Onlayn ictimai-siyasi qəzet
Müasir insanların tam əksəriyyəti şəkildəki kişini tanımır. Bu Salvador Alyendedir – 52 il öncə Çilinin xalq tərəfindən seçilmiş prezidenti olub.
Bu, onun sonuncu şəklidir. Çünki saray fotoqrafının iki daşın arasında çəkdiyi bu şəkil fotolentdən kağıza çıxmamış qiyamçıların əlinə sağ keçməməsi üçün Alyende özünü Fidel Kastronun bağışladığı “Kalaşnikov” avtomatı ilə güllələyib.
Ona qarşı qiyamə öz ölkəsinin qulluqçuları, özünün yüksək hərbi vəzifəyə təyin etdiyi generallar qaldırıb. Əslində isə Alyendenin silah gücünə devrilməsi qərarı ABŞ-də verilib, Çili generaliteti bu planı icra edib.
Alyende sovet kommunizminə könül vermiş sosialist olub, ölkəsini SSRİ-yə yaxınlaşdırmağa çalışıb. Hələ o vaxt gizli şəkildə “Monro doktrinası”nı üstün tutan və qərb yarımkürəsini öz ovlağı sayan ABŞ bu adamdan yaxa qurtarmaq istəyib.
Siyasi qeyri-sabitliyin, sosial problemlərin, inflyasiya və kasıbçılığın hökm sürdüyü Çilidə bunu etmək çətin olmayıb. 20 gün öncə Alyende tərəfindən silahlı qüvvələrin baş komandanı təyin edilmiş general Auqusto Pinoçet ləngimədən 1973-cü ilin 11 sentyabrında hərbi çevriliş törədib.

Şəkildə göründüyü kimi, Alyendenin özünün və mühafizəçilərinin əlində odlu silah var. O, xalqın ona həvalə etdiyi postu qiyamçılara məcməyidə plov verirmiş kimi vermək istəməyib, bu rüsvayçılığa tablaşmaqdansa, müqavimət göstərməyi və ölümü üstün tutub.
Əgər yanvarın 3-də gecə yatdığı yerdə hücuma məruz qalan Venesuela prezidenti Nikolas Maduro da fürsət tapıb zirehli otağa qaça bilsə və orada müqavimət göstərsə, onu güllələyəcəkdilər. ABŞ prezidenti Donald Tramp yanvarın 4-də keçirdiyi brifinqdə belə bir variantın olduğunu dilə gətirdi.
Bəs Maduro da son anda özünü güllələyərdimi? Çətin. Alyendedən fərqli olaraq o, idealist deyil, praqmatikdir, düşdüyü şəraitə uyğunlaşmağa çalışan biridir.
Ümumiyyətlə Alyendə və Maduronun arasında çox fərq var. Alyende diktator və ya avtoritar lider olmayıb. Onun prezident postunda oturmasının 3 ili 1973-cü ilin noyabrında tamam olacaqmış. Maduro isə diktator idi, seçkiləri uduzsa da, hakimiyyəti təhvil vermirdi, üstəlik, idarə etdiyi dövləti iflas həddinə çatdırmışdı.
Onları birləşdirən yeganə cəhət odur ki, bir materikin övladlarıdırlar və ABŞ-yə itaət etmək istəməyiblər.
A.Altaylı, Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ