İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar vətənə niyə az pul göndərirlər?

Bu geriləmə Rusiyaya göndərilən pul baratlarının həcmində də baş verib

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistana fiziki şəxslər tərəfindən xarici ölkələrdən 4 milyard 761 milyon dollar pul köçürülüb. Bu barədə Ermənistan Mərkəzi Bankı məlumat yayıb.

Eyni dövrdə ölkədən xaricə 3 milyard 614 milyon dollar köçürülb. Nəticədə 2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistana xaricdən xalis valyuta axını (iki rəqəm arasındakı fərq) təxminən 1 milyard 15 milyard dollar təşkil edib. Bank bildirir ki, cari ildə Ermənistana pul köçürmələrinin xalis axını ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz  artıb. Belə ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dollar ifadəsində Ermənistana pulköçürmələrinin həcmi 4 milyard 520 milyon dollar, ölkədən xaricə köçürmələr isə 3 milyard 47 milyon dollar təşkil edib. Nəticədə xalis pul köçürmələrinin axınında 1 milyard 47 milyon dollardan yuxarı müsbət saldo yaranıb.

Hər iki halda Rusiya Ermənistana pul köçürmələrinin ən böyük mənbəyi olaraq qalır. Ümumi köçürmələrdə bu ölkənin payı 50 faizdən yuxarıdır. Lakin statistika göstərir ki, digər ölkələrdən, xüsusilə də ABŞ, Avropa İttifaqı, Ərəb dövlətlərindən də köçürmələr sürətlə artır.

Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstanda da xaricdən pulkoçürmələri artır.  Gürcüstan Milli Bankının hesabatına görə, 2025-ci ilin yanvar-oktyabr ayları arasında elektron sistemlər vasitəsilə Gürcüstan kommersiya banklarına edilən pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 3 milyard 10 milyon dollar təşkil edib.

2025-ci ilin ilk 10 ayında Gürcüstandan xaricə 342,6 milyon dollar köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.

Yanvar-oktyabrada Gürcüstana ən çox pulköçürmə 560,8 milyon dollar(illik artım 20 faiz) olmaqla ABŞ-dan həyata keçirilib. İkinci yerdə 512,1 milyon dollarla İtaliya(9 faiz artım), üçüncü yerdə 385,7 milyon dollarla Rusiya(20,8 faiz azalma), dördüncü yerdə 261,2 milyon dollarla Almaniya(18,5 faiz artım), beşinci yerdə isə 241,3 milyon dollarla Yunanıstan(11 faiz artım) gəlir. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin 9 ayında xaricdə yaşayan fiziki şəxslər Azərbaycana 849 milyon 910 min dollar köçürüb. Bu, ötənilki göstəricidən cüzi artıqdır. Belə ki, 2024-cü ilin eyni dövrü üçün köçürmələrin həcmi 848 milyon 506 min dollar təşkil etmişdi.

AMB statistikasından aydın olur ki, xaricdən pulköçürmələrində həmişəki kimi, ən böyük pay Rusiyadadır. Doqquz ay ərzində bu ölkədən Azərbaycana 343 milyon 888 min ABŞ dolları köçürülüb. Müqayisə üşün qeyd edəl ki, ötən ilin eyni dövründə bu rəqəm 410 milyon 718 min dollar olub. Mərkəzi Bankın 2020-ci ildən açıqlanan statistikasına əsasən, bu, son 7 ilin ən aşağı göstəricisidir. 7 il ərzində ən yüksək daxilolma Rusiyanın Ukraynada işğalçı müharibəsinin başlandığı 2022-ci ildə baş verib. Həmin ilin 9 ayı ərzində Azərbaycana 2,3 milyard dollar göndərilib. 

Azalma Rusiyaya göndərilən pul baratlarının həcmində də baş verib. Cari ilin 9 ayında Rusiyaya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz az vəsait - 34,3 milyon dollar göndərilib. Bu, 7 ilin minimum səviyyəsidir.

2025-ci ilin 9 ayında 140 milyon 298 min dollar, 2024-cü ilin eyni dövründə 130 milyon 332 min dollar məbləğində köçürmə ilə Türkiyə ikinci yerdədir.

Hesabat dövründə Azərbaycandan fiziki şəxslər xaricə ümumilikdə 361 milyon 357 min ABŞ dolları köçürüb. Ötən ilin eyni dövründə bu rəqəm 408 milyon 282 min dollar olub. 

Əvvəlki illərdəki kimi, Azərbaycandan ən çox pul köçürülən ölkə Türkiyə olub, lakin ciddi azalma ilə. Ötən ilki 118 milyon 90 min dollardan 104 milyon 476 min dollara qədər.

Üçüncü yerdə olan ABŞ-a köçürmələr isə artıb: 2024-cü ildəki 44 milyon 991 min dollara qarşı 2025-ci ildə 55 milyon 706 min dollar. 

Gürcüstan və Azərbaycana Rusiyadan pulköçürmələrinin azalmasında əsas rol bu ölkə hakimiyyətinin əmək miqrantlarına qarşı siaysətinin qat-qat sərtləşdirilməsi, bir çox hallarda hüquq-mühafizə orqanlarının özbaşınalıqlarına qədər uzanmasıdır. Xüsusilə 2024-cü ilin dekabrınd Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasından sonra Rusiyada azərbaycanlılara qarşı münasibət hüquq müstəvisindən tamamilə kənarlaşıb: Rusiyanın müxtəlif bölgələrində Azərbaycan diasporunun liderləri qondarma ittihamlarla həbs olunub, hətta bəzi şəxslər polis tərəfindən döyülərək öldürülüb. Ardınca Moskva, Sankt-Peterburq kimi iri şəhərlərdə azərbaycanlıların çalışdıqları ticarət mərkəzlərinə aramsız basqınlar, qanunsuz həbslər həyata keçirilib. Bu təzyiqlər Azərbaycandan Rusiyaya miqrasiyanı xeyli azaldıb. Rəsmi məlumata görə, 2025-ci ilin üçüncü rübündə Azərbaycan vətəndaşları Rusiyaya 99 min səfər ediblər ki, bu da 2024-cü ilin eyni dövründəki 144 min səfərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır. 

Üstəlik, Rusiya cəmiyyətində miqrantlara qarşı mənfi münasibətin formalaşdırılması siyasəti ölkədə çalışan əmək miqrantlarının hər addımının izlənməsinə gətirib çıxarıb. Belə şəraitdə onların vətənə pul göndərişləri də azalıb. 

Eyni zamanda, Rusiyada sanksiyaların təsiri ilə gəlirlərin artımı yavaşıyıb, inflyasiya sürətlənib. Nəticədə bir qayda olaraq ölkə üzrə orta aylıq maaşdan daha aşağı əmək haqqına işləyən miqrantların da gəlirləri azalıb. 

Ermənistana köçürmələrdə azalmanın olmaması 2022-ci ildə Qərbin sanksiyaları başlayandan Rusiyanın bu ölkədən qadağan olunmuş malları almaq üçün istifadə etməsi ilə bağlıdır. Bu proses iki ölkə arasındakı qarşılıqlı ticarətin on dəfələrlə artması ilə müşayiət olunur. Bu zaman Ermənistandan Rusiyaya ixracda artım daha yüksəkdir. 

Digər tərəfdən, sanksiyalara görə xarici tərəfdaşları ilə işləyə bilməyən on minlərlə Rusiya IT mütəxəssisi rahat şərtlər təklif edən Ermənistana yerləşib. Onlar da qarşılıqlı əlaqələrin saxlanmasında əhəmiyyətli rol oynayırlar. 

Qeyd edək ki, Azərbaycana və Gürcüstana pulköçürmələri azalsa da, Rusiyadan ümumilikdə xaricə pulköçürmələrində ciddi artım var. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin birinci yarısında Rusiyadan beynəlxalq pul köçürmələri 31,2 milyard dollar təşkil edib ki, bu da Asiyaya 25 faiz, MDB-də isə 18 faiz artım deməkdir.

Ümumiyyətlə, fiziki şəxslərin xaricdən pulköçürmələri Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ermənistan və digər ölkələrdə ÜDM-də kifayət qədər böyük paya malikdir. Bu, əhalinin gəlirlərində mühüm rol oynamaqla, sosial vəziyyətin yaxşılaşmasında əhəmiyyətli payı olan bir mənbə kimi çıxış edir. Təəssüf ki, Azərbaycanda bu mənbədən gəlirlər getdikcə azalır. Bu isə yerli biznes mühitinin əlverişsiz olması ilə birbaşa bağlıdır. Xaricdə işləyən soydaşlarımız ölkədə normal biznes şərtləri olmadığına görə yığdıqları vəsaitləri elə olduqları ölkələrdə hansısa sahəyə yatırmağa üstünlük verirlər. Məsələn, Türkiyədə işləyib pul qazanan şəxslər qazandıqları pulu gətirib Azərbaycanda hansısa sahəyə yatırmaqdansa, orada ən pis halda daşınmaz əmlak əldə etməyə yönəltməyə üstünlük verirlər. Halbuki Rusiyada, Türkiyədə, son vaxtlar Avropada getdikcə artan azərbaycanlı miqrantların qazancları Azərbaycanda kiçik sahibkarlığın inkişafında mühüm təkan verən amilə çevrilə bilər. Bunun üçün azad və rəqabətli sahibkarlıq mühitinin olması yetərlidir...

Dünya SAKİT,
“Yeni Müsavat”


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR