İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi - o tarixdən başlamışdı...

2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a tarixi səfərinin üzərindən bir il keçsə də, həmin günlərdə başlanan proseslərin regional və qlobal təsirləri daha aydın görünməyə başlayıb. Bu səfər təkcə Bakı ilə Vaşinqton arasında yeni münasibətlər mərhələsinin əsasını qoymadı, eyni zamanda Azərbaycan-Ermənistan sülh gündəliyinin formalaşmasında dönüş nöqtəsinə çevrildi. Bayden administrasiyası dövründə gərginləşən ABŞ-Azərbaycan münasibətlərinin Donald Tramp administrasiyası ilə yeni məcraya keçməsi, Strateji Tərəfdaşlıq Xartiyası üzrə razılaşmalar, "907-ci düzəliş"in dondurulması istiqamətində atılan addımlar, TRİPP layihəsi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, eləcə də sonrakı yüksək səviyyəli təmaslar Vaşinqton-Bakı xəttində yeni siyasi reallıq yaratdı. Digər tərəfdən, uzun illər davam edən qarşıdurmadan sonra Azərbaycanla Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsinin paraflanması da təsadüfi hadisə deyildi.

Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında formalaşan sülh prosesi, 44 günlük Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra yaranmış yeni geosiyasi reallığın məntiqi nəticəsi oldu. Prezident İlham Əliyevin ardıcıl və milli maraqlara söykənən siyasəti Azərbaycanın yalnız müharibədə deyil, diplomatik masada da üstün mövqe qazanmasına imkan verdi.

ABŞ-Azərbaycan münasibətlərində baş verən transformasiya regionun gələcəyinə necə təsir göstərdi? Vaşinqtonda əldə olunan razılaşmalar hansı strateji nəticələri doğurdu? Ermənistanın sülh prosesinə gəlməsi hansı amillərin təsiri ilə mümkün oldu və bu prosesdə Azərbaycanın diplomatik üstünlüyü nədən ibarətdir?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a dedi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, məqsədyönlü və tamamilə milli maraqlara dayanan xarici siyasət kursu Cənubi Qafqazın geopolitik mənzərəsini köklü şəkildə dəyişdirərək həm ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində transformasiyaya, həm də Ermənistanla sülh prosesində tarixi nəticələrin əldə olunmasına gətirib çıxarıb: "Dövlət başçısının nümayiş etdirdiyi ardıcıl və prinsipial mövqe Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin etməklə yanaşı, ölkəmizi regionun şərtləri diktə edən əsas güc mərkəzinə çevirmişdir. ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası beynəlxalq münasibətlər sistemində ideoloji yanaşmalardan rasional realpolitik prinsiplərə keçidin bariz nümunəsidir. Co Bayden Administrasiyası dövründə Vaşinqtonun nümayiş etdirdiyi tendensioz və birtərəfli mövqe, o cümlədən kökləri hələ Baydenin senatorluq dövrünə təsadüf edən anti-Azərbaycan təşəbbüslər və 907-ci düzəlişlə bağlı qərəzli yanaşmalar ikitərəfli əlaqələrin ruhuna ciddi zərbə vurmuşdu. Regionda parçalanma və qarşıdurma xətləri yaradan bu siyasət Azərbaycanın aparıcı potensialını düzgün qiymətləndirə bilmədiyindən uzun dövr ərzində Cənubi Qafqazda ədalətli sülhün bərqərar olmasına böyük maneələr yaratmışdı. Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ xarici siyasətində baş verən köklü dəyişikliklər, xüsusən cənab Trampın Prezident İlham Əliyevin formalaşdırdığı reallığa praqmatik baxmağı bacarması isə münasibətlərdə yeni eranın əsasını qoydu. Tramp Administrasiyası dünyada sülh və barış xəttini, eləcə də zamanın tələblərinə uyğun rasional siyasəti üstün tutaraq Azərbaycanın regional rolunu yenidən qiymətləndirdi. Bu transformasiya Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması, 907-ci düzəlişin dondurulması, eləcə də Zəngəzur dəhlizinin reallaşmasını və TRİPP layihəsini əhatə edən geoiqtisadi əməkdaşlıqla öz hüquqi və praktiki təsbitini tapdı. Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik müstəvidə "Müharibədə və sülhdə qələbə" doktrinasını uğurla reallaşdırdığından bu transformasiya, eyni zamanda Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması prosesi ilə bir-birini tamamlayan vahid diplomatik xəttin tərkib hissəsi kimi çıxış etməyə başladı".

Deputatın sözlərinə görə, məlumdur ki, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq suverenliyin tam bərpa edilməsi və təcavüzkarın sülhə məcbur edilməsi mexanizminin uğurlu nümunəsidir: "Digər tərəfdən, Azərbaycanın təklif etdiyi baza prinsipləri beynəlxalq hüququn təməl normalarına dayanır və məhz Bakının hərbi-siyasi qələbələri ilə yanaşı, hüquqi cəhətdən haqlılığı Ermənistanı illər boyu yürütdüyü revanşist xəyallardan əl çəkməyə məcbur etmişdir. İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya arasında sülhün hüquqi təsbitindən 18 il sonra – 1963-cü il Yelisey razılaşmaları ilə baş tutması fonunda, Prezident İlham Əliyevin 2023-cü il əməliyyatlarından cəmi iki il sonra Ermənistanı sülh müqaviləsinin paraflanması səviyyəsinə gətirməsi unikal tarixi və diplomatik zəfərdir. Məhz Bakının ardıcıl və qətiyyətli tələbləri nəticəsində Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını ləğv etmək üçün hüquqi islahatlara başlamağa məcbur olmuşdur. ABŞ-nin vasitəçiliyi ilə sülh müqaviləsinin paraflanması regional təhlükəsizlik arxitekturasının Azərbaycanın milli maraqları çərçivəsində yenidən qurulduğunu və Cənubi Qafqazda davamlı sülh erasının başladığını yekun olaraq sübut edir".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR