İnsanlara hürriyət, millətlərə istiqlal!

Dambrauskasın təbəssümünün sirri

Çempionlar Liqasında romantikaya yer yoxdur...

 
“Sabah” “Qarabağ”dan sonra İngiltərə klublarına qarşı tilsimi qıra bilmədi. “Qarabağ” indiyədək İngiltərə klubları ilə 11 oyun keçirib, yalnız birində – Bakıda “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib, qalan görüşlərdə uduzub. Bu, əlbəttə, lənət deyil. Söhbət Avropanın ən güclü Premyer Liqasının klublarından gedir. Ona görə də “Sabah”la “Mançester Yunayted” (“MY”) arasındakı oyun ərəfəsində bəzi “öncəgörənlərin” hətta qələbə havasına girməsi ciddi söhbət deyildi...
 
Mançester şəhərinin məşhur klubunda böhran yaşanması yenilik deyil. 2024/25 mövsümündə Premyer Liqanı 15-ci yerdə başa vuran klubun son çempionluğu 2012-ci ildə, Ser Aleks Ferqyusonun dövründə olub. Son mövsümdə isə “MY” 3-cü yeri tutaraq yenidən Çempionlar Liqasına qayıdıb.

Picture background

“MY”nin oyununa çoxdan baxmırdım. Doğrudan da, cəmi bir neçə il əvvəlki “qırmızı şeytanlıq”dan çox az şey qalıb. Yeni mövsümün ilk turunda Premyer Liqaya vəsiqə qazanmış “Hull City”yə (türkiyəli məşhur iş adamı Acun Ilıcalının klubuna) 0:2 hesabı ilə uduzması, “Sabah”la oyundan əvvəl isə “Everton”la heç-heçə etməsi klubda problemlərin hələ də qaldığını göstərirdi. Amma o da görünür ki, komanda həm də toparlanmağa çalışır və heyətə yeni futbolçular cəlb edib. “Sabah”la oyuna baxaraq, “MY”nin indiki vəziyyətinə tam qiymət vermək çətindir. Çünki komandaların səviyyəsi arasında ciddi fərq var. “Sabah” ilk qarşılaşmada ənənəvi oyununu nümayiş etdirə bilmədi, rəqib buna imkan vermədi, amma müqavimət göstərdi. Əks halda, dahaböyük hesablı nəticə ilə üzləşə bilərdi.

Baş məşqçi Valdas Dambrauskasın sakit davranışı və oyundan sonrakı açıqlamaları da göstərdi ki, o, reallığı qəbul edir. Hətta oyundan sonra bəlkə də ilk dəfə onun üzündə təbəssüm gördük. İngilislərin məşhur klubunu böhrandan çıxmağa çalışan baş məşqçisi Maykl Kerrikə yaxınlaşıb, yəqin ki, komandasının oyununu bəyəndiyini söylədi. Meydanda rəqib klubun futbolçuları ilə də mehriban görüşdü. Bəlkə də hesabın daha böyük olmamasına belə sevinirdi...

Picture background

Dambrauskas da, Kerrik də “MY”nin futbolçularını tərifləyib. Amma məncə, ingilis klubu onlar bəzi epizodlarda qol vurmaqda bir qədər “səhlənkarlıq” edirdilər. Bəlkə də öz qapılarında top görsəydilər, daha aqressiv oynayardılar.

“Sabah” dediyim kimi müqavimət göstərdi, amma futbolçuların əksəriyyəti potensialından çox aşağı çıxış etdilər. Baş məşqçi oyundan sonra komandasını tərifləyib, yol verdikləri səhvləri isə təcrübəsizliklə əlaqələndirib: “Bu, bir qədər təcrübəsizliklə bağlı idi. Çünki oynamaq şansımız olanda topa sahib olmağa və oyuna nəzarət etməyə çalışırdıq. Əlbəttə ki, “Mançester Yunayted”in icazə verdiyi qədər. Lakin düşünürəm ki, bizim də bəzi imkanlarımız oldu”.

Səhvlərdən və buraxılan qollardan söz düşmüşkən, “Sabah” azarkeşlərinə belə mötəbər turnirə vəsiqə qazandıqları üçün qibtə etməmək olar. Vaxtilə belə mötəbər oyunlarda “Qarabağ”ın qapısında Şahruddinin bizə yaşatdığı həyəcanlı anları indi Stas Pokatilov Masazır klubunun tərəfdarlarına yaşadır. Məncə, “Sabah”ın ən zəif bəndi təkcə müdafiə deyildi, qapıçı da bu siyahıdadır. Pokatilov İsrail klubu ilə Bakıda keçirilən oyunda da ciddi səhvlərə yol vermişdi, dünən gecə də. Ona görə məncə, “Sabah” transfer pəncərəsi hələ bağlanmadığı müddətdə etibarlı qapıçı gətirməyi də düşünməlidir.

Picture background

“Sabah” daxil olmaqla, bu il Çempionlar Liqasında debüt edən klublardan yalnız İtaliyanın “Komo”su qələbə qazanıb – “Leyptsiq”i 4:1 hesabı ilə məğlub edib. Digər debütantlar uduzub. ÇL-nın Liqa mərhələsinədək “Sabah”ın bəxti gətirmişdi, pley-offdakı “Hapoel” istisna olmaqla. Liqa mərhələsində isə bəxt bu dəfə üzlərinə gülmədi. “Slaviya” və “Vikinq” istisna olmaqla, rəqiblər çox güclü klublardır. İndi əsas xal ümidi, əlbəttə ki, gələn ay Bakıda keçiriləcək “Slaviya” ilə ilk ev qarşılaşmasına bağlıdır.

Picture background

Klubun ev oyunlarını Olimpiya Stadionunda keçirmək qərarı mənə bir az tələsik, bir az da emosional qərar kimi gəldi. 70 minlik Olimpiya Stadionu Bakının sərt küləklərinin intensivləşdiyi noyabrın sonundakı “Barselona” ilə qarşılaşmada belə tam dolmaya bilər. Əlbəttə, “Sabah”ın tribunaları tam doldurmaq kimi UEFA qarşısında heç bir öhdəliyi yoxdur. Amma böyük tutumlu stadionun çox da boş görünməməsi lazımdır. Dambrauskasın ilk çempionluq ərəfəsindəki oyunlarda azarkeşlərin stadiona gəlməməsindən gileyləndiyini, bunu başa düşmədiyini dediyini xatırlayıram.

Mental olaraq azərbaycanlıların futbola marağı var. Amma bu maraq mütləq stadiona getmək demək deyil. Məsələn, ingilislər bunu sevirlər – ən zəif klubun oyunlarında belə tribunada çox az boş yer tapılar. Biz isə ingilis deyilik. Ona görə də Olimpiya Stadionunu doldurmaq ciddi iddia kimi görünür. Ümid edək ki, “Sabah”ın sponsorları bunun da öhdəsindən gələcək.

İlk səfər məğlubiyyəti “Sabah”ın azarkeşlərini məyus etməməlidir. Hələ qarşıda çox sabahlar var və qələbələr də mütləq gələcək...

Nazim Sabiroğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR