Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, ABŞ və İran arasında aylarla davam edən gərginlik fonunda tərəflər atəşkəs müddətini uzatmaq barədə razılığa gəliblər. Bu, Yaxın Şərqdə yeni diplomatik mərhələnin başlanması ehtimalını gündəmə gətirib.
Atəşkəsin uzadılması ilk baxışdan hərbi qarşıdurmanın yenidən alovlanmasının qarşısını alan müvəqqəti addım təsiri bağışlasa da, prosesin arxasında daha böyük siyasi hesablamaların dayandığı istisna edilmir. Xüsusilə Vaşinqton və Tehran arasında birbaşa deyil, vasitəçilər üzərindən aparılan mesaj mübadiləsinin davam etməsi diplomatik kanalların tam bağlanmadığını göstərir.
Bəs bununla ABŞ və İran həqiqətən daha böyük siyasi anlaşmaya doğru gedirlər, yoxsa tərəflər sadəcə yeni qarşıdurmaya hazırlaşmaq üçün vaxt qazanırlar?
Mövzu ilə bağlı professor-politoloq Qabil Hüseynli Musavat.com-a danışıb:
“Tramp olan yerdə danışıqların perspektivinə və nəticəsinə dair proqnoz vermək çox çətindir. Əslində, müharibənin başa çatması Amerika üçün də əlverişlidir. Çünki Amerikanın özünün çökdüyünü deyə bilmərəm, amma bu müharibə ərəfəsində xeyli ziyanla çıxıb. İndi həmin ziyanın yerini doldurmaq üçün aylar lazım olacaq.
İranın özü də narahat bir ölkədir. Orada da ona vurulan ziyandan, həmin ziyanın kompensasiya edilməsindən danışırlar. İstənilən vaxt da “düşmənlərdən dini liderimizin qisasını alacağıq” və sair kimi fikirlər səsləndirilir. Yəni hər iki ölkə sanki sülhə razıdırmış kimi davranıb, amma “otların altındakı çomağın” da bir üzünü göstərirlər".
Politoloq qeyd edib ki, həm İranın siyasi sistemindəki qeyri-müəyyənlik, həm də ABŞ rəhbərliyinin dəyişkən mövqeyi iki ölkə arasında münasibətlərin gələcəyini proqnozlaşdırmağı çətinləşdirir: "İranın siyasi rəhbərliyində bir xaos var. Bu ölkə rəhbərliyinin siyasi xəttini, idarəetmə üsullarını müəyyən etmək çox çətindir. Amerikada isə idarəetmə aparatı o qədər də etibar olunası bir adamın əlində deyil. Dünən dediyini bu gün danır, sabah dediyini - birisi gün.
Beləliklə, İrandakı rəhbərliyin, konstitusion rəhbərliyin olmaması, yəni, hər şeyin SEPAH deyilən hərbiləşdirilmiş qruplaşmanın əlində olması, Amerikada isə hakimiyyət başında olan adamın o qədər də etibarlı olmaması səbəbindən bu ölkələr arasındakı münasibətlərə proqnoz vermək çox çətindir.
Əlavə etsək ki, Amerika Birləşmiş Ştatları, ümumiyyətlə, yəhudi lobbisinin və sionizmin təsiri altındadır və onun əhalisinin idarə olunmasında 80 faiz sionizmin payıdır, onlar istənilən vaxt bu sönməkdə olan ocağın közünü qurdalayıb yenidən közü tonqala çevirə bilərlər. Ona görə mən İran-Amerika münasibətlərində dürüstlüyün olacağını çətin görürəm. Yəni, necə ki İsrail bu müharibədə qarşısına qoyduğu hədəflərə nail olmayıb, döyüşlər davam edəcək".
"Vaşinqton və Tehran niyə birbaşa danışıqlar əvəzinə vasitəçilər üzərindən mesaj mübadiləsinə üstünlük verir? Birbaşa danışıqların qarşısını alan əsas maneə nədir" suallarına isə professor bu cür cavab verib: "Mən bunun səbəbini Donald Trampın özündən razı olmasında, danışıqlar prosesinin praktikasını bilməməsində və özünü hamıdan yüksək tutmasında görürəm. İranın da vahid, tanınmış rəhbəri yoxdur. Orada rəhbərlikdə bir xaos var. Kimin əlində olduğunu da söyləmək çətindir. ABŞ da “Mən SEPAH-la nə danışacağam” deyir. Yəni, bu kimi arqumentlər rol oynaya bilər.
Qaldı Pakistanın vasitəçiliyinin effektiv olub-olmamasına, Pakistan Amerika ilə yaxın münasibətləri olan ölkədir. Həmçinin, bu ölkənin müsəlman dünyasında da normal münasibətləri var. Mən deyərdim ki, ən etibarlı ölkələrdən biridir. Bu nöqteyi-nəzərdən Amerikanın ona etibar etməsi, İsrailin də buna susması və hər hansı bir etiraz bildirməməsi, zənnimcə, Pakistanın bu məsələdə indiyənədək qazandığı imiclə qırılmaz surətdə bağlıdır".
Xalidə Gəray,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ