Onlayn ictimai-siyasi qəzet
ABŞ kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin artıq bu payız NATO-nun qətiyyətini sınamağa yönəlmiş təhlükəli addım atacağını bildirir.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, kəşfiyyat strukturları Ukraynadakı müharibənin gedişində istədiyi nəticələri əldə edə bilməyən Kremlin müəyyən mərhələdə daha riskli addıma əl ata biləcəyini nəzərdən keçirirlər. Məqsəd döyüş meydanında və siyasi müstəvidə müəyyən uğur nümayiş etdirmək, eyni zamanda NATO-nun reaksiyasını yoxlamaq ola bilər.
WSJ bildirir ki, bunun üçün təhlükəli zaman pəncərəsi artıq 2026-cı ilin payızından açıla bilər.
Mümkün ssenarilər müxtəlifdir: genişmiqyaslı kiberhücumdan və digər hibrid əməliyyatlardan tutmuş NATO ərazisinə kiçikmiqyaslı quru müdaxiləsinədək variantlar nəzərdən keçirilir.
Ən ekstremal ssenarinin – NATO ölkəsinin ərazisinə məhdud quru əməliyyatının – baş vermə ehtimalı hazırda aşağı qiymətləndirilir. Lakin ABŞ kəşfiyyatının hesabatlarına əsasən, zaman keçdikcə belə bir risk artır.
Belə bir əməliyyatın ən təhlükəli tərəfi NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin faktiki olaraq sınağa çəkilməsi ola bilər. Həmin maddəyə əsasən, alyans üzvlərindən birinə silahlı hücum bütün NATO ölkələrinə hücum kimi qiymətləndirilir.
Bu səbəbdən hətta məhdud Rusiya əməliyyatı belə Moskva ilə NATO arasında birbaşa hərbi qarşıdurma təhlükəsini kəskin şəkildə artıra bilər.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ