artırdığını vurğulayırlar.

Ölkələrin qəbul etdiyi qərarlar fərqlənsə də, məhdudiyyətlər bütün elektrikli avtomobillərə və ya ölkə miqyasında ümumi avtomobil istifadəsinə şamil olunmur. Tədbirlər, əsasən, hərbi və strateji obyektlərin ərazisində tətbiq edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR