İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qərarını verdi: Almaniya İlham Əliyevlə yeni strateji mərhələyə keçir

Dövlət başçısı İlham Əliyevin Almaniyaya planlaşdırılan rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və iqtisadi əməkdaşlığın beynəlxalq siyasətin əsas prioritetlərinə çevrildiyi bir dövrdə Bakı ilə Berlin arasında yüksək səviyyəli dialoqun daha da intensivləşməsi xüsusi diqqət çəkir.

Şübhəsiz ki, bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan-Almaniya münasibətlərinin möhkəm təməli Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Almaniyaya tarixi səfəri zamanı qoyulub. Həmin dövrdə siyasi, iqtisadi və humanitar əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirildi, Almaniyanın aparıcı siyasi və biznes dairələri ilə əlaqələr quruldu. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu strateji xətt uğurla davam etdirilərək keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Son illərdə Prezident İlham Əliyevin Almaniyaya səfərləri, Münxen Təhlükəsizlik Konfransındakı fəal iştirakı, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya rəsmi səfəri və iki ölkə liderləri arasında davamlı siyasi dialoq qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirir. Bu münasibətlər artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini aşaraq enerji təhlükəsizliyi, logistika, yaşıl enerji, rəqəmsal inkişaf və regional sabitliyi əhatə edən geniş strateji tərəfdaşlığa çevrilib.

Müasir geosiyasi reallıqlar Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik və qlobal təchizat zəncirlərində yaranan problemlər fonunda Avropa İttifaqı yeni etibarlı tərəfdaşlara ehtiyac duyur. Məhz bu şəraitdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən əsas geoiqtisadi və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri, Avropa Komissiyası ilə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumu, qaz ixracının davamlı artması və Orta Dəhlizin inkişafı ölkəmizin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün Azərbaycan qazı Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bu prosesdə Almaniya da xüsusi yer tutur. Avropa İttifaqının aparıcı iqtisadi gücü olan Almaniya Azərbaycanı enerji, logistika, sənaye və investisiya sahələrində etibarlı strateji tərəfdaş kimi qiymətləndirir. SOCAR ilə Almaniyanın enerji şirkətləri arasında qurulan əməkdaşlıq, alman biznesinin Azərbaycana, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinə artan marağı ikitərəfli münasibətlərin iqtisadi əsaslarını daha da möhkəmləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmiz təkcə regionun deyil, bütövlükdə Avrasiyanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və iqtisadi əməkdaşlıq layihələrinin əsas iştirakçılarından biri kimi çıxış edir. Avropa ilə qurulan münasibətlər qarşılıqlı maraq, etibarlı tərəfdaşlıq və uzunmüddətli strateji əməkdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan-Almaniya əlaqələrini gücləndirən amillər yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır. Tarixi alman irsi, humanitar əlaqələr, təhsil proqramları, elmi əməkdaşlıq və Almaniyada uğurla fəaliyyət göstərən Azərbaycan diasporu iki xalq arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Almaniyaya planlaşdırılan rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın Avropadakı strateji mövqeyinin daha da möhkəmlənməsinə, enerji, logistika, investisiya və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə xidmət edəcək. İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Avropa üçün etibarlı tərəfdaş, Cənubi Qafqazın aparıcı dövləti və qlobal geosiyasi proseslərdə söz sahibi olan mühüm aktor kimi mövqeyini daha da gücləndirməkdə davam edir.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR