Onlayn ictimai-siyasi qəzet
Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlər görülür və müvafiq təmaslar həyata keçirilir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyədəki S-400-lərin Rusiyaya dost olan üçüncü ölkəyə verilməsinin mümkünlüyünü, lakin belə bir müraciətin olmadığını bildirib. O, Rusiyanın icazəsi olmadan məlum raket kompleksinin Türkiyənin üçüncü ölkəyə verməsinin mümkün olmadığını vurğulayıb.
S-400-lər niyə Türkiyə üçün müəyyən mənada problemə çevrilib. Belə ki, Türkiyə 2017-ci ildə Rusiyadan S-400 sistemləri alıb. Bu alış ABŞ-la ciddi fikir ayrılığına səbəb olub və Ankara F-35 proqramından çıxarılıb, həmçinin ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
Hazırda Ankara Vaşinqtonla həm sanksiyaların aradan qaldırılması, həm də F-35 məsələsinin həlli istiqamətində danışıqlar aparır. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu yaxınlarda S-400 məsələsinin həlli üçün “yaradıcı ideyalar” üzərində işlədiklərini bildirmişdi. Məhz buna görə S-400-lərin Türkiyədən çıxarılması variantı yenidən aktuallaşıb.
Bəs Türkiyə S-400-ləri hansı ölkəyə verə bilər? Azərbaycana verilməsi mümkündürmü?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Azərbaycan nəzəri olaraq mümkün namizədlərdən biri sayıla bilər, amma hazırda Azərbaycanın Türkiyədən S-400 almağa dair rəsmi müraciəti yoxdur: “Nəzəri baxımdan, Azərbaycan siyasi baxımdan Rusiyanın “dost ölkə” meyarına uyğun görünə bilər. Moskva özü Türkiyənin S-400-ləri yalnız Rusiyanın razılığı ilə Rusiyaya dost münasibətdə olan üçüncü ölkəyə verə biləcəyini açıqlayıb. Sergey Lavrov həmçinin mümkün alıcının sistemləri sonradan başqa ölkəyə ötürməyəcəyinə dair etibarlı təminat verməli olduğunu bildirib. Azərbaycan artıq müxtəlif mənşəli hava hücumundan müdafiə vasitələrinə malikdir və Türkiyə ilə müdafiə əməkdaşlığını daha çox inteqrasiya olunan sistemlər, pilotsuz vasitələr, elektron müharibə və digər sahələrdə inkişaf etdirir. Azərbaycan Türkiyə-NATO ordu sistemi modelinə keçir”.
Politoloq qeyd edib ki, S-400-lərin hansı ölkələrə verilə biləcəyi barədə dəqiq fikir söyləmək çətindir: “Çünki hazırda hər hansı ölkədən S-400-ü almaq üçün müraciət edilməyib. Bununla belə, son aylarda Körfəz ölkələri xüsusi olaraq gündəmə gəlib. Reuters agentliyi iyulda Türkiyənin S-400-ləri adının açıqlanmadığı bir Körfəz ölkəsinə satmaq variantını nəzərdən keçirdiyini yazmışdı. Birləşmiş Ərəb Əmirliyinin adı isə Türkiyə mediasında daha konkret şəkildə çəkilib. Bundan başqa, Cənubi Koreya variantı da bir ara mediada müzakirə olundu”.
Etibar Seyidağa,
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ