İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp "dayandırın" deyir, Netanyahu Qəzzanı vurur -İsraildən ABŞ-yə qarşı?

Qəzza zolağında vəziyyət yenidən gərginləşib. İsrail ordusunun Qəzzanın şimalında yerləşən Şati bölgəsində HƏMAS mövqelərinə hava zərbələri endirməsi bölgədə onsuz da ağır olan humanitar və hərbi vəziyyəti daha da mürəkkəbləşdirib. İsrail tərəfi hücumların məqsədinin öz hərbi qüvvələrinə qarşı planlaşdırılan hücumların qarşısını almaq olduğunu bildirir.

Musavat.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı İsrail mediasına istinadən məlumat yayıb. İsrail ordusunun açıqlamasına görə, Qəzza şəhərinə endirilən hava zərbələri zamanı HƏMAS-ın dörd lideri hədəfə alınıb. Onlardan birinin bölük komandiri, digər üçünün isə tabor komandiri olduğu bildirilib. İsrail ordusu iddia edir ki, hədəfə alınan şəxslər Qəzzada İsrail hərbçilərinə qarşı hücumların planlaşdırılmasında iştirak ediblər.

Bu zərbələr Qəzzada hərbi əməliyyatların yeni mərhələyə keçdiyini göstərir? İsrail ordusunun HƏMAS liderlərinə qarşı həyata keçirdiyi əməliyyatlar bölgədə təhlükəsizliyi təmin edə biləcək, yoxsa əksinə, qarşıdurmanı daha da dərinləşdirəcək? HƏMAS-ın cavabı necə olacaq?

Politoloq Həsən Məmmədov hesab edir ki, Qəzzada baş verənlər artıq sadəcə İsrail və HƏMAS arasında hərbi qarşıdurma kimi təqdim edilə bilməz: " İsrail ordusunun mülki əhalinin yaşadığı ərazilərə zərbələri, davam edən dağıntılar və humanitar böhranın dərinləşməsi İsrail hökumətinin təhlükəsizlik anlayışının ciddi şəkildə sorğulanmasını tələb edir. İsrail hər yeni hücumu “təhlükəsizliyin təmin edilməsi” adı ilə əsaslandırır, amma nəticə ortadadır. Qəzzada ölüm, dağıntı və yeni qarşıdurma riski artır. Bu, təhlükəsizlik siyasəti deyil, zorakılığın özünü yenidən istehsal edən yanaşmadır. 18 avqustda Qəzza şəhərində kafeyə endirilən İsrail zərbəsində azı altı fələstinlinin öldüyü və 14 nəfərin yaralandığı bildirilib. İsrail ordusu zərbəni planlaşdırılan hücumun qarşısının alınması ilə əsaslandırıb.

İsrail hökuməti HƏMAS komandirlərini hədəfə almağı hərbi zərurət kimi təqdim edir. Lakin Qəzzada mülki əhali üçün təhlükəsizliyin olmadığı şəraitdə bu arqument inandırıcılığını itirir. Hərbi gücün əsas vasitəyə çevrilməsi siyasi həlli sıradan çıxarır və yeni nəsil radikallaşma üçün zəmin yaradır. Bir silahlı komandirin öldürülməsi münaqişənin səbəbini aradan qaldırmır. Əksinə, yeni qisas, yeni hücum və yeni ölüm dövrü yaradır". 

32678559-d5cf-44be-9400-9a8c5a993b59.jpg (171 KB)

Politoloq burada ABŞ-nin məsuliyyətini də kənara qoymağın mümkün olmadığını söylədi: "Vaşinqton illər ərzində İsrailə verdiyi siyasi, diplomatik və hərbi dəstəklə bölgədə ciddi təsir imkanına malik olub. Donald Trampın hazırkı siyasətində də ziddiyyət açıq görünür. Bir tərəfdən Tramp İsrailin Qəzzaya zərbələri dayandırmasını tələb edir, digər tərəfdən onun administrasiyası İsrail və HƏMAS arasında razılaşma əldə etmək üçün təzyiq göstərir. Trampın nümayəndəsi Jerad Kuşnerin son danışıqları da məhz bu ziddiyyətli prosesin fonunda aparılıb. Trampın problemi ondadır ki, ABŞ-nin regiondakı böyük siyasi və hərbi çəkisini İsrailə real təzyiq göstərmək üçün tam şəkildə ortaya qoymadan sülh təşəbbüsünün nəticə verməsini gözləmək mümkün deyil. İsrail hökuməti Trampın Qəzza üzrə planını qəbul etmir və Netanyahu İsrail qüvvələrinin geri çəkilməsini HƏMAS-ın tam tərksilahından sonraya saxlamaqda israr edir. Bu mənada Tramp administrasiyasının qarşısında konkret seçim dayanır, ya İsrailin hərbi siyasətinə real siyasi təzyiq göstərmək, ya da ABŞ-nin “sülh vasitəçisi” obrazının boş siyasi şüara çevrilməsinə imkan vermək. Tramp İsrailin zərbələri dayandırmasını tələb edirsə, bunun arxasında real diplomatik və siyasi mexanizm də dayanmalıdır. Əks halda Qəzzada atəş səsləri davam edəcək, Vaşinqton isə sadəcə narahatlıq ifadə edən tərəf kimi qalacaq".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR