Onlayn ictimai-siyasi qəzet
Macarıstan da daxil olmaqla, Avropa İttifaqına üzv 27 dövlət Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib. APA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb. Bildirilir ki, Brüsseldəki mənbələrinin verdiyi məlumata görə, qərar bu gün Aİ Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, Ermənistan fonda yardım üçün müraciət etsə də, Budapeşt onu bloklayıb. Daha sonra Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana vəsait ayrılmasına razılıq verib. Bu, Ermənistanın Avropa Sülh Fondundan ikinci dəfə dəstək alması deməkdir. Birinci dəfə Ermənistana 10 milyon ayrılıb. Bu dəfə məbləğ ikiqat artırılıb və prioritet Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək - logistika və tibbi avadanlıq, eləcə də zəruri texniki təlim təmin etməkdir. Vəsait növbəti 35 ay üçün nəzərdə tutulub.
Avropa İttifaqının Ermənistana 20 milyonluq sevgisi nədəndir? Ermənistan Aİ üçün bu qədərmi əhəmiyyətli ölkədir? Azərbaycana Aİ nə üçün eyni maliyyə yardımını etmir?
Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Aİ-nin Ermənistana 20 milyon avro ayırması sevgidən, ədalətdən yox, geosiyasi maraqlardan irəli gəlir: "Bu addım Aİ-nin Cənubi Qafqazda aktiv oyunçu olmaq cəhdi, eyni zamanda Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün verilən siyasi rüsumdur. Azərbaycan isə bu oyunda “yardım alan tərəf” deyil, hesablaşmaq məcburiyyətində qaldıqları real gücdür. Ermənistan uzun illər Rusiyanın hərbi-siyasi orbitində olub, son illər isə KTMT-dən məsafə saxlayır, Rusiyaya qarşı siyasi xətt yürüdür, Qərbə yönəlik siyasi ritorikanın hər keçən gün artırır. Belə bir vəziyyət Aİ üçün Ermənistanı ələ keçirmək imkanı yaradır. Brüssel Ermənistanı tam Rusiyanın təsirindən çıxarmasa belə, ondan bir “bufer” və təsir aləti kimi istifadə etmək istəyir. Bu yardımın əsas məqsədi Ermənistanı Qərbə daha sıx bağlamaq, Rusiyanın Cənubi Qafqazdakı manevr imkanlarını zəiflətmək, bölgədə Aİ-nin “təhlükəsizlik aktoru” kimi mövcudluğunu göstərməkdir. “Avropa Sülh Fondu”nun adı sülh olsa da, faktiki olaraq orduların texniki və institusional gücləndirilməsi, logistik, tibbi, komanda-idarəetmə imkanlarının artırılması üçün istifadə olunur. Ermənistanın ikinci dəfə və daha böyük məbləğ alması onu göstərir ki, Aİ Ermənistanı risk altında olan tərəf kimi təqdim edir, onu “zəif, müdafiəyə ehtiyacı olan ölkə” obrazında saxlayır”.
A.Məsiyevin sözlərinə görə, Aİ ona görə Azərbaycana eyni yardımı etmir ki, Aİ Azərbaycanı fərqli kateqoriyada görür: “Azərbaycan qalib və özünü təmin edən dövlətdir, müstəqil siyasət yürüdür, heç bir ölkəyə qarşı alət rolunda çıxış etmir, güclü orduya malikdir və “yardıma ehtiyacı olan” obrazına uyğun gəlmir. Azərbaycan Aİ ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq tələb edir, himayəçi münasibətini qəbul etmir. Aİ Azərbaycanı daha çox enerji təhlükəsizliyi tərəfdaşı kimi görür”.
Etibar Seyidağa,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ