Onlayn ictimai-siyasi qəzet
Bir neçə il əvvəl “Çin avtomobili” deyəndə çoxunun ağlına ucuz və keyfiyyətsiz məhsul gəlirdi. Bu gün isə vəziyyət tamamilə dəyişib. Artıq dünyanın ən böyük avtomobil istehsalçıları Pekinə yuxarıdan baxmır, əksinə, onun təqdim etdiyi texnologiyaları diqqətlə izləyirlər.
Musavat.com xəbər verir ki, bu dəyişimin ən parlaq nümunəsi BYD-nin premium markası “Denza”dır.
Artıq Azərbaycan bazarına daxil olmağa hazırlaşan marka yeni “Denza Z9S” modeli ilə dünya avtomobil sənayesində ciddi səs-küy yaradıb. Avqustun əvvəlində ön satışa çıxarılan elektromobil bir enerji doldurması ilə 1.100 kilometrə qədər yürüş ehtiyatı (CLTC standartı üzrə), 0-100 km/saat sürətlənməni cəmi 2,68 saniyəyə yerinə yetirməsi və ultra sürətli “Flash Charging” texnologiyası ilə diqqət mərkəzinə çevrilib.
Əslində, söhbət təkcə yeni modeldən getmir. “Denza”nın Azərbaycana gəlişi qlobal avtomobil bazarında güc balansının dəyişdiyinin növbəti göstəricisidir. Dünyada artıq yarış mühərrikin həcmi ilə deyil, batareyanın gücü, enerji doldurma sürəti, proqram təminatı və süni intellekt imkanları ilə ölçülür. Bu yarışda isə hazırda ən sürətli irəliləyən ölkə məhz Çindir. İllərdir elektromobil almaq istəyənlərin ən böyük narahatlığı uzun şarj müddəti idi. Çin isə məhz bu problemi həll etməyə çalışır.

BYD-nin ikinci nəsil Blade Battery 2.0 batareyası və “Flash Charging” sistemi sayəsində uyğun enerji doldurma məntəqəsində avtomobili 10 faizdən 70 faizə cəmi 5 dəqiqəyə, 10 faizdən 97 faizə isə 9 dəqiqəyə qədər doldurmaq mümkündür. Başqa sözlə, elektromobili doldurmaq üçün sərf olunan vaxt artıq ənənəvi yanacaq doldurma prosesinə yaxınlaşır. Bu texnologiya təkcə sürəti artırmır. Yeni nəsil batareyalar daha yüksək enerji sıxlığına malikdir, daha təhlükəsizdir və daha uzun istismar müddəti vəd edir.
Elektromobillərlə bağlı ikinci böyük problem yürüş məsafəsi idi. “Denza Z9S” bu sahədə də iddialıdır. Yeni modelin maksimal versiyası 102,3 kVt/saatlıq Blade Battery 2.0 batareyası ilə 1.100 kilometrə qədər yürüş ehtiyatı təqdim edir. Bu göstərici Çin standartı (CLTC) üzrə hesablanıb və digər beynəlxalq testlərdə daha aşağı olsa da, yenə də premium elektromobil seqmentində çox yüksək nəticə sayılır. Bu isə o deməkdir ki, elektromobil sahəsində illərlə müzakirə olunan “yolda batareya bitəcək” narahatlığı getdikcə aktuallığını itirir. Çin istehsalçıları avtomobili yalnız nəqliyyat vasitəsi kimi görmür. Yeni modellər daim internetə qoşulur, proqram təminatı məsafədən yenilənir (OTA), süni intellekt sürücünün davranışını öyrənir, enerji sərfiyyatını optimallaşdırır və avtomobil zaman keçdikcə köhnəlmək əvəzinə yeni funksiyalar qazanır. Bu yanaşma klassik avtomobil istehsalçılarından tamamilə fərqlənir. Çin şirkətləri avtomobili mexaniki məhsul deyil, proqram platforması kimi inkişaf etdirirlər.
Almaniya mətbuatında son günlərin əsas mövzularından biri məhz bu texnoloji dəyişikliklərdir. Onilliklər boyu avtomobil sənayesinin lideri olan Almaniya indi elektromobil keçidinin maliyyə yükü ilə üz-üzədir. Ehtiyat hissələri istehsalçılarının borcları artır, zavodlarda restrukturizasiya aparılır, minlərlə iş yerinin ixtisarı müzakirə olunur. Ən böyük problem isə başqadır. Əgər əvvəllər rəqabət mühərrik, transmissiya və şassi üzərində gedirdisə, indi bazarı batareyalar, proqram təminatı və süni intellekt müəyyənləşdirir. Bu sahədə isə Çin şirkətləri sürətlə irəli çıxırlar. “Toyota”, “Honda” və “Nissan2” kimi nəhənglər uzun illər keyfiyyət və etibarlılığın simvolu olublar. Ancaq bazar dəyişir. Yeni nəsil alıcı artıq avtomobil seçərkən yalnız mühərrikə baxmır. O, enerji doldurma sürətinə, proqram təminatına, süni intellekt funksiyalarına, multimedia sisteminə və rəqəmsal xidmətlərə də ciddi önəm verir. Məhz buna görə son günlər Yaponiyada Çin istehsalçılarının yüksəlişi əsas müzakirə mövzularından biridir.
Bu qlobal dəyişikliklərin təsiri artıq Azərbaycanda da hiss olunur. “BYD”, “Changan”, “Geely”, “Deepal”, “Chery” və digər Çin markalarının satışlarının sürətlə artması təsadüfi deyil. İndi bu sıraya BYD-nin premium markası Denza da qoşulur. Bu isə o deməkdir ki, Azərbaycan bazarına artıq sadəcə yeni avtomobillər deyil, yeni texnologiyalar gəlir. Ultra sürətli enerji doldurma sistemləri, 1.000 kilometrdən artıq yürüş ehtiyatı, süni intellektlə işləyən idarəetmə sistemləri və proqram yeniləmələri yaxın illərdə ölkəmizdə də elektromobil bazarının simasını dəyişə bilər. Bir vaxtlar avtomobil sənayesinin qaydalarını Almaniya və Yaponiya müəyyən edirdi. Bu gün isə görünən odur ki, XXI əsrin avtomobil yarışında liderlik sükanı getdikcə Çinin əlinə keçir. “Denza”nın Azərbaycan bazarına gəlişi də bu qlobal dəyişimin ölkəmizdə hiss olunan ilk ciddi siqnallarından biridir.
E.Məmmədəliyev,
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ