İnsanlara hürriyət, millətlərə istiqlal!

Ebola virusunu ilk aşkarlayan alimdən SOS

 

Konqo Demokratik Respublikasında yenidən qeydə alınan Ebola virusu təkcə bu ölkə ilə məhdudlaşmayıb. Son məlumatlara görə, yoluxma halları qonşu Uqandada da təsdiqlənib, Avropada isə idxal olunmuş yoluxma faktları qeydə alınıb.
Ebola virusunu ilk dəfə 1976-cı ildə aşkarlayan alim Jan-Jak Muyembe də vəziyyətlə bağlı narahatlığını ifadə edib. O hesab edir ki, hazırkı epidemiya indiyədək müşahidə olunan ən böyük Ebola ocaqlarından birinə çevrilə bilər. Alimin fikrincə, bəzi virus ştamlarına qarşı effektiv peyvənd və müalicə imkanlarının məhdud olması da riskləri artıran əsas amillərdəndir. Mütəxəssislər bildirirlər ki, hazırda vəziyyət nəzarət altında olsa da, Ebola yüksək ölüm göstəricisinə malik viruslardan biri olduğu üçün hər yeni yoluxma halı ciddi epidemioloji nəzarət tələb edir.
Ebola virus xəstəliyi (Ebola Virus Disease – EVD) insanlarda və bəzi heyvanlarda ağır gedişə malik virus infeksiyasıdır. Xəstəliyə Ebolavirus cinsinə aid viruslar səbəb olur. İlk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında, Ebola çayı yaxınlığında aşkarlanıb və adını da həmin çaydan alıb. Virusun əsas təbii daşıyıcılarının meyvə yarasaları olduğu hesab edilir. İnsanlara virus vəhşi heyvanlarla təmas nəticəsində keçə bilər. Daha sonra isə yoluxmuş şəxsin qanı, tüpürcəyi, təri, sidiyi, qusuntusu, nəcisi və digər bədən mayeləri ilə təmas zamanı insandan insana yayılır. Xəstənin istifadə etdiyi paltar, yataq dəsti, tibbi alətlər və digər əşyalar da yoluxma mənbəyi ola bilər. Bununla belə, Ebola COVID-19 və ya qrip kimi hava-damcı yolu ilə yayılmır.
Virusun inkubasiya dövrü adətən 2 gündən 21 günə qədər davam edir. İlk simptomlar qəfil başlayır. Xəstələrdə yüksək hərarət, güclü baş ağrısı, əzələ və oynaq ağrıları, boğaz ağrısı, halsızlıq, iştahasızlıq müşahidə olunur. Sonrakı mərhələdə qusma, ishal, qarın ağrıları və dəri səpgiləri yarana bilər. Ağır hallarda isə daxili və xarici qanaxmalar, burun və diş ətindən qanaxma, qanlı qusma, böyrək və qaraciyər çatışmazlığı, eləcə də çoxorqan çatışmazlığı inkişaf edə bilər. Müalicə gecikdikdə xəstəliyin ölüm göstəricisi virusun növündən və tibbi yardımın vaxtından asılı olaraq 25-90 faiz arasında dəyişə bilir.

Musavat.com yada salır ki, Ebola tarixdə bir neçə böyük epidemiya yaradıb. Ən ağır epidemiya 2014-2016-cı illərdə Qərbi Afrikada – Qvineya, Liberiya və Syerra-Leonedə baş verib. Həmin dövrdə 28 mindən çox insan virusa yoluxub, 11 mindən çox insan həyatını itirib. Bu epidemiya Ebola tarixinin ən genişmiqyaslı yayılması hesab olunur. Sonrakı illərdə də Konqo Demokratik Respublikası və Uqandada vaxtaşırı yoluxma ocaqları qeydə alınıb. Uzun illər Ebola üçün spesifik müalicə mövcud olmasa da, son illərdə tibbdə bu sahədə mühüm irəliləyişlər əldə olunub. Hazırda xəstələrin müalicəsində damardaxili maye və elektrolitlərin verilməsi, oksigen dəstəyi, qan təzyiqinin stabilləşdirilməsi və digər intensiv terapiya tədbirləri tətbiq olunur. Bundan əlavə, bəzi Ebola virus növlərinə qarşı hazırlanmış monoklonal anticisim preparatlarının erkən mərhələdə istifadəsi sağqalma ehtimalını artırır. Xəstəliyə qarşı peyvənd də mövcuddur. 

Hazırda Azərbaycanda Ebola virusuna yoluxma halı qeydə alınmayıb. Bununla belə, beynəlxalq səyahətlərin intensivliyi nəzərə alınaraq sərhəd-keçid məntəqələrində epidemioloji nəzarət tədbirləri həyata keçirilir. Mütəxəssislər bildirirlər ki, təşvişə əsas yoxdur, lakin virusun yayıldığı ölkələrə səfər edən şəxslər diqqətli olmalı, hərarət və digər şübhəli simptomlar yarandıqda dərhal həkimə müraciət etməlidirlər. Erkən diaqnostika və vaxtında tibbi müdaxilə həm xəstənin sağalma şansını artırır, həm də virusun yayılmasının qarşısını almaqda həlledici rol oynayır.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR