İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda torpaq BAHALAŞDI: Qiymətlər nə vaxtadək yüksələcək?

Bakıda fərdi ev və torpaq bazarında qiymət artımı davam edir. Son göstəricilər fərdi evlərin qiymətinin təxminən 14 faiz, torpaq sahələrinin isə 17 faiz bahalaşdığını göstərir. Bu artım xüsusilə mənzil almaq imkanları məhdud olan və fərdi ev tikmək istəyən vətəndaşların xərclərini daha da artırır.

Bəs fərdi ev və torpağın bahalaşmasına səbəb nədir və bu tendensiya qarşıdakı aylarda da davam edəcəkmi?

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədrinin müavini Günay İsmayılqızı Musavat.com-a açıqlamasında bildirib ki, Bakıda fərdi ev və torpaq bazarında qiymət artımının davam etməsi, fərdi evlərin qiymətinin təxminən 14 faiz, torpaq sahələrinin isə 17 faiz bahalaşması ilk növbədə, torpağın məhdud resurs olması, əlverişli ərazilərə tələbin yüksək qalması və tikinti xərclərinin artması ilə əlaqələdardır.

Onun sözlərinə görə, şəhərin nəqliyyat və sosial infrastrukturu daha inkişaf etmiş ərazilərində torpağa olan tələbin yüksək olması qiymətlərin formalaşmasına birbaşa təsir göstərir:

“Torpağın bahalaşması isə yalnız fərdi ev bazarına deyil, bütövlükdə yaşayış daşınmaz əmlakı bazarına təsir edən amildir. Çünki yeni yaşayış layihələrinin maya dəyərində torpağın dəyəri mühüm komponentlərdən biridir. Bununla yanaşı, tikinti materialları, əmək, mühəndis-kommunikasiya və digər xərclər də son məhsulun qiymətinə təsir edir. Bu baxımdan torpaq bazarında müşahidə olunan artımın müəyyən müddət sonra yeni tikililərin qiymətləri və layihələrin iqtisadi səmərəliliyi üzərində də təzyiq yaratması mümkündür. Digər tərəfdən, bazarda təklifin genişlənməsi alıcının davranışını dəyişdirir. Təklifin məhdud olduğu şəraitdə alıcının əsas məqsədi uyğun mənzil tapmaq idisə, seçim imkanlarının artdığı bazarda əsas məsələ daha əlverişli alternativi müəyyən etmək olur”.

AQP rəsmisi qeyd edib ki, alıcı tədricən “ən ucuz mənzil” yanaşmasından “qiymət və keyfiyyət baxımından ən optimal mənzil” yanaşmasına keçir:

“Bu mərhələdə mənzilin yalnız kvadratmetr qiyməti deyil, yerləşdiyi ərazi, nəqliyyat əlçatanlığı, məktəb, bağça, tibb müəssisələri və digər gündəlik xidmətlərə yaxınlıq, tikinti keyfiyyəti, planlaşdırma həlli, mənzilin sahəsi, parkinq imkanları və ümumi yaşayış komfortu daha böyük əhəmiyyət daşıyacaq. Eyni qiymət diapazonunda bir neçə alternativin olduğu şəraitdə alıcı artıq məhsulları müqayisə etməyə və gələcəkdə həmin mənzilin likvidliyini də nəzərə almağa başlayır. Xüsusilə ilk dəfə mənzil alanlar üçün bu yanaşma daha aktualdır. Bu kateqoriyada olan alıcıların maliyyə imkanları nisbətən məhdud olduğundan, onlar adətən orta sahəli, münasib qiymətli və gündəlik infrastruktura çıxışı yaxşı olan mənzillərə üstünlük verirlər. İpoteka və digər maliyyələşmə imkanlarının genişlənməsi də bu qrupun bazardakı rolunu artıra bilər. Nəticədə qiymət, sahə, yerləşmə və funksionallıq arasında optimal balans yaradan layihələrin daha dayanıqlı tələb görməsi mümkündür”.

GUNAY.jpeg (548 KB)

Sədr müavini hesab edir ki, fərdi ev və torpaq bazarında qiymətlərin yüksəlməsi isə müəyyən alıcıları alternativ olaraq çoxmənzilli binalardakı mənzillərə yönəldə bilər:

“Fərdi ev tikmək niyyətində olan vətəndaş üçün torpağın bahalaşması ümumi layihənin xərcini artırır. Bu səbəbdən fərdi ev bazarında da alıcıların yalnız torpağın ilkin qiymətinə deyil, ərazinin gələcək inkişafına, kommunikasiya imkanlarına, nəqliyyat əlçatanlığına və həmin ərazidə daşınmaz əmlakın gələcək likvidliyinə daha çox diqqət yetirməsi gözlənilir.
Yüksək gəlirli alıcıların seçimində isə fərqli meyarlar ön plana çıxır. Burada yerləşmə, layihənin konsepsiyası, tikinti materiallarının və mühəndis sistemlərinin keyfiyyəti, mənzilin planlaşdırılması, parkinq, yaşıllıq və digər əlavə imkanlar daha mühüm rol oynayır. Bu isə premium seqmentdə rəqabətin sadəcə mənzil sayının çoxluğu deyil, təqdim olunan məhsulun keyfiyyəti və fərqləndirici xüsusiyyətləri üzərindən formalaşacağını göstərir”.

Müsahibimizin fikrincə, fərdi ev və torpaq qiymətlərində artımın qarşıdakı aylarda da eyni templə davam edib-etməyəcəyini yalnız son göstəricilərə əsasən proqnozlaşdırmaq düzgün olmaz:

“Burada tələbin dinamikası, yeni təklifin həcmi, tikinti xərcləri, maliyyələşmə imkanları, infrastrukturun inkişafı və ərazilər üzrə fərqlər əsas rol oynayacaq. Təklifin artması bütün ərazilərdə və bütün əmlak növlərində qiymətlərin eyni istiqamətdə dəyişəcəyi anlamına gəlmir. Əksinə, bazarda diferensiasiyanın güclənməsi gözlənilir. Daşınmaz əmlak bazarında yeni mərhələnin əsas xüsusiyyəti təkcə qiymətlərin dəyişməsi deyil, alıcı seçimlərinin daha rasional xarakter alması olacaq. Gələcəkdə bazarda daha dayanıqlı mövqe qazanan layihələr yalnız çox mənzil təklif edən deyil, real alıcı tələbatını düzgün müəyyən edən, qiymət və keyfiyyət arasında optimal balans yaradan və yaşayış üçün real fayda təqdim edən layihələr olacaq. Başqa sözlə, alıcı üçün əsas sual getdikcə “ən ucuz mənzil hansıdır?” deyil, “ödədiyim vəsait müqabilində mənə ən çox faydanı hansı mənzil verir?” sualına çevriləcək”.

Kirayə bazarındakı mövcud vəziyyətlə bağlı suala cavab verən G. İsmayılqızı bildirib ki, mənzil bazarında satış qiymətləri, maliyyələşmə imkanları və əhalinin gəlirləri arasında formalaşan nisbət kirayə tələbinin dinamikasına birbaşa təsir edən əsas amillərdəndir:

“Mənzil almaq üçün ilkin ödəniş imkanları və maliyyə resursları məhdud olan şəxslərin bir hissəsi mənzil sahibi olmaq qərarını təxirə salaraq daha uzun müddət kirayə bazarında qalır. Bu isə xüsusilə iş yerlərinə, təhsil müəssisələrinə, ictimai nəqliyyata və gündəlik xidmətlərə çıxışı əlverişli olan ərazilərdə kirayə mənzillərə tələbin davamlı qalmasına səbəb ola bilər. Digər tərəfdən, satış qiymətlərinin yüksəlməsi avtomatik olaraq bütün kirayə mənzillərinin qiymətlərinin eyni nisbətdə artacağı anlamına gəlmir. Kirayə bazarında qiymətin formalaşmasına mənzilin yerləşməsi, sahəsi, təmir və təchizat səviyyəsi, binanın keyfiyyəti, nəqliyyat əlçatanlığı, ərazidəki sosial və kommersiya infrastrukturu, eləcə də həmin ərazidə mövcud kirayə təklifi ciddi təsir göstərir. Buna görə də qarşıdakı dövrdə kirayə bazarında da ərazilər və mənzil kateqoriyaları üzrə daha aydın diferensiasiyanın formalaşması mümkündür.
Burada digər mühüm məqam ondan ibarətdir ki, kirayə bazarında tələb yalnız mənzil almaq imkanının məhdudluğu ilə formalaşmır. Əmək bazarında hərəkətlilik, tələbələrin və gənc ailələrin mənzil ehtiyacı, şəhər daxilində iş və təhsil məqsədilə yerdəyişmələr, eləcə də ailə strukturunda baş verən dəyişikliklər kirayə tələbinin əsas mənbələrindəndir. Bu səbəbdən kirayə bazarının gələcək dinamikasını qiymətləndirərkən yalnız satış bazarındakı qiymət dəyişikliklərinə deyil, həm də əhalinin gəlirlərinə, məşğulluğa, yeni mənzil fondunun bazara daxil olmasına və konkret ərazilərdə tələb-təklif balansına kompleks şəkildə baxmaq lazımdır” - deyə Günay İsmayılqızı fikrini yekunlaşdırır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR