Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ictimai-siyasi mühiti illərdir ən müxtəlif xarakterli, rəngarəng fırıldaqçılıq ssenarilərinə şahidlik edib. Lakin son günlər redaksiyamıza daxil olan faktlar və Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadənin həyəcan təbili çalaraq ortaya qoyduğu mənzərə nəinki adi dələduzluq çərçivəsinə sığmır, hətta siyasi teatrın ən fantastik pərdələrini geridə qoyur.
Söhbət özünü cəmiyyətə “beynəlxalq hüquq müdafiəçisi”, “xeyriyyəçi”, beynəlxalq yəhudi insan hüquqları təşkilatının “xüsusi nümayəndəsi” kimi sırımağa çalışan “David Seliverstov” kimliyindən gedir. Lakin pərdəarxası araşdırmalar və hüquq-mühafizə orqanlarının arxivləri başqa bir acı həqiqəti çılpaqlığı ilə üzə çıxarır. Bu “beynəlxalq diplomat” obrazının arxasında əslində əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş, 1988-ci il təvəllüdlü Bakı sakini Kazım Elşən oğlu Abbasov dayanır.

İlf və Petrovun ölməz qəhrəmanı Ostap Bender yaşasaydı, yəqin ki, Kazım Abbasovun bu metamorfozasına həsəd aparardı. Müasir dövrdə ağ şərf, bahalı kostyum, Bakının mərkəzi rayonunda ofis, qapıda metal detektor, iki mühafizəçi və "Cadillac Escalade" (AZ 77 AX 911) markalı avtomobil artıq yarım-diplomatik status deməkdir. Məhəllənin adi Kazımından "pulumu qaytar" deyib tələb etmək asandır, amma "David Seliverstov"dan nəyisə tələb etmək üçün adam əvvəlcə "Quqlda" onun hansı xarici dövlətin və ya beynəlxalq gücün nümayəndəsi olduğunu axtarmağa başlayır.

Və qarşısına ilk olaraq Qlobal Həmrəylik Şurası - Rəsmi Beynəlxalq Platforma adlı bir sayt çıxır. Orada həmin David Seliverstovun həşəmətli fotosu və müraciəti yer alır. Müraciət mətni ümumi sözlərdən ibarət olsa da, "Global Solidarity Council" (Qlobal Həmrəylik Şurası) emblemi, qlobal idarəçilik, beynəlxalq həmrəylik və siyasi güc simvolikasını özündə birləşdirən konseptual bir gerbi daha çox diqqət çəkir.
Vizual olaraq emblem üç əsas ideoloji müstəvini bir araya gətirir. Yuxarı hissədə yer alan kəskin baxışlı qartal var. Adətən ABŞ dövlət rəmzlərində istifadə olunan bu qartal mərkəzi nəzarəti, mühafizəni və hakimiyyəti tərənnüm edir. Mərkəzdəki Yer kürəsi təşkilatın dünya miqyaslı fəaliyyətini, onu əhatə edən dəfnə - zeytun budaqları isə BMT rəmzlər ilə assossasiya olunur. Gerbin yuxarısında ingiliscə, aşağısında rusca yazının olması və alt hissədə Davud ulduzunun (Hexagram) yerləşdirilməsi bu strukturun Qərb, Şərq və Yəhudi-İsrail maraqlarının kəsişdiyi, beynəlxalq nüfuza malik bir həmrəylik şurası kimi təqdim olunduğu təsəvvürünü gücləndirir.
Ümumilikdə bu təsvir, dünyada sülhü və nizamı qorumaq iddiasında olan müasir qlobal alyansların və ya konseptual təşkilatların vizual kimliyini əks etdirir. Görünür David Seliverstov elə bu görüntüdən öz mifinə digərilərini inandırmaq üçün geniş istifadə edib.
David Seliverstov - Kazım Abbasovun bioqrafiyasına nəzər saldıqda qarşımıza klassik residivist xətti çıxır. Bir daha adamın keçmişini xatırladaq:
2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən tutulub. Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) ilə 4 il 6 ay azadlıqdan məhrum edilib, amma vaxtından əvvəl azad olunub. Bu məsələ də ayrıca araşdırma mövzusu olmalıdır.
Xəzər Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri üzrə 2 il azadlıqdan məhrumetmə və 3500 manat cərimə.
2014-cü il (29 sentyabr): DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Türmə illəri Kazım Abbasov üçün “akademiya” olub. O illərdə içəridə gördüklərini, eşitdiklərini çox gözəl mənimsəyib və özünün "istedadı" ilə uzlaşdırıb. 2022-ci ildən sonra həbsdən çıxan Kazım Abbasov dərhal "rebrendinq" əməliyyatına başlayıb. O, adını dəyişərək "David Seliverstov" olub, Bəhruz Qasımov küçəsində faktiki olaraq "qalaya" çevirdiyi bir ofis götürüb. Qapıda xüsusi dəmiraxtaranlar, içəri girənlərin telefonlarının müsadirə olunması, xüsusi mühafizə müşayiəti, içəridə saxlanılan 2 vəkil və bağlanılan qalmaqallı müqavilələr... Bütün bunlar bir məqsədə xidmət edib: "Mən adi adam deyiləm, mənim arxamda nəhəng beynəlxalq güclər durur" illyuziyası yaratmaq. Lakin saxtakarlığın miqyası təkcə yəhudi insan hüquqları təşkilatının nümayəndəsi obrazı ilə məhdudlaşmır.
Redaksiyamıza daxil olan ən son və şok detallara görə, Kazım Abbasov - David Seliverstov öz cinayət şəbəkəsini daha yüksək dairələrə kökləməyi bacarıb. Məlumata görə, o, Milli Məclisin deputatı olan bir xanımla xüsusi yaxın münasibətlər quraraq bu əlaqələrdən özünün toxunulmazlıq zirehi kimi istifadə edib. Deputat xanımın nüfuzu və yaratdığı siyasi çətir vasitəsilə müxtəlif imkanlı şəxslərin, biznesmenlərin etibarını qazanan David Seliverstov böyük beynəlxalq layihələr, xarici investisiyalar və birgə iş qurmaq adı altında milyonlarla manat və xarici valyuta vəsaitini ələ keçirib.
İşin ən fantastik tərəfi isə bu mənimsənilən milyonları, verilən saxta vədləri ört-basdır etmək üçün istifadə olunan metodlardır. Pulunu tələb etməyə gələn biznesmenlərə və vətəndaşlara o, özünü nəinki beynəlxalq hüquq müdafiəçisi, hətta "Qlobal Mason Loja"sının Bakıdakı xüsusi nümayəndəsi və rəhbəri kimi təqdim edib. O, qurbanlarına "qlobal dünya nizamı", "sirli mason elitaları" adından hədə-qorxu gələrək, mənimsədiyi milyonların hesabını tələb edənləri dünyəvi güclərlə hədələyib və təzyiq altında saxlayıb.
İllərdir filmlər və konspirologiya kitabları vasitəsilə formalaşan "gizli dördlüklər", "hər qapını açan yəhudi lobbisi" və "dünyanı idarə edən Mason lojaları" kimi miflər bu dəfə Bakının mərkəzində dələduzluq alətinə çevrilib. Hətta içkili halda ən yüksək vəzifəli şəxslərin ünvanına söyüşlər söymək, insanları hədələmək də bu "arxamda nəinki dövlətlər, qlobal mason şəbəkəsi durur" teatrının tərkib hissəsi olub.
Bəs Kazım Abbasovu - David Seliverstovu Azərbaycan qanunları ilə nə gözləyir?
Qeyri-mövcud bir şəxsin adı ilə ictimai-siyasi həyat sürməyə çalışan, öz milli mənsubiyyətini, hüquqi statusunu saxtalaşdıraraq, mason lojasının adından istifadə edib vətəndaşların milyonlarını mənimsəyən bir şəxsin əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsi baxımından ağır hüquqi nəticələr doğurur. Şəxs özünü başqa bir statusda (xarici təşkilatın, mason lojasının nümayəndəsi) təqdim edərək vətəndaşların etibarından sui-istifadə edib, iş qurmaq adı ilə milyonlarla manat ələ keçiribsə, bu əməl birbaşa CM-nin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə tövsif olunur. Bu halda 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Kazım Abbasovun əvvəllər dəfələrlə məhkum olunması faktı hüquqda təhlükəli və ya xüsusilə təhlükəli residiv (CM-nin 18-ci maddəsi) kimi qiymətləndirilir ki, bu da cəzanı maksimum həddə qədər ağırlaşdırır.
David Seliverstov adı ilə müqavilələr bağlamaq, hər hansı təşkilat və ya loja adına saxta vəsiqə, sertifikat təqdim etmək CM-nin 320.1 və 320.2-ci saxta sənəd hazırlama və saxta sənədlərdən bilə-bilə istifadə etmə maddələri ilə tövsif olunur. Belə əməllərə görə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Mənimsənilən milyonları tələb edən şəxsləri "Mason lojası" və ya toxunulmaz xarici güclərlə hədələmək, içkili halda yüksək vəzifəli şəxsləri təhqir etmək CM-nin 182-ci maddəsi - hədə-qorxu ilə tələb etməyə görə isə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun DİN, DTX və Baş Prokurorluğa rəsmi müraciətindən sonra ən maraqlı məqam Kazım Abbasovun ətrafındakı "siyasi və biznes hörümçək toru"dur. Musavat.com David Seliverstovla sıx əlaqədə olan, onun Bakıdakı "qranit statusuna" inanıb yanında yer alan, onunla fotoşəkillər çəkdirən, məsələlərində vasitəçilik edən xanım deputat, digər millət vəkilləri, tanınmış iş adamları və ictimai simaların siyahısını müəyyənləşdirib.
Ağ şərfli fırıldaqçının arxasında gizlənən bu şəxslər kimlərdir? Onlar həqiqətənmi mason mifi və beynəlxalq təşkilat oyununun qurbanı olublar, yoxsa Kazım Abbasovun yaratdığı saxta "beynəlxalq" çətirin altında milyonluq şəxsi maraqlarını güdüblər?
Ən son məlumata görə David Seliverstov dünən Musavat.com-da barəsində yazılan ifşaedici məqaləni oxuyandan sonra Gürcüstana qaçıb. Orada isə İsrailə getdiyi barədə Bakıdakı ətrafına yalan məlumatlar ötürüb. Onun faktiki yeri barəsində isə hələ ki məlumat yoxdur.
Bizi izləyin, Ostap Benderin Bakı ssenarisi özünün son və ən acı pərdəsinə qədər ifşa olunacaq!
E.Məmmədəliyev,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ