Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda işsizlərin sayında artım müşahidə olunur. Belə ki, bu il iyulun 1-nə ölkədə 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub. Azərbaycan Mərkəzi Bankının yarımillik “Pul Siyasəti İcmalı”na əsasən, bu göstərici ilin əvvəli ilə müqayisədə 3,6 faiz, son bir illə müqayisədə isə 8,5 faiz çoxdur.
Rəqəmlər ilk baxışdan paradoksal görünür. Çünki Azərbaycanda ümumi işsizlik səviyyəsi son illərdə nisbətən aşağı göstəricilərdə qalır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanan hesablamalara görə, 2025-ci ilin sonunda işsizlik səviyyəsi 5,5 faiz olub, 2026-cı ilin ilk rübündə isə təxminən 5,2 faiz səviyyəsində qiymətləndirilib.
Göründüyü kimi, bir tərəfdən rəsmi işsiz kimi qeydiyyatda olanların sayı artır, digər tərəfdən ümumi işsizlik səviyyəsi aşağı olaraq qalır. O da məlumdur ki, rəsmi göstəriciyə yalnız müəyyən meyarlara cavab verən və əmək bazarında iş axtaran şəxslər daxil edilir. İş tapa bilməyən, lakin rəsmi qeydiyyata düşməyən, mövsümi və qeyri-formal çalışan və ya əmək bazarından kənarda qalan insanlar isə bu rəqəmlərdə tam əks olunmaya bilər.
Ona görə sual yaranır ki, əmək qabiliyyətli əhalinin nə qədəri işləyir, nə qədəri iş axtarır, nə qədəri isə ümumiyyətlə, əmək bazarında iştirak etmir? Məhz bu göstəricilər əmək bazarının real mənzərəsini daha aydın ortaya qoyur.
Qonşu ölkələrlə müqayisə də maraqlı mənzərə yaradır. Türkiyədə 2026-cı ilin mayında işsizlik səviyyəsi 8,2 faiz olub. Gürcüstanda isə 2026-cı ilin birinci rübündə işsizlik səviyyəsi 14,4 faiz təşkil edib. Bu baxımdan Azərbaycanın rəsmi işsizlik göstəricisi regionun bir sıra ölkələri ilə müqayisədə aşağıdır. Lakin mütəxəssislər qeyd edir ki, göstəricilərin hesablanması metodologiyasının fərqli ola biləcəyini nəzərə almaq lazımdır. Buna görə də yalnız faizləri yanaşı qoymaqla əmək bazarlarının vəziyyəti haqqında tam nəticə çıxarmaq olmaz.
Daha diqqətçəkən məqam isə Türkiyə nümunəsində görünür. Ölkədə standart işsizlik göstəricisi 8,2 faiz olduğu halda geniş mənada hesablanan işsizlik göstəricisinin 2026-cı ilin mayında 31 faizə yüksəldiyi bildirilib. Bu fərq əmək bazarında yalnız işsizlərin sayına baxmağın kifayət etmədiyini, iş tapmaqda çətinlik çəkən, tam məşğul olmayan və əmək bazarına potensial olaraq daxil ola biləcək insanların da nəzərə alınmasının vacibliyini göstərir.
Deməli, Azərbaycanda 248,5 min nəfərlik göstərici ciddi siqnaldır, amma onu avtomatik olaraq ölkədə işsizliyin real miqyası kimi qəbul etmək də düzgün deyil. Əsas məsələ qeydiyyatda olan işsizlərin sayının niyə artması ilə yanaşı, əmək bazarında insanların hansı şərtlərlə işləməsi, yeni iş yerlərinin hansı sahələrdə yaranması və əməkhaqqının bu iş yerlərini nə dərəcədə cəlbedici etməsidir.
Bəs Azərbaycanda işsizlərin sayı niyə artır, iqtisadi artım və yeni iş yerlərinin yaradılması bu artımı niyə tam kompensasiya etmir? Rəsmi statistika ölkənin əmək bazarındakı real vəziyyəti nə dərəcədə əks etdirir?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib: “Bu məsələ ilə bağlı real vəziyyəti bilməyim üçün onu qiymətləndirməli, ölçməli, saymalı və qeydiyyatını aparmalıyam. Amma təəssüf ki, bunun üçün nə səlahiyyətim, nə resursum, nə imkanım, nə də belə bir işə arzu və marağım var. “İşsizlərin sayı niyə artır, azalmır” sualına gəldikdə isə işsizliyin azalması üçün ilk növbədə yeni iş yerləri açılmalıdır. Yeni iş yerlərinin yaradılması üçün əsasən qeyri-neft sektorunda iqtisadi fəallıq artmalı, yeni müəssisələr fəaliyyətə başlamalı, yaxud mövcud müəssisələr öz fəaliyyətlərini genişləndirərək əlavə iş yerləri yaratmalıdır.
İqtisadiyyatın qeyri-neft sektorundakı dinamika isə hələlik arzuolunan səviyyədə deyil. Ümumiyyətlə, iqtisadi artım göstəriciləri zəifdir. İqtisadi artımın daha yüksək olması üçün qeyri-neft ixracı artmalıdır. Qeyri-neft ixracının artması üçün isə dünya bazarları bizim məhsul və xidmətlərimizi daha çox almalıdır.
Beləliklə, qeyri-neft sektoru inkişaf edir, amma istənilən və arzulanan tempdə deyil. Ona görə də ölkədə işsizlərin sayında artım dinamikası müşahidə olunur. Azərbaycanın iqtisadi potensialı, əhalisinin sayı və daxili bazarın alıcılıq qabiliyyəti məlumdur. Şirkətlərimiz dünya bazarlarına daha fəal çıxmalıdır ki, yeni iş yerlərinin sayı artsın və onların satdığı məhsul və xidmətlər daha yüksək gəlir əldə etməyə imkan versin. Bu da öz növbəsində biznesə əmək bazarına daha layiqli və daha yaxşı ödənişli iş yerləri təklif etmək imkanı yaradar”.
Xalidə Gəray,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ