İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan sahibkarlarla bağlı təkliflər

Milli Məclisin iclasında çıxış edən deputat Əli Məsimli parlamentin qanunvericilik işləri planı haqqında danışıb.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, 2026-cı ilin payız sessiyasının qanunvericilik işləri planını, xüsusən də bu planda Dövlət Qulluğu Məcəlləsinin yer almasını müsbət dəyərləndirir:

“Dövlət Qulluğu Məcəlləsinin bu plana salınması qanunvericiliyimizdə məcəllələşmənin dairəsinin genişləndirilməsinə çox mühüm töhfə olacaq. Eyni zamanda, bu istiqamətdə imkanlar var ki, xeyli dərəcədə məcəllələşmənin dairəsini genişləndirək.

03EuPsPbyLfFim0Pw8uWLBDUu93AEGspdGJibqTJ_1200.jpg (98 KB)

Bizdə çox vacib bir məcəllə - Rəqabət Məcəlləsi qəbul edilib. Bu məcəllənin dolğun şəkildə fəaliyyətinə nail olmaqdan ötrü bir tərəfdən onun səmərəli fəaliyyət göstərməsinə imkan verən reallaşma mexanizminin tətbiq edilməsi, digər tərəfdən isə bir sıra qanunvericilik sənədlərinin qəbul olunması obyektiv zərurətə çevirilib. Bu kontekstdə Rəqabət Məcəlləsi ilə paralel olaraq sahibkarlığın səmərəli inkişaf etdirilməsi istiqamətində mükəmməl bir qanunvericilik bazasının olması çox zəruridir. Çünki bu sahədə qanunlar iqtisadi inkişafımızın müxtəlif mərhələlərində qəbul olunub və yaşadığımız yeni mərhələnin tələbləri baxımından onlar arasında daxili məntiqi əlaqə zəifdir. Ona görə də müxtəlif mərhələlərdə qəbul olunmuş həmin qanunvericilik sənədlərinin əsasında daha mükəmməl bir variantda Azərbaycan Respublikasının Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini vacib hesab edirik.

Rəqabət Məcəlləsi qəbul edilməsi ilə Sahibkarlıq məcəlləsini də qəbul edib, birgə fəaliyyətinin təmin edilməsi, bir sıra digər mühüm məcəllələrin də qəbul edilməsi vacib edir. Bunların içərisində yeni Vergi Məcəlləsinin, Büdcə Məcəlləsinin və Bank Məcəlləsinin qəbul edilməsinin sürətləndirilməsi məcəlləşdirmə sahəsində komplekstliyi xeyli artırmış olar”.

Əli Məsimli qeyd edib ki, yeni qanunların qəbulu ilə paralel geniş planda mövcud qanunların təkmilləşdirilməsi də həyata keçirilir:

“Bu baxımda plana Aqrar sahə haqqında qanun layihəsinin salınmasını çox müsbət qiymətləndiririk. Mövcud qanunlar təkmilləşdiriləndə praktikada rastlaşılan problemlərin əsaslı şəkildə çözülməsinin daha dəqiq şəkildə öz əksini tapması çox mühüm əhəmiyyət kəsb edir. Məsələn, Qaxda və ümumilikdə Şəki-Zaqatala bölgəsində fındıqçılıq sahəsində yaranmış hazırkı vəziyyət, xüsusilə qiymətlərin kəskin aşağı düşməsi və ziyanvericilərin törətdiyi fəsadlar həm fermerləri, həm də aqrar sektoru ciddi şəkildə narahat edir. Keçən həftə Qaxda fermerlərlə apardıımız müzakirələr həmin regionun təsərrüfat həyatında və fermerlərin gəlirlərində mühüm rol onayan fındıqçılığın gələcəyi ilə bağlı bir sıra aktual problemləri ortaya qoydu. Həmin problemləri fermerlər və aqrar sahə üzrə mütəxəssislərlə müzakirə etdikdən sonra problemin həlli üçün qanunvericilikə nəzərə alınması vacib olan bir neçə təklif irəli ortaya çıxdı:

1. Xüsusən qiymətlərin aşağı olduğu illərdə fermerlərin müflisləşmə ilə üzləşməməsi üçün dövlət tərəfindən istehsal xərclərini sığortalayan və minimum gəlirliliyi təmin edən taban (minimum) qiymət variantının qanunvericilikdə nəzərə alınmasını zəruri hesab edirik.

2. Fermerlərə maliyyə dəstəyinin məhsul yığımı zamanı yox, elə tumurcuqlama və becərilmə (dərmanlama, suvarma) dövründə verilməsi məhsuldarlığın və fermerlərin gəlirlərinin artmasına müsbət təsir göstərər.

3. Ziyanverici və təbii fəlakət risklərinə qarşı Aqrar Sığorta Fondunun bitkiçilik sığortası xidmətlərindən istifadə dairəsinin genişləndirilməsini vacib hesab edirik. Bu hal xeyli dərəcədə İstehlakçılrın hüquqlarının müdafiəsi haqqında qanuna da aiddir.

İstehlakçıların hüquqlarını yüksək səviyyədə müdafiə etməkdən ötrü digər şərtlərlə yanaşı, həm də müasir tələblərə cavab verən hüquqi baza lazımdır. Lakin 31 il bundan əvvəl - 1995-ci ildə qəbul edilmiş İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna ötən dövr ərzində müəyyən düzəlişlər edilsə də, o, müasir tələblər səviyyəsində tamamilə yenilənməyib. Müasir ticarət növləri, məsələn, elektron ticarət, onlayn alış-veriş bu qanunun qəbul edildiyi dövrdə mövcud deyildi. Bir sıra qanunlar kimi, bu qanunun da həm icra mexanizmi mükəmməl deyil, həm də qanunların icrasına nəzarət mexanizmi zəif işləyir. Bu, özünü bir sıra hallarda sahibkarlar tərəfindən vətəndaşların 14 gün ərzində malı dəyişdirmə və ya qaytarma hüququnun pozulmasında daha qabarıq göstərir. Marketlərdə, apteklərdə və yanacaqdoldurma məntəqələrində istehlakçı hüquqları daha tez-tez pozulur. İstehlakçını aldadan, vaxtı keçmiş və ya keyfiyyətsiz mal satan biznes subyektlərinə qarşı tətbiq edilən sanksiyalar və mexanizmlər yenidən işlənməli və daha daha kəsərli olmalıdır. Qida standartları və ekoloji kənd təsərrüfatı kimi məsələlər ciddi şəkildə tənzimlənməlidir”.

Deputat bildirib ki, istehlakçıların hüquqlarının qorunması məsələsinin dövlət səviyyəsində əsas prioritetə çevrilməsi üçün istehlakçıların hüquqlarının qorunmasına dair müasir tələblərə cavab verən yeni qanun qəbul edilməsi, qanunvericilik bazasının tamamilə müasirləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və onun səmərəli fəaliyyət göstərə bilən reallaşdırma mexanizminin formalaşdırlması bu sahədəki problemlərin həllinin sürətləndirilməsində mühüm rol oynaya bilər.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR