İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlə savaşın hesabını əhali ödəyəcək 

Çinin texnoloji üstünlüyünü zəiflətmək və yerli istehsalı qorumaq üçün tətbiq edilən yeni gömrük rüsumları gözlənilməz nəticə yaradır: günəş panellərindən elektrik şəbəkələrinə qədər bütün enerji sektorunda xərclər artır, “yaşıl keçid” isə ləngiyir.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” yazıb.

Sayt qeyd edir ki, ABŞ-dən Avropa İttifaqına, Braziliyadan digər inkişaf etməkdə olan ölkələrə qədər hökumətlər günəş panelləri, elektromobillər, batareyalar, transformatorlar və kritik mineralların ticarətinə yeni məhdudiyyətlər tətbiq edirlər.

Əsas səbəblərdən biri Çinin bu sahələrdə əldə etdiyi nəhəng üstünlükdür. Qərb hökumətləri strateji texnologiyalarda Pekindən asılı vəziyyətə düşmək istəmirlər və istehsalı öz ölkələrinə qaytarmağa çalışırlar.

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, son iki ildə batareyalar, elektromobillər, elektroliz qurğuları, istilik nasosları və külək turbinlərinə tətbiq edilən tariflər yüksəlib. Günəş enerjisi sənayesində isə təchizat zənciri üzrə orta gömrük rüsumu 2023–2024-cü illərdə doqquz dəfə artıb.

“GridWise Alliance”ın rəhbəri Karen Veyland prosesin nəticəsini qısa şəkildə belə ifadə edib:

“Bu, işləri mütləq şəkildə ləngidir”.

Problem artıq elektrik şəbəkələrinə də çatıb. Bir çox ölkədə köhnəlmiş şəbəkələr yenilənməli, eyni zamanda sürətlə artan elektrik tələbatını qarşılamaq üçün yeni infrastruktur qurulmalıdır. Tariflərin bahalaşdırdığı avadanlıqlar isə nəticədə istehlakçıların elektrik hesablarına da təsir göstərə bilər.

Avropa İttifaqı müəyyən təmiz enerji texnologiyalarının dövlət satınalmalarında Avropada istehsal edilməsini tələb edən qaydalar hazırlayır.

Lakin Avropa elektrik şəbəkəsi operatorları xəbərdarlıq edirlər ki, qitə hələ bəzi mühüm avadanlıqları, o cümlədən transformator komponentlərini tələb olunan həcmdə istehsal edə bilmir. Buna görə sərt “Avropada istehsal” şərtləri qısa müddətdə sənayeni gücləndirmək əvəzinə avadanlıq çatışmazlığına və qiymət artımına səbəb ola bilər.

Donald Tramp administrasiyası avqustda milli təhlükəsizlik riski yarada biləcək xarici şirkətlərin istehsal etdiyi müəyyən elektrik şəbəkəsi avadanlıqlarının alınmasını və quraşdırılmasını məhdudlaşdırıb.

ABŞ-də enerji avadanlığı təchizatında problemlər onsuz da ciddi həddə çatıb. Yeni data-mərkəzləri və ölkəyə qaytarılan sənaye müəssisələri də elektrik avadanlığı uğrunda kommunal şirkətlərlə rəqabət aparırlar.

Hazırda bəzi transformatorların çatdırılması iki il yarıma yaxın vaxt aparır, onların qiyməti isə 2020-ci ilin mayından bəri 158 faiz yüksəlib. Bir sıra digər şəbəkə avadanlıqlarının çatdırılması üçün də ən azı bir il gözləmək lazım gəlir.

Veyland xəbərdarlıq edir ki, ABŞ-nin yeni ticarət məhdudiyyətləri problemi daha da ağırlaşdıra bilər. Çünki Amerika hazırda tələb olunan bütün iri elektrik avadanlıqlarını özü istehsal edə bilmir, yeni zavodların yaradılması isə vaxt tələb edir.

“Chatham House”un tədqiqatçısı Kris Aylet hesab edir ki, bütün bazarı ucuz Çin məhsullarına açmaq uzunmüddətli perspektivdə siyasi və iqtisadi problemlər yarada bilər. Yerli sənayenin sıradan çıxması cəmiyyətin enerji keçidinə dəstəyini zəiflədə bilər.

“Batareyalarımız Çində istehsal olunursa, vətəndaşlarımıza dekarbonizasiyanın fürsət olduğunu necə izah edə bilərik?”, - deyə Aİ sənaye komissarı Stefan Sejurne bu dilemmanı belə ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR