Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılmasını təklif edib. Onun sözlərinə görə, rəqəmsallaşdırma dərsliklərdə səhvlər olduğu halda düzəldilməsini asanlaşdıracaq:
“Yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. Rəqəmsallaşdırıldığı təqdirdə, bu prosesdə dəyişikliklər etmək və daha sürətli formada şagirdlərə təqdim etmək imkanı daha çoxdur”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a açıqlamasında bildirib ki, Ceyhun Məmmədovun orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması ilə bağlı təklifi Azərbaycan təhsil sistemində səmərəliliyin artırılması baxımından çox mühüm addım ola bilər:
“Deputatın vurğuladığı kimi, ən mühüm məqam dərsliklərdəki texniki, yaxud elmi səhvlərin sürətli korreksiyasıdır. Dərsliklərdəki bir səhvi düzəltmək üçün yeni ili gözləmək lazım gəlirsə, rəqəmsal formada bu dəyişikliklər dərhal həll oluna bilər. Bu, şagirdlərin yanlış məlumat mənimsəmə riskini minimuma endirir, eyni zamanda büdcə vəsaitlərinə qənaət baxımından da bu təklif dəyərləndirilə bilər.
Hər il milyonlarla dərsliyin çapına və onların logistikasına yönəldilən vəsait rəqəmsallaşmaya yönəldilərsə, bu, daha uzunmüddətli və səmərəli investisiya kimi qəbul oluna bilər. Eyni zamanda kağız israfının azaldılması hesabına dövlət büdcəsinin daha hədəfli istifadəsinə şərait yarada bilər.
Digər tərəfdən, dərsliklərin rəqəmsallaşdırılması həm də şagirdlərin fiziki sağlamlığı üçün ən böyük problem olan, valideynlər tərəfindən dilə gətirilən ağır çanta yükünü aradan qaldırmış olacaq. Bu, həm də müxtəlif multimedia üstünlüklərinin qazanılması deməkdir. 3D simulyasiyalar, mövzulara aid videolar və s. təhsilin keyfiyyətini yüksəldə bilər.
Hesab edirəm ki, bu, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən rəqəmsallaşma strategiyasına dəstək kimi tətbiq edilə bilər. Əlbəttə ki, rəqəmsal resurslara çıxış imkanları da önəmli amildir - internet əlçatanlığı, daimi elektrik enerjisi təminatı, şagirdlərin texnoloji avadanlıqlarla təminatı məsələsi və s.”
Ekspertin sözlərinə görə, indiki dövrdə kitabdan tamamilə imtina etmək doğru olmaz:
“Ən yaxşı modelin hibrid olduğunu düşünürəm. İlkin mərhələdə dərsliklərin həm kağız, həm də elektron variantı uğurlu sayıla bilər. Kağız dərsliyin özünün üstünlükləri var. Tədqiqatlar nəticəsində də öz təsdiqini tapıb ki, uzun mətni kağızdan oxuduqda beyin məlumatı daha dərindən analiz edir. Rəqəmsal cihazlarda isə diqqətin yayılması ehtimalı var. Digər tərəfdən, uzun müddət elektron cihazlardan istifadə rəqəmsal göz gərginliyi yarada bilər. Bu isə daha təhlükəlidir. Aydındır ki, dünyanın reallıqları dəyişib. Bütün dünya rəqəmsallaşmaya keçəcək. Amma keçid ağrısız olmalıdır”.
İlqar Orucov dərsliklərin keyfiyyəti məsələsinə də toxunub:
“Dərslik strategiyası düzgün qurulmalıdır. Yaxşı dərslik yazan müəlliflərimiz yoxdur. Bu istiqamətdə düşünməyimiz daha yaxşı olar. Dünyanın ən qabaqcıl təhsil sistemləri - Finlandiya, Baltikyanı ölkələr hibrid modeldən istifadə edirlər. Bu baxımdan mən fundamental biliklərin kağız dərsliklərdən, laboratoriya işləri, testlər, multimedia vasitələrinin isə rəqəmsal platformalar üzərindən tədrisinin tərəfdarıyam. Kitab bilik mənbəyidir, xəzinədir, hər zaman dəyərini qoruyacaq. Rəqəmsallaşma isə sadəcə bilik xəzinəmizə daha sürətli, daha rəngarəng qapının açılması deməkdir”.
Nigar Həsənli,
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ