Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsi həm də soydaşlarımızın həyatı bahasına davam eləməkdədir. Həlak olan azərbaycanlıların sayı təəssüf ki, artmaqdadır. Hər iki tərəfdən.
Ən son məlumata görə, daha bir azərbaycanlı müharibədə öldürülüb. Bu, Goranboy sakini Dilsuz Kərimovdur. Onun rus ordusunun tərkibində döyüşdüyü, Putinin onu “Orden Mujestva” (“İgidliyə görə” ordeni) ilə təltif elədiyi bildirilir.
Soydaşımızın Rusiya vətəndaşı olub-olmadığı haqda heç nə deyilmir. Amma əsas bu deyil əlbəttə ki. Əsas sual odur ki, hansı maraqlar azərbaycanlını insan üçün ən qiymətli nemət olan həyatı bunca risk altına atmağa vadar edir? Nəyin qarşılığında? Buna dəyərmi? Dəyirmi?..
Sirr deyil ki, Rusiya 4 ilə yaxındır qonşu dövlətə qarşı işğalçı müharibə aparır, Ukrayna isə öz ərazisini, öz xalqını müdafiə edir. Bu mənada təcavüzə qarşı səfərbər olub mübarizə aparan tərəfə kömək eləmək, haqsızlığa məruz qalanın səfində yer alıb vuruşmaq hardasa başa düşüləndir.
Hər halda işğalın nə olduğunu Azərbaycan, Azərbaycan xalqı yaxşı bilir. Heç təsadüfi deyil ki, Zelenskinin təltif elədiyi azərbaycanlı hərbçilər qat-qat çoxdur, nəinki o biri tərəfdə.
Bəs Rusiya uğrunda vuruşmağa, ölməyə gərək varmı? O Rusiya ki, Azərbaycan daxil, postsovet ölkələrinə hələ də yuxarıdan-aşağı, “ikinci sort” dövlətlər, “arxa bağça” kimi baxır. Şimaldan vaxtaşırı hədə-hədyanlar, “SSRİ qanunsuz yola dağılıb” bəyanatları eşidilir. Putinin özü isə “Rusiyanın sərhədləri yoxdur”, “Bizim ən etibarlı müttəfiqimiz ordumuzdur” deyir...

Hər şey qırağa, bu həmin Rusiyadır ki, AZAL-a məxsus təyyarəmizin Qroznı üzərində vurulmasına görə indiyədək məsuliyyəti öz üzərinə götürməyib. Sabah faciənin bir ili tamamlanacaq, gəl ki, Vladimir Putin oktyabrda İlham Əliyevə verdiyi məlum vədləri yerinə yetirənə oxşamır. Bu azmış kimi, Rusiyada azərbaycanlıların, milli ruhlu diaspor üzvlərimizin təqibi səngimək bilmir. Kremlə yaxın KİV Azərbaycanı qaralayan, şər-böhtan xarakterli materiallar yaymaqdan yorulmur.
Azərbaycanı da hədəf almış belə rəsmi neo-imperialist siyasətin, arxaik düşüncə tərzinin qurbanına niyə çevrilək ki? Axı bu həm də bir tarixdir. Tarix isə dərs çıxarmaq üçündür, gələcək nəsillər üçündür. Bizdən sonrakı nəsillər bu faktları görüb də, oxuyub da nə düşünəcək görəsən? Lənət şeytana, biz TƏRƏFİ düzmü seçmişik?
Bir dəfə yazmışdıq, təkrarlamaqda fayda var: ola bilməz ki, Allahı çağırıb qaçan da, Allahı çağırıb qovan da eyni dərəcədə haqlı olsun. İkisindən biri haqlı olar. Hansı? Orası də hamıya bəlli...
Sözü nəyə gətiririk? Ukrayna naminə də, Rus imperiyası və Putin naminə də həlak olan azərbaycanlılarımızın yaxınlarının bası sağı olsun, fəqət fani dünyada elə mənəvi dəyərlər var ki, onlar pul-para, maddiyyətlə ölçülməz. Gərək ki, İmam Hüseynin (ə) sözüdür, buyurub ki, “zülmə dözən olmasa, zülm də olmaz”.
Elə zalım da olmaz. Zülmə, zalıma dəstək vermək isə zülmə dözməkdən daha betər, daha böyük günah...
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ