Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında “Əbədi Dostluq haqqında Müqavilə” imzalanıb.
Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev imzalayıb.
Mənim fikirimcə , “Əbədi Dostluq haqqında Müqavilə ” iki dövlətin gələcəkdə nə edəcəyinə dair sənəd deyil , iki xalqın artıq yüzilliklər ərzində yaratdığı münasibətin dövlətlər tərəfindən “bizim strateji yaddaşımız budur” deyə rəsmiləşdirilməsidir.
Bəzən dövlətlər arasında imzalanan sənədlərin əsl mənasını onların maddələrində deyil, seçilən bir sözün arxasında axtarmaq lazım gəlir.
Azərbaycan ilə Özbəkistan arasında bu gün imzalanan “Əbədi dostluq haqqında Müqavilə”də belə söz məhz “əbədi” sözüdür.
Diplomatiyada “strateji tərəfdaşlıq”, “müttəfiqlik”, “qarşılıqlı əməkdaşlıq” kimi ifadələr çox işlədilir.
Onların hər birinin siyasi və hüquqi çəkisi var, amma “əbədi dostluq” başqa bir məna daşıyır.
Bu ifadə münasibətin yalnız bugünkü siyasi şəraitə deyil, tarixi yaddaşa söykəndiyini göstərir.
Azərbaycanla Özbəkistanı bir-birinə yaxınlaşdıran amil son illərdə imzalanmış müqavilələr deyil, bu müqavilələr bu yaxınlığı yaradan səbəb yox, onun nəticəsidir.
İki xalqı bir-birinə bağlayan münasibət dövlətlərarası diplomatiyadan daha qədimdir.
Bu münasibət tarixdən, mədəniyyətdən, ədəbiyyatdan, dil yaxınlığından, adət-ənənələrdən və bir-birini “yad” kimi görməyən iki xalqın yaddaşından keçir.
Bu səbəbdən bu gün Daşkənddə imzalanan sənədə iki dövlətin gələcəyi haqqında deyil, iki xalqın keçmişdən gətirdiyi münasibətin gələcəyə necə daşınacağı haqqında sənəd kimi baxmalıyıq.
Deyirlər ki, dostluğun ən böyüyü və səmimisi , səbəbə ehtiyacı olmayan dostluqlardır.
Dövlətlər çox vaxt maraqlar əsasında yaxınlaşırlar. Amma maraqlar dəyişə bilər, geosiyasi xəritələr dəyişə bilər, iqtisadi prioritetlər dəyişə bilər.
Gözümüzün önündə baş verdiyi kimi hətta beynəlxalq münasibətlər sistemi də dəyişə bilər.
Dostluq isə bütün bunlardan daha uzunömürlüdür.
Azərbaycan və Özbəkistan münasibətlərinin fərqli tərəfi də məncə budur. Burada siyasi maraqlar tarixi yaxınlığın üzərinə qurulur.
Yəni iki ölkə əvvəlcə bir-birinə lazım olduğu üçün yaxınlaşmır, bir-birinə yaxın olduqları üçün öz maraqlarını daha böyük bir əməkdaşlıq məkanında birləşdirə bilirlər.
Bu fərq çox vacibdir….
Çünki maraq tərəfdaşlıq yarada bilər, amma etimad yaratmaq üçün tarix lazımdır.
Bu gün dövlətlərimiz həmin etimadı siyasi mexanizmlərlə möhkəmləndirirlər.
Müqavilənin təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı dəstək ilə bağlı müddəaları məhz bu kontekstdə oxunmalıdır.
İlk baxışdan bunlar klassik dövlətlərarası münasibətlərin müddəaları kimi görünə bilər.
Amma onların arxasında daha sadə və daha dərin bir fikir dayanır: “Sənin dövlətçiliyinin möhkəmliyi mənim üçün də əhəmiyyətlidir.”
Bu, dostluğun siyasi formasıdır.
Bir ölkənin təhlükəsizliyinə hörmət etmək, onun ərazi bütövlüyünü tanımaq və onun ərazisinin digər tərəfə qarşı istifadə olunmasına imkan verməmək artıq sadəcə diplomatik etiket deyil. Bu, qarşı tərəfə verilən siyasi etimaddır.
Əsl dostluq da məhz burada başlayır. Dostluq yalnız bir-birinin uğuruna sevinmək deyil. Dostluq həm də qarşı tərəfin zəifliyindən istifadə etməməkdir.
Azərbaycan və Özbəkistan münasibətlərinin gücünü bu prinsipdə görmək mümkündür.
Bu gün Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsindən, ticarətdən, investisiyalardan, sənayedən, kənd təsərrüfatından, rəqəmsal texnologiyalardan və nəqliyyat layihələrindən danışılır.
Bunların hər biri vacibdir. Amma məncə, bu məsələlərə yalnız “iqtisadi layihələr” kimi baxmaq doğru deyil.
Çünki Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əməkdaşlıq əslində dostluğun maddi formaya çevrilməsidir.
İki dost ölkə bir-birinin imkanlarını tamamlayanda, coğrafiyanın yaratdığı maneələri əməkdaşlıqla aradan qaldıranda, birinin ehtiyacı digərinin imkanına çevriləndə iqtisadiyyat artıq sadəcə pul və ticarət məsələsi olmur. O, etimadın iqtisadi ifadəsinə çevrilir.
Dostluq coğrafiyanı dəyişmir. Amma coğrafiyanın siyasi mənasını dəyişir.
Bu münasibətlərdə üçüncü tərəf axtarmağa ehtiyac yoxdur !
Bu gün dünyada bir çox ittifaqların mahiyyətini “kimə qarşıdır?” sualı ilə izah etməyə çalışırlar.
Azərbaycan və Özbəkistan münasibətlərinin daha bir mühüm xüsusiyyəti onların kiməsə qarşı qurulmamasıdır.
Azərbaycan və Özbəkistan münasibətlərinin mahiyyətini isə başqa sualla izah etmək daha doğrudur: “İki ölkə birlikdə nə qura bilər?”
Burada məqsəd hansısa güc mərkəzinə qarşı dayanmaq deyil. Məqsəd iki dövlətin öz milli maraqları, suverenliyi və inkişaf imkanları əsasında daha güclü gələcək qurmasıdır.
Bu mənada Azərbaycan və Özbəkistan yaxınlaşması müasir beynəlxalq münasibətlərdə başqa bir tendensiyanı da göstərir.
Orta gücə malik dövlətlər öz aralarında etimad əsaslı əlaqələr qurduqda, onların regional çəkisi ayrı-ayrılıqda malik olduqları gücdən daha böyük ola bilər.
Əslində, bugünkü sənədin ən maraqlı tərəfi də budur. Tarixdən gələn dostluq gələcəyi necə dəyişə bilər?
Bir neçə onillik sonra Azərbaycanla Özbəkistan arasındakı münasibətlərə baxacaq insanlar bu müqaviləni yalnız 2026-cı ilin diplomatik hadisəsi kimi xatırlamayacaqlar.
Əgər bu gün müəyyən edilən istiqamətlər ardıcıl şəkildə davam etdirilərsə, bu sənəd Cənubi Qafqazla Mərkəzi Asiyanın yaxınlaşması prosesinin siyasi simvollarından birinə çevrilə bilər.
Çünki burada söhbət yalnız Bakı ilə Daşkənd arasındakı münasibətlərdən getmir.
Burada Xəzərin iki sahili arasında siyasi və iqtisadi yaxınlığın dərinləşməsindən, Mərkəzi Asiya ilə Cənubi Qafqazın daha sıx bağlanmasından, türk dünyasının müxtəlif coğrafiyalarının bir-biri ilə daha rahat əlaqələnməsindən söhbət gedir.
Amma bütün bunların başlanğıc nöqtəsi nə nəqliyyatdır, nə ticarət, nə də geosiyasət. Başlanğıc nöqtəsi insandır.
Xalqların bir-birinə münasibətidir. Ən böyük sərvət müqavilənin özü deyil .
Bu münasibətlərin ən böyük sərvəti nə milyardlarla dollarlıq ticarət dövriyyəsidir, nə yeni nəqliyyat xətləri, nə də ayrı-ayrı investisiya layihələridir.
Ən böyük sərvət etimaddır.
Çünki iqtisadi layihə bitə bilər, marşrut dəyişə bilər, bazar dəyişə bilər.
Etimad isə qorunarsa, bütün bunların yenisini yaratmaq mümkündür.
Bu baxımdan “Əbədi dostluq haqqında Müqavilə”nin ən mühüm nəticəsi gələcəkdə imzalanacaq müqavilələrin sayında deyil.
Onun ən mühüm nəticəsi Azərbaycan və Özbəkistan arasında münasibətlərin artıq nəsildən-nəslə ötürülə biləcək siyasi dəyərə çevrilməsidir.
Bu, yalnız dövlətlərin dostluğu deyil, bu, xalqların dostluğunun dövlətlər tərəfindən qorunmasıdır.
Və bəlkə də bu gün Daşkənddə baş verənləri ən doğru ifadə edən fikir budur.
Azərbaycan və Özbəkistan bu gün dostluq yaratmadılar. Onlar tarixdən gələn dostluqlarına gələcəyin siyasi təminatını verdilər.
“Əbədi” sözünün bütün ağırlığı da məhz buradadır.

Yeganə Hacıyeva,
Mətbuat Şurası İdarə Heyətinin üzvü
Musavat.com
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ