Onlayn ictimai-siyasi qəzet
Paytaxt küçələrində azyaşlıların həyatını bir heç uğrunda təhlükəyə atdığı növbəti səs-küylü və təşviş doğuran görüntülər yayılıb.
İzləyənlərin ürəyini ağızlarından gətirən bu hadisə hərəkətin intensiv olduğu magistral yolların birində qeydə alınıb.
Görüntülərdən aydın şəkildə görünür ki, azyaşlı uşaqlar avtomobillərin şütüdüyü yolda, heç bir təhlükəsizlik qaydasına məhəl qoymadan ölüm-dirim oyununa çıxıblar.
Onlar hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısına qəfil qaçaraq müxtəlif təhlükəli akrobatik hərəkətlər, təpüstü aşmalar və kaskadyorluq nümayiş etdiriblər.
Saniyələrlə ölçülən bu anlarda sürücülərin tormoz verməkdə çətinlik çəkdiyi və uşaqların hər an ağır qəzanın qurbanı ola biləcəyi açıq-aşkar görünür.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu görüntülər cəmiyyətdə və valideynlər arasında haqlı narazılıq doğurub.
İzləyicilər azyaşlıların bu cür məsuliyyətsiz hərəkətlərinin faciə ilə nəticələnə biləcəyini qeyd edərək, valideynləri və aidiyyəti qurumları uşaqlara qarşı daha diqqətli olmağa, küçələrdə nəzarəti gücləndirməyə çağırıblar.
Qeyd edək ki, görüntülərlə bağlı artıq polis araşdırmalara başlayıb.
P.S: Görüntüləri tanınmış bloger Saleh Nəsirov yayımlayıb.//Nocomment.az
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ