Onlayn ictimai-siyasi qəzet
Bakı Hərbi Məhkəməsinin erməni xuntaçı-quldurlara kəsdiyi layiqli cəzalar gözlənildiyi kimi, ən çox erməni radikal-revanşistləri rahatsız edib, qəzəbləndirib. Onlardan biri də, özünü hüquqşünas sayan Siranuş Saakyandır. Məhkəmənin ədalətli hökmlərini öz alımində şübhəyə məruz qoyan bu axçi həmin qərarlardan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayətlər verilməsini mümkün sayıb.
Bu şikayətlərin hansı perspektivi ola bilər? Hər şey qırağa, şikayət ərizələri nə dərəcədə qanuni sayıla bilər əgər Azərbaycan Avropa Məhkəməsinin səlahiyyətlərini artıq tanımırsa? Çünki AİHM-nin son tərkibinin seçilməsində Azərbaycan nümayəndə heyəti AŞ PA-da səsvermə hüququ dayandırıldığı üçün iştirak etməyib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Bakı Hərbi Məhkəməsi tərəfindən erməni separatçı cinayətkarlara çıxarılmış hökm onların sübuta yetirilmiş cinayətlərinin qarşılığında çıxarılmış qanuni cəzadır:
“Həm Ermənistanda, həm də xaricdə bu hökmlərlə bağlı erməni xislətinə xas çağırışlar, hay-küylər, müəyyən addımlar olacaq. Bu, gözləniləndir. Məncə, buna çox əhəmiyyət vermək lazım deyil. Çünki Azərbaycanın hüquq - mühafizə orqanları keçmiş separatçı rejimin üzvlərini saxladığı andan sonra onların saxlandığı yerlərdə onlara göstərilən qanunlara uyğun davranış nümayiş etdirib. Həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı onların prosessual hüquqlarının qorunması, vəkillərlə təmin edilməsi, ailələri ilə telefon danışığının təmin olunması, saxlandıqları şəraitin dünya standartlarına cavab verməsi hamısı ona köklənmişdi ki, biz gələcəkdə Siranuş Saakyan kimi yaramaz müdafiəçilərdən özümüzü və hüquq sistemimiz qoruya bilək".

Ç.Qənizadə söyləybi ki, Azərbaycan həm yerli qanunvericiliyin, həm də beynəlxalq hüququn tələblərinə əməl etməklə prosesi başa çatdırıb:
"Ona görə də Azərbaycana qarşı bu məsələdə hücumlar, hansısa məhkəmə iddiaları kimi addımlar təsir gücündə ola bilməz. Milyarder Ruben Vardanyanın pullarından yararlanmaq üçün qarşıdakı dövrdə çoxlu sayda fırıldaqçı erməni və qeyri-erməni “hüquq müdafiəçiləri”nin ortaya çıxıb iddialarla çıxış edəcəkləri də gözləniləndir. Ancaq heç birinin iddialarının onların istədiyi nəticəsi verməsi üçün hüquqi əsas yoxdur”.
Hüquq müdafiəçisi onu da deyib ki, indiki halda Avropa Məhkəməsindən söhbət gedə bilməz:
“Çünki Avropa Məhkəməsinə şikayət etmək qaydaları var. İndiki halda Vardanyan və digər erməni məhkumların tərəfdarları apelyasiya şikayətləri verə bilərlər, qanun bunu tələb edir. Çünki digər məhkəmə instansiyalarına müraciət etməzdən öncə apelyasiya şikayəti verilməlidir. Sonra isə kasasiya şikayəti etmək hüquqları yaranacaq. Ali Məhkəmədə buna baxıldıqdan sonra 4 ay ərzində Avropa Məhkəməsinə şikayət etmək hüquqları yarana bilər. Avropa Məhkəməsində isə belə işlərə baxılması uzun illər çəkir. İkincisi, AİHM-nin son tərkibinin seçilməsində Azərbaycan nümayəndə heyəti AŞ PA-da səsvermə hüququ dayandırıldığı üçün iştirak etməyib. Buna görə də Avropa Məhkəməsinin qərarları Azərbaycan üçün məcburi deyil”.
Etibar SEYİDAĞA,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ