Onlayn ictimai-siyasi qəzet
Ukraynanın şərq cəbhəsində ən strateji nöqtələrdən biri hesab olunan Pokrovsk şəhəri fevral ayında tamamilə Rusiya qüvvələrinin nəzarətinə keçib.
Musavat.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) və bir sıra hərbi analiz mərkəzləri şəhərin artıq Ukrayna ordusu tərəfindən tərk edildiyini təsdiqləyiblər.
Pokrovsk uğrunda hucum əməliyyatları hələ 2024-cü ilin fevralında, Avdeyevkanın süqutundan dərhal sonra başlamışdı. Təxminən 39 kilometrlik məsafəni Rusiya ordusu böyük itkilər bahasına, hər gün cəmi bir neçə on metr irəliləyərək 2 ilə qət edib. ISW-nin son hesabatına görə, yanvarın 28-dən bəri şəhər daxilində Ukrayna hərbçilərinin fəaliyyətinə dair heç bir sübut tapılmayıb və fevral ayı ərzində şəhər üzərində nəzarət tam təmin olunub.
Ukrayna mərkəzli "DeepState" analitik layihəsinin son xəritələrinə görə, Pokrovskun şimal kənarları hələ də "boz zona" kimi qeyd olunur. Lakin fevralın 21-nə olan məlumata görə, şəhərin şimal-qərb hissəsi artıq tam olaraq Rusiya ordusunun nəzarəti altındadır. Xatırladaq ki, 2025-ci ilin noyabrında Rusiya şəhərin yalnız 46%-nə nəzarət edirdi, lakin qış hücumu nəticəsində qalan hissəni də ələ keçirməyə nail olublar.
Pokrovskun süqutu Rusiya üçün Donbasın qalan hissəsini ələ keçirmək üçün bir qapı rolunu oynaya bilər. Lakin hərbi ekspertlər bildirirlər ki, Rusiya hələ də Pokrovskdan cəmi 2 km məsafədə olan Qrişino kəndini ələ keçirə bilməyib. Qarşıda isə Ukraynanın ən güclü istehkamları olan Kramatorsk və Slavyansk şəhərlərindən ibarət "Qala kəməri" dayanır.
Pokrovskun itirilməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində — Zaporojye və Dnepropetrovsk vilayətlərinin sərhədində uğurlu əks-hücumlar keçirərək təxminən 200-300 kvadrat kilometr ərazini azad edib. Görünən odur ki, cəbhə xətti bir tərəfdən daralarkən, digər tərəfdən Ukrayna üçün yeni imkanlar açılır.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ