İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan sərhədində daha bir nüvə dövləti?

Amerikalı polkovnik İranın üç nüvə başlığının olduğuna inanır; Pezeşkianın son çıxışı da şübhələri artırır - rəy

İran parlamenti Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən (NPT) çıxmaq barədə təklifə baxacaq. Bu barədə İran parlamentinin vitse-spikeri Əli Nikzad bildirib. “Fars” agentliyinin məlumatına görə, Ə.Nikzad deyib: “NPT-dən çıxış barədə qanun layihəsinə fövqəladə təcili qaydada baxılır. Layihə parlamentə daxil olan kimi elə həmin gün müzakirəyə çıxarılacaq”.

Əli Nikzadın sözlərinə görə, parlament bu addımın beynəlxalq nəticələrini də araşdıracaq. O əlavə edib ki, iranlı qanunvericilər Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) və onun baş direktoru Rafael Qrossiyə etibar etmirlər. Nikzad BAEA rəhbərini İranın nüvə obyektlərinə yalnız səthi səfərlər etməkdə və mənfi hesabatlar dərc etməkdə ittiham edib.

ABŞ ordusunun istefada olan polkovniki, keçmiş dövlət katibi Kolin Pauellin qərargah rəhbəri olmuş Larri Uilkerson isə İranın artıq nüvə silahına sahib olduğunu və hətta arsenalında üç nüvə başlığının ola biləcəyini deyib. Polkovnikin sözlərinə görə, İranın artıq öz nüvə silahına sahib olması ehtimalı yüksəkdir.

Onun fikrincə, Tehran belə silahı hələlik nümayiş etdirmir və bunu İsrail qarşısında ən mühüm “strateji kozır” kimi saxlayır. İran rəhbərliyi ölkənin mövcudluğuna təhlükə yarandığını hesab edərsə, bu silahdan istifadə etməyə qərar verə bilər. Polkovnikin yanaşmasına görə, İranın belə bir imkan əldə etməsi üçün texniki baza uzun müddətdir mövcuddur.

Qeyd olunur ki, Uilkerson əvvəlki çıxışlarında da İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı silah üçün istifadə edilə biləcək materiala çevirmək imkanına yaxın olduğunu bildirib.

Burada diqqətçəkən məqam odur ki, İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıq son həftələrdə də artıb. Belə ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti İranın nüvə fəaliyyəti ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına göndərib. Qərarın əsas səbəbləri arasında Tehran tərəfindən agentliyin araşdırmasına kifayət qədər əməkdaşlıq edilməməsi və bəyan edilməmiş ərazilərdə uran izlərinin aşkarlanması göstərilib.

Əgər Uilkersonun ehtimalı doğrudursa, bu, Yaxın Şərqdə qüvvələr balansı və İranın qonşuları  baxımından son dərəcə ciddi dəyişiklik demək olardı. Çünki belə halda İranın əlində təkcə böyük ballistik raket arsenalı və uzaqmənzilli zərbə imkanları deyil, həm də nüvə çəkindirmə vasitəsi ola bilər.

Azərbaycan baxımından isə məsələnin xüsusi həssas tərəfi var: əgər İranın həqiqətən nüvə silahına sahib olması təsdiqlənərsə, Azərbaycan faktiki olaraq cənub sərhədində nüvə imkanına malik dövlətlə üz-üzə qalacaq. Bu, Bakı üçün yalnız hərbi deyil, həm də regional təhlükəsizlik və çəkindirmə baxımından yeni reallıq yarada bilər. Xüsusilə İranın İsraillə qarşıdurmasının dərinləşməsi fonunda nüvə silahının mövcudluğu Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına da təsir göstərə bilər.

“İranın uranı 60%-dək zənginləşdirməsi yalnız dinc məqsədlər daşıyır və Tehranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərinə tam uyğundur”.

Bunu sentyabrın 27-də İranın xarici işlər naziri Abbas Arakçı deyib. “Biz uranı 60%-dək dinc məqsədlərlə zənginləşdiririk və bu, Nüvə Silahlarının Yayılmaması üzrə öhdəliklərimizə uyğundur. Biz bu öhdəlikləri pozmuruq”, - o bildirib.

Bu bəyanatdan cəmi bir gün əvvəl ABŞ lideri Donald Tramp “Truth Social” hesabında yazıb ki, İran nüvə silahına sahib ola bilməz!

Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bir vaxtda səslənməsi diqqət çəkib.

Yeri gəlmişkən, İran ali rəhbəri Müctəba Xamenei nüvə məsələsi ilə bağlı yeni fətva verə bilər. Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Həsən Qəşqavi deyib. “Bununla belə, indiyədək bu məsələdə əvvəlki (keçmiş ali rəhbər Əli Xamenei tərəfindən verilmiş) fətvanın dəyişdirilməsi barədə heç nə eşitməmişəm. Rəhbərimizin öldürülməsi elə bir zəmin yaratdı ki, yeni rəhbər nüvə və bir sıra dini məsələlər də daxil bütün digər sahələrdə yeni fətvalar verə bilər”, - o vurğulayıb.

Yada salaq ki, İranın keçmiş ali rəhbəri Əli Xameneinin fətvası ilə ölkədə nüvə silahının hazırlanması haram buyrulmuş və qadağan olunmuşdu.

O baxımdan əsas sual belədir: Azərbaycanın qonşuluğunda Rusiyadan sonra daha bir nüvə dövləti formalaşırmı?


Sədrəddin Soltan: “Qazaxıstanın bir çıxış yolu qaldı” | KONKRET

 Sədrəddin Soltan

İranşünas, siyasi analitik Sədrəddin Soltanın “Yeni Müsavat”a dediyinə görə, keçmiş dövlət katibi vəzifədə olduğu dövrdə Tehranın üç nüvə başlığına sahib olduğunu bilirdisə, ABŞ elə o vaxt hərbi əməliyyatlara başlaya bilərdi. Onun fikrincə, burada bazara oynamaq məsələsi var: “Kolin bu çıxışı ilə gündəmə gəlmək istəyib. Bu mövzuda yeganə reallıq odur ki, İranın 400 kiloqramlıq zənginləşdirilmiş uranı var və istənilən vaxt bundan nüvə bombası hazırlaya bilər. Ona görə burada üç yox, hətta on atom bombası başlığı düzəldilməsi məsələsi var. Pezeşkian isə bəyan edib ki, ölkəsi uranın zənginləşdirilməsini dayandırmağa hazırdır. Ancaq qarşı tərəf - yəni ABŞ İrandan həmin zənginləşdirilmiş uranı istəyir. Hərçənd onun İran ərazisində olduğu, yoxsa köçürüldüyü məlum deyil”.

Sədrəddin Soltan hesab edir ki, artıq cari hadisələrin gündəliyində İranın nüvə silahına malik olması mövzusu da yoxdur: “Hazırda aktual olan Hörmüz boğazı, İran iqtisadiyyatı, neftin dünya bazarında qiyməti və Tehrandakı rejim məsələsidir. Pezeşkian da bəyan edir ki, vacib olan raketlər yox, ölkənin iqtisadiyyatıdır. Çünki iqtisadi çöküş dövlətin idarə edilməsində problem yaradacaq. O baxımdan, hətta İranın nüvə başlıqları varsa, hara atacaq, kimə qarşı istifadə edəcək? Tutaq ki, İsrailə zərbə endirdi və məhv etdi, sonra İran sağ qala biləcək? Əgər elədirsə, Rusiya çoxdan atom bombasından istifadə edərdi. Deməli, nüvə silahı dövlətlərin əlində çəkindirici alətdir. İran hakimiyyəti də 400 kiloqramlıq zənginləşdirilmiş uranı atom silahına çevirməsə belə, danışıqlar üçün çəkindirici alət kimi əlində saxlayır”.

Digər tərəfdən, siyasi ekspert sual edir ki, əgər İran zənginləşdirilmiş urandan dinc məqsədlər üçün istifadə edirsə, o halda, bu materiallar necə oldu ki, 80 faizə qədər əmələ gəldi: “Deməli, Qərbin İranın nüvə proqramından şübhələnməyə haqqı çatır. Pezeşkian da BMT tribunasında eyham vurur ki, 60 faiz zənginləşdirilmiş uranı dayandırmağa hazırıq. Belə çıxır ki, İran azı son 20 ildə beynəlxalq ictimaiyyəti aldatmaqdadır və ABŞ-nin şübhələnməyə əsası var”.

Ekspert aralıq seçkilərindən sonra və eləcə də istənilən an İrana qarşı hərbi əməliyyatların bərpasını istisna etmir. Sadəcə, onun fikrincə, ABŞ hədəflərinə çatıb: “İran ali rəhbərinin öldürülməsi, ona yaxın yüksək komandanlığın vurulması, nüvə obyektlərinin bombalanması və hərbi sənaye obyektlərinin mərkəzinə zərbələr endirilməsi. Yəni ABŞ nöqtəvari əməliyyatlar həyata keçirib. Yalnız Minabdakı məktəbin və bəzi mülki məntəqələrin vurulması amerikalı hərbçilərin cinayəti, eləcə də səhvidir. İran isə körfəz ölkələrində mülki hədəflərə, aeroportlara hücum edib. Ona görə də müharibə həmişə gündəlikdədir”.

Sonda qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın nüvə silahı yaratmaq ərəfəsində olması barədə iddiaları əsassız adlandırıb. O vurğulayıb ki, İran 1970-ci ildən NPT-nin iştirakçısıdır və nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bəyan edir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR