Onlayn ictimai-siyasi qəzet
Banklarda kredit faizlərinin azalacağını gözləyərkən, əksinə, artım müşahidə olunur. Xezerxeber.az xəbər verir ki, ötən il 11-17 faizlə kredit təklif edən banklarda indi faiz dərəcəsi meyarlardan asılı olaraq 18 faizdən başlayaraq təklif edilir.
Kredit faizlərində müşahidə olunan artıma səbəb Mərkəzi Bankın apardığı sərt pul siyasəti ilə əlaqələndirilir. Belə ki, banklar əhalidən pul cəlb etmək üçün əmanət faizlərini qaldırır. Bu da bank üçün pulun maya dəyərinin artması deməkdir. Bank isə baha aldığı vəsaiti daha baha satdığından kredit faizləri artır.
İqtisadçı təhlilçilərə görə, Mərkəzi Bank hələ də inflyasiya risklərini tam keçmiş hesab etmədiyi üçün faizləri aşağı salmağa tələsmir. Belə olan halda isə faizlərin enməsi gözlənilən deyil. Bu isə bankların “qaş düzəltdiyi yerdə gözü çıxarmaq” əməliyyatına daha çox oxşayır.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində bank kreditləri daha aşağı faizlə verilir. Məsələn, İsveçrədə kreditlər orta hesabla təxminən 2.8% səviyyəsindədir və bu göstərici bir çox inkişaf etmiş ölkələrdə də oxşardır. ABŞ-də kommersiya banklarının əsas kredit faizi adətən təxminən 3.6% səviyyəsindədir. Norveç və Polşada kredit faizləri də təxminən 4%-5% civarındadır. Cənubi Koreyada bu faiz təxminən 2.5% səviyyəsində qalır. Meksikada banklar kreditləri təxminən 7%-7.1%-lə verir. İtaliya və Fransada istehlak kreditləri 3%-4%, biznes kreditləri isə 2%-5% aralığında olur.
OECD ölkələri üzrə orta kredit faizi isə təxminən 9% civarındadır, lakin ölkələr arasında kəskin fərqlər var. Məsələn, Kolumbiyada kredit faizləri təxminən 21%-ə qədər yüksək ola bilər, amma İsveçrə və bəzi Avropa ölkələrində faizlər 3-4% civarındadır.
Mütəxəssislər bu fərqi bir çox amillərlə əsaslandırı. Qeyd edilir ki, mərkəzi bankların pul siyasəti və bank faizləri, inflyasiya səviyyəsi, banklararası rəqabət, kredit riskləri, maliyyə sisteminin inkişaf səviyyəsi və əməliyyat xərcləri kredit faizlərinin formalaşmasına təsir edir.
Azərbaycanda isə kredit faizləri dünya üzrə orta səviyyədən yüksəkdir, inkişaf etmiş ölkələrdə bu faizlər adətən 3-7% arasında olur, bəzi hallarda isə daha da aşağıdır, halbuki Azərbaycanda kreditlər üçün faiz dərəcəsi çox vaxt 10%-20% aralığında qalır.

Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Heç də banklar pul cəlb etmək üçün əmanət faizlərini qaldırmır. Həm Mərkəzi Bankın statistikasında artıq uzun müddətdir ki, ümumi əmanət portfelində orta faiz dərəcəsi 8 faizdir. Mərkəzi Bankın statistik bazasında kredit 8.2 faiz əmanətlərin faizidir, 14.2 faiz isə kredit faizidir. Ümumilikdə əmanətlərin gəlirliliyi baxımından sahibkarlıq subyektlərinin banklara yerləşdirdiyi vəsaitlərlə vətəndaşların depozitləri arasında müəyyən fərqlər mövcuddur. Sahibkarların qəbul edilən vəsaitləri ilə əhalinin əmanətləri müqayisə edildikdə, vətəndaşlardan cəlb olunan depozitlərin faizi bir qədər çoxdur. Əmanət faizlərinə gəldikdə isə qısamüddətli - xüsusilə altı aylıq depozitlər üzrə faizlər daha yüksəkdir. Uzunmüddətli əmanətlərdə faiz dərəcələri adətən altı aylıq depozitlərlə müqayisədə daha aşağıdır.
Eyni zamanda əhaliyə verilən kreditlər üzrə faiz dərəcələri davamlı olaraq artır. Bu artımı yalnız Mərkəzi Bankın sərt monetar siyasəti ilə izah etmək düzgün olmaz. Burada əsas səbəblərdən biri bankların riskləri daha yüksək qiymətləndirməsidir. Kredit faizlərinin formalaşmasında bir neçə amil rol oynayır və onların sırasında əsas yer risk faktoruna məxsusdur.
Kreditin geri ödənilməməsi riski nə qədər yüksəkdirsə, faiz dərəcəsi də bir o qədər artır. Bu risk kredit götürənin geri ödəmə qabiliyyətindən, ölkədəki ümumi iqtisadi vəziyyətdən, bazar konyunkturasından və digər iqtisadi amillərdən asılı ola bilər. Məsələyə bu kontekstdə yanaşdıqda tam əminliklə demək olar ki, bu gün banklarda kredit faizlərinin yüksək olmasının əsas səbəbkarı Mərkəzi Bank deyil".
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov qeyd edir ki, banklar kredit verərkən əsas diqqəti müştərinin ödəmə qabiliyyətinə və risk səviyyəsinə yönəldir: “Ödəmə qabiliyyəti əsasən rəsmi gəlirlər əsasında hesablanır. Lakin bir çox hallarda vətəndaşın real qazancı olsa da, bunu rəsmi sənədlərlə sübut edə bilmir. Son dövrlərdə bu istiqamətdə müəyyən yumşalmalar edilib. Hətta ötən il qanunvericiliyə edilən dəyişikliklərə əsasən, müştərinin fəaliyyəti sosial şəbəkələr üzərindən də qiymətləndirilə bilər. Yəni şəxs rəsmi gəlir göstərməsə belə, hansısa layihənin icraçısı və ya rəhbəri olması nəzərə alınır”.
Asif İbrahimovun fikrincə, kredit faizlərinin formalaşmasında inflyasiya və risk amilləri xüsusi rol oynayır. Mövcud və proqnozlaşdırılan inflyasiya səviyyəsi, eləcə də borcalanın ödəmə riski bankların faiz qərarlarına birbaşa təsir göstərir. Risk nə qədər yüksəkdirsə, bank da özünü sığortalamaq üçün faiz dərəcəsini artırır.
Ekspert əlavə edib ki, yüksək faizlərin əsas səbəblərindən biri də Azərbaycan Mərkəzi Bankının banklara təqdim etdiyi maliyyə resurslarının baha olmasıdır. Uçot dərəcələrinin yüksək səviyyədə qalması kredit faizlərinə birbaşa təsir edir. Avropa ölkələrində uçot dərəcələri aşağı olduğu üçün kreditlər də adətən 2-3 faiz civarında təklif olunur. Azərbaycanda isə bu göstərici əksər hallarda 13-15 faiz arasında dəyişir. Onun sözlərinə görə, bankların kredit üçün istifadə etdiyi vəsaitlərin əsas hissəsi əmanətçilərdən cəlb edilir. Əgər bank əmanətlərə 10-12 faiz ödəyirsə, kreditləri daha aşağı faizlə verməsi real deyil. Bank həm əmanətçilər qarşısında öhdəliyini yerinə yetirməli, həm əməliyyat xərclərini qarşılamalı, həm də maliyyə dayanıqlığını qorumaq üçün mənfəət əldə etməlidir. Bu amillər kredit faizlərinin yüksək qalmasına səbəb olur.
Ekspert hesab edir ki, düzgün mexanizmlər qurularsa, kredit faizlərini mərhələli şəkildə azaltmaq mümkündür. Bu isə iqtisadi aktivliyin artmasına, sahibkarların və vətəndaşların maliyyə yükünün azalmasına müsbət təsir göstərə bilər.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ