Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış təhlükəsizlik və hərbi analitiki Abdullah Ağar Ankara semalarında Liviya Baş Qərargah rəisinin təyyarəsinin qəzaya uğraması ilə bağlı geniş və çoxqatlı geosiyasi təhlil yayımlayıb.
Musavat.com xəbər verir ki, analitik yazısında baş verənləri sadəcə texniki qəza kimi qiymətləndirməyin yanlış olacağını bildirir və bu hadisənin daha geniş regional və strateji kontekstdə oxunmalı olduğunu vurğulayır.

Abdullah Ağar
Ağarın fikrincə, Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Həddadın Türkiyədə yüksək səviyyəli hərbi-siyasi görüşlərdən sonra ölkəsinə qayıdarkən təyyarəsinin Ankara yaxınlığında qəzaya uğraması təkcə bir aviasiya hadisəsi deyil. Bu olay, son dövrlər regionda baş verən ardıcıl və bir-birinə bənzər hadisələrlə birlikdə oxunduqda, Türkiyənin daxil olduğu mürəkkəb geosiyasi mübarizənin mərkəzində baş verən “yüksək səviyyəli hərbi-diplomatik təhlükəsizlik insidenti” kimi dəyərləndirilə bilər.

Analitik xatırladır ki, yaxın keçmişdə Türkiyəyə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstan üzərində qəzaya uğraması, Qara dəniz və hava məkanında qeydə alınan ardıcıl təhlükəli olaylar, Türkiyə hava məkanında mənşəyi naməlum PUA/SİHA-ların görünməsi və İran prezidentinin helikopterinin Cənubi Qafqazda qəzaya düşməsi eyni geosiyasi zəncirin halqaları kimi diqqət çəkir. Bu hadisələrin hər birini ayrı-ayrılıqda “təsadüf” adlandırmaq mümkün olsa da, ardıcıllıq və zamanlama baxımından ortaya çıxan mənzərə suallar doğurur.
Abdullah Ağar yazır ki, əgər bu hadisə qəza deyilsə, onun əsas xüsusiyyətləri aydındır: yüksək rütbəli hərbi fiqurun hədəf olması, dövlətin qərar mərkəzinə yaxın ərazidə baş verməsi, kritik görüşlərdən dərhal sonra yaşanması və qəbul edilən qərarlara psixoloji və siyasi təsir potensialı. Bu cür olaylar, analitikin fikrincə, “qəza ilə başlasa belə, qəza ilə bitmir”.
Yazıda xüsusi vurğulanır ki, strateji analizdə əsas sual “kim etdi?” yox, “kimin işinə yaradı?” olmalıdır. Türkiyə–Liviya xəttindən narahat olan qüvvələr – xüsusən də Şərqi Aralıq dənizində dəniz səlahiyyət zonaları, enerji resursları və Türkiyənin bölgədəki hərbi varlığından rahatsız olan aktorlar – bu cür bir qeyri-müəyyənlikdən qazanc əldə edə bilərlər. Liviya daxilində isə hələ də tam formalaşmamış komanda birliyi və siyasi parçalanma fonunda, Baş Qərargah rəisi kimi balanslaşdırıcı fiqurun itirilməsi daxili gərginlikləri artıra və xarici müdaxilələrə zəmin yarada bilər.
Ağar diqqəti xüsusilə Suriyaya yönəldir. Onun fikrincə, hadisə zahirdə Liviya ilə bağlı görünsə də, əsl mesaj Ankaraya və Türkiyənin Suriya ilə bağlı qərar mexanizminə ünvanlanıb. Türkiyənin Suriyanın şimalında mümkün yeni hərbi əməliyyata hazırlaşdığı, YPG/PKK-nın mövqeyi, ABŞ-İsrail-Rusiya-İran balansı və Qəzza müharibəsinin yaratdığı yeni geosiyasi reallıq fonunda, Ankaranın qərar eşiklərini təsirləndirmək istəyən aktorlar birbaşa Suriya cəbhəsinə yox, dolayı vasitələrlə – bu dəfə Liviya üzərindən – təzyiq göstərməyə çalışa bilərlər.

Analitik yazır ki, hadisənin məhz Ankara yaxınlığında baş verməsi təsadüfi deyil: “Əgər məsələ yalnız Liviya olsaydı, olay ya Liviyada, ya da Aralıq dənizi üzərində baş verərdi. Ankara isə qərar mərkəzidir. Burada verilən mesaj masadakı qərarlara yönəlib”.
Məqalədə yanlış oxuma riskinə də xüsusi yer ayrılır. Abdullah Ağar xəbərdarlıq edir ki, bu cür hadisələrin ən təhlükəli nəticəsi yanlış aktora yanlış məna yükləmək, nəticədə səhv diplomatik və ya hərbi addımlar atmaqdır. Bu isə geri dönüşü olmayan eskalasiyalara yol aça bilər. Digər tərəfdən, həddindən artıq “strateji səbir” də Türkiyəni zaman tələsinə sala və fürsətlərin itirilməsinə səbəb ola bilər.
Yekunda analitik belə qənaətə gəlir ki, baş verənlər “çox cəbhəli, çox aktorlu və çox zamanlı” yeni bir asimmetrik təzyiq və manipulyasiya mərhələsinin göstəricisidir. Məqsəd Türkiyənin qərarlarını təsirləndirmək, onu dayandırmaq, mümkün olmadıqda isə ləngitmək və yanlış istiqamətə yönəltməkdir. Bu kontekstdə “cəbhə Suriya, mesaj Ankara, vasitə Liviya” tezisi yalnız bu hadisəyə deyil, bütövlükdə Türkiyənin strateji müstəqilliyini hədəf alan daha geniş planlara işarə edir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ