Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın beynəlxalq təşkilatlarda artan nüfuzu və regional proseslərdə güclənən mövqeyi ölkəmizin qarşıdakı illərdə üzərinə götürəcəyi sədrlik və ev sahibliyi missiyaları ilə bir daha təsdiqlənir. İki ildən sonra ölkəmiz müstəqillik tarixində ilk dəfə MDB-yə sədrlik edəcək. Eyni zamanda, Azərbaycan 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə görüşünün ev sahibi olacaq.
Göründüyü kimi, Bakı qarşıdakı illərdə həm postsovet məkanında, həm türk dünyasında, həm İslam aləmində, həm də Avropa siyasi platformasında mühüm diplomatik mərkəzlərdən birinə çevrilmək istiqamətində irəliləyir. Azərbaycanın eyni dövrdə bir neçə nüfuzlu beynəlxalq platformada sədrlik və ev sahibliyi missiyasını üzərinə götürməsi ölkəmizə hansı siyasi dividentləri qazandıracaq və bu imkanlar milli maraqlarımızın daha geniş miqyasda təmin olunmasına necə təsir göstərəcək?

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, Azərbaycan beynəlxalq təşkilatlarda sadəcə müşahidəçi qismində iştirak etmir, əksinə, beynəlxalq gündəliyin formalaşmasına fəal töhfə verir:
“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müstəqil xarici siyasət, Azərbaycanın sözünün imzası qədər etibarlı olması ölkəmizin beynəlxalq arenada nüfuzlu və etimadlı aktora çevrilməsinə zəmin yaradıb. Xarici siyasətimizin beynəlxalq hüquqa hörmət prinsipi üzərində qurulması, ikili standartlara əsaslanan yanaşmalardan uzaq olması da Azərbaycana beynəlxalq inamı artırır. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi formal xarakter daşımır. Ölkəmiz bu tədbirləri təşkil etməklə beynəlxalq təşkilatların fəaliyyətinə yeni dinamika və inkişaf impulsu verir, əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verir. Eyni zamanda, hətta bir-biri ilə ziddiyyətli münasibətlərdə olan dövlətlərin belə Azərbaycanda keçirilən beynəlxalq tədbirləri dəstəkləməsi ölkəmizin etibarlı tərəfdaş və dialoq məkanı kimi qəbul olunduğunu göstərir.
Bu baxımdan, Azərbaycanın müstəqillik tarixində ilk dəfə MDB-yə sədrlik etməsi, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə görüşlərinə ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadın və beynəlxalq nüfuzumuzun bariz ifadəsidir. Bu tədbirlər Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi, regional sülh və inkişafla bağlı təşəbbüslərinin, eləcə də milli maraqlarımıza əsaslanan mövqeyinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılması üçün mühüm imkanlar yaradacaq”.
Deputat onu da qeyd etdi ki, hər bir beynəlxalq tədbirə ev sahibliyi etmək ölkəmiz üçün yeni diplomatik imkanlar və əməkdaşlıq perspektivləri deməkdir:
“Azərbaycan bu imkanlardan məharətlə istifadə edərək beynəlxalq tərəfdaşlıqlarını genişləndirir, qlobal və regional proseslərdə rolunu gücləndirir, eyni zamanda milli maraqlarının təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir”.
Cavanşir Abbaslı
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ