İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitməyən Qəzza və Ukrayna savaşı - Tramp seçilsə, müharibə dayanacaq, yoxsa...

Siyasi şərhçi: “Bayden siyasətindən bu məsələlərdə müsbət bir nəticə olmayacağı hər kəsə aydındır”

ABŞ-ın hazırkı prezidenti və Demokratların prezidentliyə namizədi Co Baydenin reytinqi sürətlə aşağı enir. Respublikaçıların namizədi, sabiq prezident Donald Trampın isə nüfuzu artır. ABŞ cəmiyyəti prezidentliyə iddialı Donald Trampı dəstəkləyir. 

Belə ki, ABŞ-ın keçmiş və indiki prezidentləri arasında keçirilmiş ilk teledebat məhz Donald Trampın siyasi üstünlüyü ilə sona çatıb. Keçirilmiş ictimai rəy sorğularında isə Donald Tramp seçicilərin 67 faizinin dəstəyini öz arxasına almış kimi görünür. Donald Trampla debatda mövzuları normal arqumentlərlə izah edə bilməyən, hətta tez-tez nitq problemləri ilə diqqəti çəkən prezident Co Baydenin ictimai rəydə nüfuzu  sürətlə aşağıya doğru yuvarlanır.

Siyasi analitiklər hesab edir ki, indi prezidentliyə namizədlik məsələsində hələ də inadkarlıq edən Co Baydenin seçkidə qələbəsinə onun özündən başqa heç kim inanmır. Hətta Bayden ailəsində belə ciddi tərəddüdlər hökm sürür. Panik durumda olan demokratlar isə vəziyyətdən çıxış yolu axtarmağa başlayıblar. Demokratlar Partiyasının Co Baydenin əvəzinə yeni prezidentliyə namizəd irəli sürməsi üçün isə variantlar o qədər də çox deyil.

Belə ki, ən optimal variant Co Baydenin özünün könüllü şəkildə seçkidən çəkilməsidir. Buna hələlik razılaşmayan Co Bayden Demokratları ikinci xoşagəlməz varianta yönəlmək məcburiyyətində buraxa bilər. Yəni Co Bayden partiya sıralarından kənarlaşdırılacağı təqdirdə, Demokratlar yeni prezidentliyə namizəd irəli sürmək hüququ qazanacaq. Və digər uğurlu alternativ namizədin də hələlik olmaması demokratların, ümumiyyətlə, əlini-qolunu bağlamış kimi görünür.

Siyasi ekspert Elçin Xalidbəylinin fikrincə, belə anlaşılır ki, artıq ciddi şəkildə parçalanmış ABŞ cəmiyyəti “Bayden faciəsi” yaşayır. Belə ki, qoca Co öz siyasi yetərsizliyi ilə ABŞ cəmiyyətini Donald Trampı prezident seçməyə məhkum edib. Hətta hazırda elə bir vəziyyət yaranıb ki, Donald Tramp seçki başlamadan belə, onun qalıbi hesab olunur. Və bu, o deməkdir ki, həm ABŞ-da, həm də Avropada bundan narahat olanlar istəməsələr belə, Donald Tramp dönəminə hazırlaşmaq məcburiyyətində qalıb.

ABŞ növbəti prezidentini seçməyə hazırlaşdığı vaxtda Rusiya-Ukrayna müharibəsi, Qəzzada İsrail-HƏMAS savaşı davam edir. Və hər iki müharibənin yaxın aylarda bitməyəcəyi görünür. 

Qəzza zolağında savaş bitmir və bu prosesin sonu görünmür. İsrail hərbçilərinin 2023-cü ilin oktyabr ayından bu anklavda hərbi əməliyyatlara başladığı vaxtdan Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində təxminən 37,9 min insan həlak olub, 87 minə yaxın insan isə yaralanıb.

Fələstin sektorunun Səhiyyə Nazirliyi bu məlumatları rəsmi Telegram kanalında verib.

“İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatların qurbanlarının sayı bu gün 37 877 nəfərə çatıb”, - departament bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin oktyabrından indiyədək anklavda 86 969 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 43 fələstinli ölüb, 111 nəfər isə yaralanıb.

“İsrail ABŞ prezidenti Co Baydenin təklif etdiyi, Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsini nəzərdə tutan plana sadiq qalır”. Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib və onun həyata keçirilməsinə bütün maneələrin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən yaradıldığı fikrini ifadə edib.

“Girovlarımızı azad etmək kimi müqəddəs missiyaya gəlincə, İsrailin prezident Baydenin dəstəklədiyi azad etmə planı ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Bu gün hamı sadə bir həqiqəti bilir: girovlarımızın azad edilməsinə yeganə maneə HƏMAS-dır. Diplomatik və hərbi təzyiqləri birləşdirərək, onların hamısını - 120 girovu geri qaytaracağıq. Həm diriləri, həm də ölüləri”, - deyə Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.

Görünən budur ki, İsrailin Qəzzada müharibəni dayandırmaq niyyəti yoxdur və o da sirr deyil ki, Bayden administrasiyası savaşın dayandırılmasına səy göstərmir. Bu gedişatın Donald Trampın ABŞ prezidenti olacağı halda dəyişəcəyi haqda proqnozlar verilir. Onun həm Ukrayna, həm Qəzzada antimüharibə ssenariləri işə salacağı haqda müəyyən gözləntilər var. Bu, seçkiqabağı vəd, texnologiyadır, yoxsa real əsasları var?

Abutalıb Səmədov: Dünya ictimaiyyəti bir daha Azərbaycan-Türkiyə  qardaşlığının şahidi oldu

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, hadisələr Co Baydenin həm Rusiya-Ukrayna cəbhəsində, həm də İsrail-HƏMAS qarşıdurmasında real iş görmək imkanına malik olmadığını, yaxud istəmədiyini göstərdi: “Donald Trampla son debat da onun nə qədər yararsız siyasətçi olduğunu bütün dünyaya nümayiş etdirdi və ABŞ-da Co Baydenin dəyişdirilməsi barədə fikir söyləyənlərin sayı gün-gündən artır. Bu səbəbdən Trampa ümid edənlər də daha çoxdur. Onun qətiyyəti, müəyyən qədər də avantürist siyasətçi olduğu, kobud müdaxilələrdən bəzən çəkinmədiyi yaxşı məlumdur. Tamamilə mümkündür ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə həm Ukrayna müharibəsində, həm İsrail-HƏMAS qarşıdurmasında real addımlar atmaq iqtidarındadır. Onun xüsusilə Ukrayna-Rusiya müharibəsi ilə bağlı söylədiyi mülahizələr kifayət qədər ağılabatan mülahizələrdir. Bəyan eləyir ki, mən Volodimir Zelenskidən Vladimir Putindən sülh danışıqlarına başlamağı tələb edəcəyəm, Zelenski istəməsə, onu Ukraynaya yardımı dayandırmaqla hədələyəcəyəm, Putin sülh danışıqlarından imtina eləsə, ABŞ-ın yardımlarını xeyli artırıb Rusiyanı sülhə gəlməyə məcbur edəcəyəm. Tramp belə bir həll formulu ortaya atıb. Təbiidir ki, burada da müəyyən problemlər yarana bilər, ancaq hər halda, ortada plan var və Trampı müəyyən qədər tanıdığımızdan güman eləmək olar ki, Ukraynaya daha çox təzyiq göstərməklə bu məsələni nizama sala bilər. Eyni planın işə salınması Qəzzada da mümkündür. Tramp İsrailə Qəzzada qarşıdurmaya son qoyulması, sülh danışıqları aparılması tələbi irəli sürə bilər. Gözləyək, hər halda, Co Bayden siyasətindən bu məsələlərdə müsbət bir nəticə olmayacağı hər kəsə aydındır. Nəsə edə bilsə Tramp edəcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR