Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidentini daşıyan “Marine One” helikopteri ötən həftə Vaşinqtondakı Ronald Reyqan adına Milli Hava Limanından qalxan sərnişin təyyarəsi ilə az qala toqquşub.
Musavat.com xəbər verir ki, insidentin səbəblərindən birinin telekommunikasiya avadanlığında yaranmış nasazlıq olduğu bildirilir.
Hadisədən sonra ABŞ-nin nəqliyyat naziri Şon Daffi problemin həlli üçün Federal Aviasiya Administrasiyası (FAA) və Ağ Evlə birgə işə başlayıb.
Daffinin sözlərinə görə, problem rabitə sistemləri ilə əlaqədardır və hazırda onun aradan qaldırılmasına prioritet diqqət ayrılıb.
İnsident xüsusi narahatlıq doğurub. Belə ki, 2025-ci ilin yanvarında Ronald Reyqan adına hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə hərbi helikopterin havada toqquşmasından sonra bu ərazidə helikopterlərin və kommersiya təyyarələrinin hərəkətinə ciddi məhdudiyyətlər tətbiq edilmişdi. Həmin faciədə 67 nəfər həlak olmuşdu.
Buna baxmayaraq, ötən həftə prezident helikopteri ilə sərnişin təyyarəsi arasında yenidən təhlükəli yaxınlaşma baş verib.
FAA isə son dövrlərdə qeydə alınan bir sıra nasazlıq və sistem problemlərindən sonra köhnəlmiş telekommunikasiya infrastrukturu və hava hərəkətinin idarə olunması üçün istifadə edilən radar sistemlərinin dəyişdirilməsinə artıq milyardlarla dollar xərcləyir.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ