İnsanlara hürriyət, millətlərə istiqlal!

Astrologiyada NADİR hadisə - İnsanların taleyini dəyişəcək GÜN

Bu gün astrologiyada ilin ən diqqətçəkən səma hadisələrindən biri hesab edilən Venera-Yupiter qovuşumu baş verir.

Musavat.com xəbər verir ki, astroloqlar bu hadisəni sevgi, maliyyə, şans və şəxsi inkişaf sahələrində müsbət enerjinin güclənməsi ilə əlaqələndirirlər.

Qovuşum iki planetin Yer kürəsindən baxdıqda səmada bir-birinə çox yaxın görünməsi zamanı baş verir. Bu dəfə Venera və Yupiter eyni nöqtədə birləşərək astrologiyada xüsusi əhəmiyyət daşıyan konfiqurasiya yaradır. Astrologiyada Venera sevgi, münasibətlər, gözəllik və maddi dəyərlərin, Yupiter isə bolluq, uğur, inkişaf və yeni imkanların simvolu hesab olunur. Məhz buna görə də bu iki planetin qovuşumu ən müsbət astroloji hadisələrdən biri kimi qiymətləndirilir.

İnanclara görə, bu dövrdə yeni münasibətlər qurmaq, mövcud əlaqələri möhkəmləndirmək, yaradıcılıq layihələrinə başlamaq və maliyyə ilə bağlı qərarlar vermək üçün əlverişli enerji formalaşır. Astroloqlar hesab edirlər ki, insanlar bu günlərdə daha optimist, ünsiyyətcil və gələcəyə ümidlə yanaşmağa meylli olurlar. Bununla yanaşı, bəzi astrologlar xəbərdarlıq edirlər ki, Yupiterin təsiri həddindən artıq nikbinlik də yarada bilər. Bu səbəbdən emosional və maliyyə qərarları qəbul edilərkən reallıq hissini itirməmək tövsiyə olunur.

Qeyd edək ki, astronomiya baxımından Venera-Yupiter qovuşumu planetlərin həqiqətən bir-birinə yaxınlaşması demək deyil. Bu, Yer kürəsindən müşahidə zamanı yaranan vizual effektdir. Astrologiyada isə belə hadisələr insanların həyatına və emosional vəziyyətinə təsir göstərən simvolik hadisələr kimi şərh olunur.

ANS-dən astrologiyaya: Azərbaycanlı jurnalistdən QALMAQALLI müsahibə

Bu nadir hadisə ilə bağlı Musavat.com-a danışan astroloq Tünzalə Rafiqqızı bildirib ki, iki uğurlu planetin qovuşumu iyunun 9-da dəqiq fazaya çatsa da, onun təsirləri artıq iyunun 7-dən hiss olunmağa başlayıb və 12-dək davam edəcək: “İnsanların həyatında xoş dəyişikliklər baş verə bilər. Pul qazanmaq imkanları yaranır, yeni müqavilələr imzalamaq, mühüm layihələrə başlamaq və hətta evlilik qərarı vermək üçün münasib dövr hesab olunur. Venera və Yupiterin qovuşumu sevgi, bolluq, şans, fürsətlər və inkişafı təmsil edən güclü enerjiləri bir araya gətirir. Münasibətlərdə yeni başlanğıclar, maliyyə məsələlərində yeni imkanlar, gözlənilməz xoş hadisələr, ümid və nikbinliyin artması bu dövrün əsas xüsusiyyətləridir”.

Astroloqların "ilin ən uğurlu günlərindən biri" adlandırdıqları Venera-Yupiter qovuşumu Bakı vaxtı ilə iyunun 9-da saat 16:35-də dəqiq fazaya çatır. Səma həvəskarları isə bu maraqlı hadisəni gün batandan sonra qərb üfüqündə müşahidə edə biləcəklər.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR