İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın müttəfiqləri “Nildən Fərata qədər” planına qarşı

14 müsəlman ölkəsi İsrailin ilhaq siyasətinin əleyhinədir; Bakının yer aldığı Yaxın Şərq prosesində yeni mərhələ

On dörd ərəb və müsəlman ölkəsinin xarici işlər nazirlikləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Körfəz Əməkdaşlıq Şurası ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin İsrailin Yaxın Şərqi işğal etmək hüququ barədə səsləndirdiyi fikirləri pisləyən birgə bəyanat yayıblar. Hakabi açıqlamanı jurnalist Taker Karlsona müsahibəsində deyib. O, əvvəllər İsrailin “Nildən Fərata qədər” əraziyə dini əsaslı hüququ olduğunu deyib, sonradan isə bu sözlərin şişirdildiyini bildirib.

Birgə bəyanatda qeyd olunub ki, bu cür açıqlamalar beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ziddir, regionda sabitliyi təhdid edir və sülh prosesinə zərbə vurur. Sənəddə həmçinin vurğulanıb ki, bu mövqe ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həllinə dair təklif etdiyi planla uyğun gəlmir.

Bəyanatı imzalayan ölkələr: Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, Qətər, İndoneziya, Pakistan, Misir, Türkiyə, Suriya, Fələstin Muxtariyyəti, Küveyt, Livan, Oman və Bəhreyndir. Onlar İsrailin işğal olunmuş Fələstin əraziləri üzərində suverenliyini tanımadıqlarını və ilhaq cəhdlərinə qarşı olduqlarını bildiriblər.

Bu bəyanat göstərir ki, Yaxın Şərq məsələsində region ölkələri arasında ortaq mövqe güclənir və mübahisəli açıqlamalar diplomatik reaksiyalara səbəb olur. Sənəd həm ABŞ-yə siyasi mesaj xarakteri daşıyır, həm də beynəlxalq hüququn dini və tarixi arqumentlərdən üstün tutulduğunu vurğulayır. Ümumilikdə hadisə regionda siyasi balansın həssas olduğunu və ritorikanın belə ciddi geosiyasi təsir yarada bildiyini nümayiş etdirir. Həm İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycanın iki strateji müttəfiqi - Türkiyə və Pakistanın İsrailin və ABŞ-nin bu planına qarşı çıxması, eləcə də BƏƏ ilə ölkəmiz arasında son aylar artan intensiv siyasi-hərbi və iqtisadi əməkdaşlığı göz önünə gətirdikdə, eləcə də Yaxın Şərqdəki sülh planında yer alan Bakının mövqeyi də maraq doğurmaya bilməz.

Azərbaycan Qəzza üçün Sülh Şurasının üzvüdür. Dövlət başçısı Vaşinqtonda keçirilən ilk iclasda iştirak edib. Anklavın bərpası üçün ilkin olaraq 7 milyard toplanıb. Belə bir prosesdə iştirak edən Azərbaycan üçün ciddi çətinlik yaranır: bir yanda tərəfdaş  İsrail, digər tərəfdə müttəfiq ölkələr.

Professor Qabil Hüseynlinin bildirdiyinə görə, Trampın Qəzza üçün Sülh Şurasını təsis etməsi ilə amerikalı səfirin dedikləri Vaşinqtonun indiki siyasətinə uyğun deyil: “Azərbaycanın isə mövqeyi budur ki, Fələstin problemi BTM qətnamələrinə uyğun şəkildə həllini tapsın. Türkiyə də eyni yanaşmanı ortaya qoyur. Bu qərar ondan ibarətdir ki, Şərqi Qüds paytaxt olmaqla, Fələstinin dövlət müstəqilliyi tanınmalıdır. Avropanın da bir çox ölkələri artıq Fələstinin müstəqilliyini tanıyıblar. Müsəlman-ərəb dünyası da bu məsələdə eyni mövqedən çıxış edir. Ona görə də Fələstin məsələsində Azərbaycanın mövqeyi onlardan fərqlənmir. Hətta İsraillə ən yüksək səviyyədə münasibətlərimiz olsa da, Bakı ədalətli yanaşmanın tərəfdarıdır”.

Yaxın Şərq siyasəti üzrə politoloq Rüstəm Tağızadənin sözlərinə görə, İsrail baş naziri Binyamin Netanyahu son açıqlamasında regionda həm “radikal şiə oxu”na, həm də “yaranan radikal sünni oxu”na qarşı genişmiqyaslı bir ittifaq qurmaq niyyətini bəyan edib: “Hindistan, Yunanıstan, Kipr və adı açıqlanmayan bəzi ərəb, Afrika və Asiya ölkələrini əhatə edəcəyi bildirilən bu "altıbucaqlı struktur, Yaxın Şərq geosiyasətində yeni reallıqların xəbərçisi kimi təqdim olunur. Lakin bu iddialı vizyonun arxasında duran güc dinamikası nə dərəcədə reallığı əks etdirir?"

Ekspertin təhlilinə görə, bütün bu regional təşəbbüslərin arxasında dayanan əsas güc ABŞ-dir: “Lakin Vaşinqtonun getdikcə daxili problemlərə və Asiya-Sakit okean regionuna fokuslanması, Yaxın Şərqdəki hərbi varlığını azaltması ehtimalını gücləndirir. Heç bir regional güc (nə İsrail, nə Türkiyə, nə Səudiyyə) təkbaşına ABŞ-nin təmin etdiyi təhlükəsizlik çətirini əvəz edə bilməz. ABŞ-nin dəstəyi olmadan bu cür ittifaq konstruksiyaları kağız üzərində qalmağa məhkumdur. Əgər İsrail daxili siyasətdə daha sərt xəttə keçərsə və Fələstin məsələsində hər hansı elastiklik göstərməzsə, Səudiyyə açıq şəkildə alternativ regional xətt axtara bilər. Bu, İsrail üçün strateji məğlubiyyət, ABŞ üçün isə regionda təsir itkisidir. Nəticədə Yaxın Şərqdə yeni bloklaşmanı sürətləndirər, İsrailin təhlükəsizlik mühitini ağırlaşdırar, regionu daha az proqnozlaşdırılan hala gətirər”.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini bildirib. Prezident bunu fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Həmçinin Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əş-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırlayıb, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR