Onlayn ictimai-siyasi qəzet
"Respublikaçılar Partiyasının bir qismi prezident Donald Trampın Qrenlandiyanı hərbi və ya digər yollarla ABŞ-yə qatmaq niyyətinə qarşı çıxması və prezidenti impiçmentlə hədələməyə başlamaları Ağ Ev sahibinin siyasətinin artıq öz partiyasında belə narahatlıq doğurmasının təzahürləridir. Belə bir vəziyyət Rspublikaçılar Partiyasını və Trampı sürprizlərlə üz-üzə qoya bilər".
Bu barədə Musavat.com-a şərhində siyasi şərhçi Əli Orucov bildirib.
Onun sözlərinə görə, Trampın Qrenlandiya ilə bağlı yenidən sərt və maksimalist ritorikaya qayıtması təkcə demokratların deyil, Respublikaçılar Partiyasının bir hissəsinin də açıq narazılığına səbəb olur:
“Xüsusilə “hərbi və ya digər yollarla ABŞ-yə qatmaq” kimi ifadələr Trampın artıq öz partiyası daxilində belə riskli siyasi xətt seçdiyini göstərir. Bu tendensiya Trampa həm imkanlar, həm də ciddi sürprizlər vəd edir. Trampın Qrenlandiya ilə bağlı ritorikası onu öz elektoratı üçün daha cazibədar, partiya daxilində isə daha təhlükəli fiqura çevirir. Bu kurs Trampa qısamüddətli siyasi səs-küy və sadiq dəstək qazandırsa da, perspektivdə Respublikaçılar Partiyasının parçalanmasını dərinləşdirə, Konqreslə qarşıdurmanı artıra, Trampı hüquqi, siyasi və diplomatik təzyiqlərlə üz-üzə qoya bilər”.
Siyasi ekspertin fikrincə, ənənəvi respublikaçılar, xüsusilə Konqresdəki institusional qanad Trampın bu tip addımlarını ABŞ Konstitusiyasına, NATO və transatlantik münasibətlərə, ABŞ-ın beynəlxalq imicinə təhlükə kimi görürlər: “Nəticədə partiya daxilində trampçılar – institusional respublikaçılar toqquşan xətti daha da dərinləşir. Belə bir tendensiya impiçment riski meydana gətirə bilər. Respublikaçıların bir qrupunun impiçment hədəsi Tramp üçün ciddi siqnaldır. Lakin Senatda impiçmentin real nəticə verməsi çətindir. Çünki respublikaçıların böyük hissəsi hələ də Trampa qarşı açıq səs verməyə hazır deyil. Yəni impiçment daha çox siyasi təzyiq aləti kimi istifadə olunur, hüquqi sonluq ehtimalı isə zəifdir. Tramp üçün ən ciddi sürpriz 2026-cı ildə Konqres seçkilərində və ya partiyadaxili ilkin seçkilərdə respublikaçı namizədlərin Trampdan məsafə saxlaması ola bilər”.
Etibar Seyidağa,
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ