Onlayn ictimai-siyasi qəzet
Kərimov Zahid Mürşüd oğlu – adı belə imiş...
Nizami rayonunda binaların qarşısından sürətli keçirəm. Birdən hıqqıltı və ya inilti səsi qulağıma dəyir. Çönüb səs gələn tərəfə baxıram və yaşlı kişinin yerə əyilib nəsə götürməyə çalışdığını görürəm. Ha əlləşsə də, sanki əli tutmur. Bir az da yaxınlaşıram və aydın olur ki, onun götürmək istədiyi yerdəki iki süpürgəsidir. Kömək edirəm. Qamətini düzəldib “Dizlərimdə duz var, ona görə əyilə bilmirəm” - deyir.
Əynində mənzil-kommunal təsərrüfatı işçilərinin geyimi var. Maraq güc gəlir. Üzü bir az tüklü, geyimi nimdaş olan bu yaşlı kimdir və soyuq havada burada neyləyir?!
Söhbət edirik, ilk olaraq adını və yaşını soruşuram: Kərimov Zahid Mürşüd oğlu, 69 yaşı var. Öz dili ilə desək, “JEK”də işləyir. 350 manat pensiya alır: “Bu pul nəyə çatır ki, dolanışığa çatmır”, deyib sanki işləməsi ilə bağlı bütün suallara cavab nöqtəsi qoyur.
Bəs harada yaşayır?
“Qaçqınlar binasında yaşayıram”.
Sən demə, Ramanada keçmiş məcburi köçkünlərə verilən evləri nəzərdə tutur. Dialoqumuz davam edir:
- Heç kimsən yoxdur?
- Yox. Bir arvadım var idi, o da xərçəngdən rəhmətə getdi.
- Bəs övladlar...
- Onlar da yoxdur. Rəhmətə gediblər. İki övladım, bir qızım, bir oğlum var idi.
Zahid kişi qısa cavablar verir və növbəti sualları gözləyir:
- Yenidən dolanışığa qayıdıram və belə cavab alıram:
“Pula ehtiyac var, o da yoxdur”.
Ancaq öz istəyi ilə işlədiyini deyir və bildirir ki, iş insanın cövhəridir. O, hər gün 3 binanın qarşısını təmizləyir və buna görə ay ərzində 60 manat pul alır:
“Saat 8-dən 6-ya kimi burada oluram və binaların qabağını süpürürəm. Burada obyektlər var, onların sahibləri hər ay 20 manat verir. Bu da ümumilikdə 60 manat pul edir. Mən pensiyaya çıxmışdım. Yenidən məni geri qaytardılar ki, burada işçi yoxdur, gəl, işlə. Amma rəsmi işçi deyiləm, rəsmi işçi olsaydım, bəlkə də çox pul alardım”.
Söhbət əsnasında məlum olur ki, Zahid kişi Ağdamdandır. O, məcburi köçkünlük dövründə Bakıya köçüb və 33 il “JEK”in işçisi kimi süpürgəçilik edib.
“Mən bu işdən utanmıram, elə yaşlı adamlar var ki, gedib oturub domino oynayır. Mən isə süpürgəçilik edib evimə pul aparıram. Köç olarsa, Ağdama geri qayıdaram”, -yaşlı süpürgəçi sözünü bitirir. Onunla sağollaşıb, yoluma davam etmək istəyirəm.
Arxadan yenə çağırır: “Ət yardımı olacaq?”
Hansı ət yardımı deyə soruşuram.
“Bəzən ət yardımı edirlər, gəlirlər, paylayırlar. Bilmirsiniz haradan almaq olar?” deyə israrla sual edir.
Çarəsiz şəkildə çiynimi çəkirəm və məlumatsız olduğumu bildirirəm. Gülümsəyir və əlini uzadıb sağollaşır...


Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ