Onlayn ictimai-siyasi qəzet
Rusiyada azı 555 Ukrayna vətəndaşının dövlət təhlükəsizliyinə qarşı cinayətlər üzrə təqib edildiyi müəyyənləşdirilib. Onların böyük əksəriyyəti artıq həbs cəzası alıb və ya istintaq altında saxlanılır.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu rəqəmlər “Pervıy otdel” hüquq müdafiəsi layihəsi və “Parubets Analytics”in birgə araşdırmasında açıqlanıb.
Araşdırma müəllifləri real sayın 555-dən də çox ola biləcəyini bildirirlər. Buna səbəb bəzi cinayət işlərinin ictimaiyyət üçün qapalı keçirilməsi və məhkəmə məlumatlarında təqsirləndirilən şəxslərin adlarının göstərilməməsidir.
Müəyyənləşdirilən 555 nəfərdən 325-i Rusiya vətəndaşlığı almış ukraynalılardır və onlar dövlətə xəyanətdə ittiham ediliblər. Daha 199 nəfərə casusluq, 18 nəfərə xarici dövlətlə məxfi əməkdaşlıq, 8 nəfərə isə düşmən tərəfə yardım göstərmək ittihamı irəli sürülüb.
Tədqiqatçılar 323 nəfərin işində konkret ittihamların mahiyyətini müəyyənləşdirə biliblər. Onlardan 176-sının – 54,5 faizinin işi Ukrayna tərəfinə məlumat toplamaq və ötürmək ittihamı ilə bağlıdır.
Araşdırmaya görə, 555 nəfərdən artıq 402-si – 72,4 faizi Rusiya məhkəmələri tərəfindən məhkum edilib. Yeddi nəfərə ömürlük həbs cəzası verilib. Digər 375 nəfər isə 5 ildən 27 il 9 ayadək həbs cəzası alıb.
Hökmlərin böyük hissəsi Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində çıxarılıb. Araşdırmaya əsasən, 241 hökm qondarma “DXR” və “LXR” ərazilərində, Xerson və Zaporojye vilayətlərinin Rusiya nəzarətində olan hissələrində, eləcə də ilhaq edilmiş Krımda fəaliyyət göstərən məhkəmələrin payına düşür.
Məlumatlarda daha bir diqqətçəkən rəqəm yer alır. Belə cinayət işlərinin ən azı beş fiqurantının istintaq və ya hökmün çıxarılmasından sonrakı dövrdə öldüyü bildirilir.
Bundan başqa, araşdırmaya daxil edilən ukraynalılardan 249-u hələ də itkin düşmüş şəxslərin reyestrindədir. Tədqiqat müəlliflərinin məlumatına görə, itkin düşmə hallarının böyük əksəriyyəti 2022-ci ilin fevralından sonra baş verib və ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb.
2026-cı il avqustun 8-nə olan məlumata görə, araşdırmada müəyyənləşdirilmiş 555 nəfərdən 534-ü hələ də azadlıqdan məhrumetmə yerlərində saxlanılır.
Tədqiqatçılar onlardan 360 nəfərin harada saxlanıldığını müəyyən edə biliblər: 236 nəfərin Rusiya ərazisindəki həbsxana və koloniyalarda, 124 nəfərin isə Ukraynanın Rusiya nəzarətində olan ərazilərindəki istintaq təcridxanaları və koloniyalarda olduğu bildirilir.
Araşdırma müəllifləri vurğulayırlar ki, bunlar yalnız şəxsiyyəti və işi müəyyənləşdirilə bilmiş şəxslərdir. Buna görə də dövlətə xəyanət, casusluq və digər dövlət təhlükəsizliyi maddələri ilə təqib olunan Ukrayna vətəndaşlarının faktiki sayının daha yüksək ola biləcəyi istisna edilmir.
Musavat.com
23 Sentyabr 2026
22 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ